Tarix: 03.09.2024 / 14:29
Zəngəzur dəhlizi İranla Rusiyanı niyə qarşı-qarşıya qoyub? -  İsveçrədə yaşayan azərbaycanlı jurnalist

Zəngəzur dəhlizi İranla Rusiyanı niyə qarşı-qarşıya qoyub?- İsveçrədə yaşayan azərbaycanlı jurnalist

“Zəngəzur dəhlizinə görə İranla Rusiya arasında münasibətlər getdikcə gərginləşir. Artıq açıq mətinlə ittihamlar gündəmə gəlir”.

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli qüvvələr nisbəti belə səciyyələndirir:

“Azərbaycan, Türkiyə və Rusiya istəyir ki, Zəngəzur dəhlizi açılsın. Və bu dəhlizə Rusiya nəzarət etsin. İran və Ermənistan da bizim Zəngəzur dəhlizi dediyimiz yolun açılmasını istəyir. (İran məcburən istəyir, Gürcüstan isə heç kökündən istəmir) Ancaq bu yol dəhliz statusunda olmasın. Yəni bu yoldan keçən hər şeyə Ermənistan nəzarət etməlidir...”

E.Həsənli qeyd edir ki, Qərbə qarşı çıxan İran bu məsələdə Qərblə eyni mövqedən çıxış edir:

“Aydındır ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etməsə, bu yol Ermənistan üzərindən Qərbin nəzarəti altında olacaq. İran buna razıdır. Bu məsələdə İran özünə müttəfiq bildiyi Rusiyanın yox, Qərbin mövqeyindən çıxış edir. Niyə belədir? Çünki İran Zəngəzur dəhlizi üzərindən türklərin mühasirəsinə düşəcəyini düşünür. Molla rejimi isə fars şovinizminə söykənib. Ona görə də türklərin güclənməsinə bütün vasitələrlə müqavimət göstərirlər...”

Azərbaycanlı jurnalistin fikrincə, bu məsələdə Amerikanın mövqeyi xüsusi önəm daşıyır:

“Amerikada istəyir ki, Zəngəzur adi yol statusunda olsun. Və bu yol intensiv şəkildə işləsin. Amerika istəyir ki, bu yolla, yəni Rusiya, İran və Çinin nəzarətində kənar bir yolla, Azərbaycan və Orta Asiya ölkələrinin xüsusən xam malı Avropa İttifaqına daşınsın... Şübhəsiz ki, bu yol üzərindən Çin ilə Avropa İttifaqı arasında mal mübadiləsi də həyata keçiriləcək. Amerika bu məsələdə maraqlı tərəf deyil. Ancaq bunun qarşısını ala da bilməz. Çünki hər iki tərəf - istər Avropa İttifaqı olsun, istərsə də Çin qarşılıqlı mal mübadiləsinə xüsusi önəm verirlər...”.


Şərhlər

Yaz...