Dünyanı piyada gəzməyi qarşısına məqsəd qoyan və 1998-ci ildə səyahətə başlayan Buşbi Xəzər dənizini üzərək Qazaxıstandan Azərbaycana keçib.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, 41 gün əvvəl Aktau şəhərində suya baş vuran və bu müddətin 32 günündə 288 kilometr məsafə qət edən Buşbini bir dostu və iki azərbaycanlı peşəkar üzgüçü müşayiət edib.
Xəzər dənizindəki istirahət mərkəzlərindən birinin çimərliyinə yollanan Buşbini Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan idmançıları və vətəndaşlar qarşılayıblar. Sahildə Buşbi və dostunun pasportlarına müvafiq orqanlar tərəfindən Azərbaycana giriş möhürü vurulub.
Buşbi Xəzər dənizinin cənubu və şimalı bağlı olduğu üçün səfərini quru yolu ilə deyil, üzgüçülük yolu ilə etdiyini bildirib. Buşbi çox yaxşı üzməyi bilmədiyini söyləyib:
"Çətin idi, amma biz uyğunlaşdıq və məncə, sonda çox yaxşı bacardıq".
Buşbi bildirib ki, Azərbaycan rəsmiləri səfəri zamanı onlara dəstək olub və “indi evə gedəcəm, bir neçə həftədən sonra qayıdıb Azərbaycanı piyada gəzəcəm, oradan da Gürcüstana gedəcəm” deyib. “Goliath Expedition” adlandırdığı səyahətə başlamazdan əvvəl təyin etdiyi qaydalara uyğun olaraq heç bir nəqliyyat vasitəsindən istifadə etməmiş Buşbi səfəri zamanı 58 min kilometr piyada yol qət etməyi hədəfləyən Buşbi bu hədəfinin üçdə ikisindən çoxunu tamamlayıb.