Tarix: 08.08.2024 / 09:22

Yaponlarla dil tapmaq asandır - Azərbaycanlı menecer

Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı Berlində yaşayan azərbaycanlı, Yapon şirkətində Avropa üzrə satış mütəxəssisi və texniki konsultant Fərhad Cəfərli olub.

F.Cəfərli verilişdə uğur hekayəsindən bəhs edib.

Onun sözlərinə görə, ixtisasca kimyaçıdır və bu sahədən satış sahəsinə keçib:

“Bakı Dövlət Universitetində Bakalavr təhsili almışam. Buna baxmayaraq, mənim Avropaya böyük marağım var idi. Təhsilimi və hərbi xidmətimi başa vurduqdan sonra üz tutdum Almaniyaya. Həm təhsil aldım, həm də işlədim. Artıq 6 ildir orada yaşayıram”.

Uğurlu soydaşımız Yapon şirkətində qazandığı təcrübələrdən də söz açıb:

“Yaponlarla yaxşı dil tapıram. Onlar məni başa düşür, mən də onları. Azərbaycana qarşı onlarda xüsusi bir maraq var. Əvvəllər ölkəmizi tanımırdılar, ancaq zamanla söhbət etdikcə davamlı nələrsə soruşurlar, maraqlanırlar”.

“Berlində fəaliyyət göstərən Azərbaycan icması ilə əlaqəm var. Düşünürəm ki, gördükləri işlər də kifayət qədər az deyil. Diasporlar II Qarabağ müharibəsi zamanı daha çox fəal oldular. Birliyin şahidi oldum, sıx tədbirlər keçirib, haqq səsimizi çatdırırdıq”, - deyə o bildirib.

F.Cəfərli müsahibənin sonunda gələcək planlarından da bəhs edib:

“Düşünürəm ki, aktiv olmaq, fəal olmaq lazımdır. Gələcək planlarımız çoxdur. Əsas da özümüzü inkişaf etdirməliyik. Ən əsası da diaspor sahəsində düşünürəm ki, bunu etmək lazımdır. Soydaşlarımız nə qədər güclü, bacarıqlı olsalar bir o qədər uğur qazanarlar. Hər kəsə nailiyyətlər arzu edirəm. İşləyək, qabağa gedək”.

Şərhlər

Yaz...