Tarix: 20.05.2024 / 14:23
Yaşadığımız ölkənin ictimai, siyasi həyatına nüfuz etməliyik -  Diaspor fəalı

Yaşadığımız ölkənin ictimai, siyasi həyatına nüfuz etməliyik - Diaspor fəalı

“Hazırda Berlin Azərbaycan Evi Cəmiyyətində fəaliyyət göstərirəm. Amma Berlində yaşamağa başladığım 1998-ci ildən indiyədək müxtəlif təşkilatlarda Azərbaycanın haqq işinə dəstək olmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Berlin Azərbaycan Evi Cəmiyyətinin üzvü, diaspor fəalı Rasim Əsgərov deyib:

“İlk böyük tədbirimiz Berlində 2000-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili gecə olub. Həmin tədbirdə 600-ə yaxın insan iştirak edib. 2007-2008-ci illərdə Berlində yaşayan azərbaycanlı dostlarımızla bərabər Alman- Azərbaycan Həmrəylik Cəmiyyətini yaratmağa nail olduq. Burada sədr İsmayıl Əmikişiyev idi, özüm isə sədrin köməkçisi vəzifəsini yerinə yetirirdim. Qısa zamanda Berlin şəhərində yaşayan azərbaycanlıları cəmiyyətimizdə toplaya bildik”.

Diaspor fəalı vurğulayıb ki, 44 günlük Vətən müharibəsinə qədər əsas işləri Qarabağın işğalını Avropaya və bütün dünyaya çatdırmaq olub:

“Bununla bağlı, hər il Berlinin əsas mərkəzlərindən olan Brandenburg qapısı adlanan meydanda kütləvi şəkildə toplanaraq etiraz səsimizi ucaltmışıq. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu”.

R.Əsgərov qeyd edib ki, həmişə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər:

“Diaspora sahəsində müəyyən işlər görsək də, biz buna qane olmamalıyıq, arxayınlaşmamalıyıq. Fəaliyyətimizi daha da artırmalı, gücümüzü çoxaltmalıyıq. Hesab edirəm ki, Azərbaycan həqiqətlərini dünyaya tam çatdıra bilməmişik, buna görə də çox çalışmalıyıq. Dünyanın hər bir nöqtəsində geniş əlaqələrimiz olmalıdır. Yaşadığımız ölkənin ictimai, siyasi həyatına geniş şəkildə nüfuz etməliyik və Azərbaycanın gerçək həqiqətlərini olduğu kimi çatdırmalıyıq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...