Tarix: 05.04.2024 / 13:43
“Yeni mərhələdə güclü diaspora ehtiyacımız olacaq”  - Araşdırmaçı jurnalist

“Yeni mərhələdə güclü diaspora ehtiyacımız olacaq” - Araşdırmaçı jurnalist

“Zənnimcə, diaspor təşkilatlarımız, fəallarımız birləşə bilmir” fikri bir az ədalətli yanaşma deyil. Ötən əsrin 90-cı, 2000-ci illərdə bu barədə çox danışılır, yazılırdı. Deyilənlərin əksəri də doğru idi. Çünki xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif ölkələrdən köç etmişdilər deyə, arada ideoloji ayrılıqlar var idi”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında vətəndaş cəmiyyəti fəalı, araşdırmaçı jurnalist Elman Cəfərli deyib.

Onun sözlərinə görə, dünyada yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirən ortaq dəyərlər daha çoxdur:

“Eyni dinə, irqə mənsubuq, eyni dildə danışırıq, eyni adət-ənənəni paylaşırıq. Bayramlarımız, mədəniyyətimiz, musiqimiz, mətbəximiz eynidir. Amma biz 200 il ayrı sistemlərdə yaşamışıq. Biz Rusiya imperiyası, sonra Sovet dövlətinin tərkibində olmuşuq. Güneyli soydaşlarımız son 100 ildə fars şovinistlərinin əsarəti altında yaşayıblar. Bir sözlə, hardasa mental fərqlər yaranmışdı. Bu səbəbdən diaspora fəallarının birgə fəaliyyəti mümkün olmurdu. Baxın, Dünya Azərbaycanlıları Konqresi (DAK) yaranmışdı. Sonra neçə yerə bölündü. Digər təşkilatlar da DAK-ın aqibətini yaşadılar. Çünki insanlarımızda siyasi yetkinlik yox idi, bizi sevməyən qüvvələrin təsirinə tez düşürdülər. Bəziləri maddi maraqları milli mənafedən üstün tuturdular. Çox təəssüf ki, bu kimi mənfi tendensiyalar indi də davam edir”.

Araşdırmçı jurnalist vurğuladı ki, erməni diasporunun fəaliyyətinə nəzər yetirmək lazımdır:

“Onların ən varlıları, intellektualları bu işlə məşğul olur, erməni milli mənafeyi naminə böyük pullar xərcləyirlər. Bizimkilər bir dərnək yaradır, tez dövlət qurumuna üz tutur ki, bizə yardım edin. Dövlət təbii ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası və azərbaycançılıq ətrafında birləşməsinə çalışmalıdır. Bu, müvafiq dövlət qurumunun birbaşa borcudur. Dövlət bu istiqamətdə kifayət qədər maliyyə vəsaiti ayırır. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir. Son illər bu istiqamətdə müəyyən addımlar da atılır. Amma ümumən diaspora işi könül işidir. Xarici ölkələrdə yaşayan soydaşlarımız - istər güneyli, istər quzeyli bu işə könül verməlidir. Hər işdə dövlətdən yardım gözləmək düzgün deyil. Çünki Azərbaycan Respublikası tək 10 milyonun dövləti deyil. Dünyada yaşayan bütün azərbaycanlıların sığınacağı yerdir, məkandır”.

E.Cəfərli qeyd etdi ki, 2020-ci ilin iyul hadisələri zamanı xarici ölkələrdə yaşayan azərbaycanlıların fəallığını unutmaq lazım deyil:

“Həmin günlərdə ölkə vətəndaşları kimi, xaricdə yaşayan soydaşlarımız da bir yumruğa dönmüşdü. Hətta fəallarımız diplomatik nümayəndəliklərin qarşısında ermənilərlə əlbəyaxa olurdu. Hesab edirəm ki, dövlətimiz üçün yeni mərhələdə güclü diaspora ehtiyacımız olacaq. Qarabağı işğaldan azad etdik, münaqişə bitdi. Amma işğalda qalan digər torpaqlarımızla bağlı məsələ həll edilməmiş qalır. Azərbaycanın təhlükəsizliyini təhdid edən məsələlər var. Bu mərhələdə diasporun güclü dəstəyinə ehtiyacımız olacaq. Nəhayət, fikrimcə, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında aktiv iştirakını təşviq etməli, onlara hər cür dəstəyi göstərməliyik. Piketlər, nümayişlər lazımdır. Ana dili kursları, mədəniyyət mərkəzləri də vacibdir. Ancaq xaricdə yaşayan soydaşlarımız qərar verən qurumlarda təmsil olunsalar daha yaxşı olar”.

Zəfər
Diaspora.TV

Şərhlər

Yaz...