Tarix: 05.11.2024 / 08:20
 Elm və Təhsil Nazirliyi buna qadağa qoyub   - Tural İrfan

Elm və Təhsil Nazirliyi buna qadağa qoyub - Tural İrfan

“Ölkəmizdə dini ayinlərin keçirilməsi, ibadətlərin icrası üçün ibadətgahlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən din xadimləri təyin olunur. Bu təyinat zamanı da ciddi attestasiya keçirilir. Əvvəllər bu sahədə Qafqaz Müsəlmanları İdarəsinin yol verdiyi bir çox boşluq və nöqsanlar tədricən aradan qaldırılır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında ilahiyyatçı-yazar Tural İrfan deyib. Onun sözlərinə görə, bu sahədə bir çox hallarda zəif nöqtələr qalmaqdadır:

“Məsələn, əvvələr əsasən xarici ölkələrdə dini təhsil almış şəxslərə üstünlük verilirdi ki, bu da ölkədə müəyyən qədər xoşagəlməz dini aura yaratmışdı, məzhəbçilik, radikalizm, xurafata meyl artırdı. Amma hazırda bu hallar demək olar ki, yox dərəcəsindədir. Azərbaycan İlahiyyat İnstitutu artıq məzunlar buraxır, kadr yetişdirir. Bu da çox vacibdir. Təyin olanan din xadimləri istər paytaxtda, istərsə də bölgələrimizdə normal fəaliyyət göstərirlər”.

İlahiyyatçı qeyd edib ki, xarici kəşfiyyatın təsiri altına düşən, yaxud xarici din modellərinə uyan şəxslər tədricən bu sahədən uzaqlaşdırılmalıdır:

“Xaricdə təhsil almasalar belə yenə də xaricdəki din adamlarına tabe olan, təqlid edən, onların fətvası ilə durub oturan din xadimləri də var. Böyük şəhərlərdə məscidlərdə təyinat almış din xadimləri fəaliyyət göstərirlər. İranda məlumdur ki, teokratik rejimdir və onların ixrac etdiyi kadrlar siyasi, dini kadrlardır ki, inqilab ixracı üçün nəzərdə tutulub. Onların aldığı təhsili dini təhsil saymaq olmaz. Onlar başqa müsəlman ölkələrində İslam inqilabını ixrac edib fars modelli dini quruluş yaratmaq üçün kadr hazırlayırlar. Təəssüf ki, bizdən də ora bir çoxları gedərək zəhərlənib. İndi onları müalicə etmək çox çətindir zənnimcə. Çünki İranın təqdim etdiyi radikalizm, xurafat və siyasi, özlərinin yaratdığı sistemdir ki, bunun da mötədil və orijinal İslam dini ilə əsla əlaqəsi yoxdur. Sadəcə İslam pərdəsi geydirilmiş siyasi ideologiyadır”.

İlahiyyatçı hesab edir ki, Türkiyənin özündə dini vəziyyət qənaətbəxş saymaq olmaz:

“Həddən artıq xurafat, təriqətlərin, məzhəblərin camaat adlanan xırda cərəyanların çulğalaşması şəffaf və nümunəvi dini mühit modelinə kögə salıb və aydın şəkildə müəyyən etmək mümkün deyil dini durumu. Dövlət tərəfindən din xadimləri orada da təyin olunur, nəzarət edilir. Fəqət bizim özümüzün ənəməmizə uyğun din modelimiz formalaşmalıdır. Xarici təsirə düşməmək üçün öncə təhsil ölkədə olmalıdır ki, bu var. İkincisi xaricə bağlılıq minimuma enməlidir. Bunun üçün də ölkədə təqlid olunası, fətvasına inanılan sağlam din alimləri olmalıdır. Ancaq bizdə buna imkan verməyən qaranlıq qüvvələr var. Məsələn, AMEA-da Bakı İslam Universitetinin məzunlarının elmi mövzu müdafiə etməsinə imkan verilmir. Elm və Təhsil Nazirliyi buna qadağa qoyub. Çünki bu məzunların içində kifayət qədər milli ruhda, dövlətçi məfkurədə olan ilahiyyatçılar var. Görünür xarici maraqlar nazirliyə təsir göstərir ki, ölkədə milli, ali din xadimləri, alimlər yetişməsin. Bax bu problem 10 ilə yaxındır həllini tapmır. Yüzlərlə məzun məhv edilir mənəvi cəhətdən. Digər problem odur ki, məzhəblərüstü təhsil və tədris olmalıdır dini təhsil ocaqlarında. Çünki bizim ölkəmiz tək məzhəbli deyil. Məzhəbçilik və bizim nümunə, bizim model ola bilməz. Bizdə dini təhsil heç bir məzhəbə əsaslanmamalıdır. Yalnız İslam, Quran mötədil, qərəzsiz və obyektiv şəkildə tədris olunmalıdır. Məzhəbçilik aradan qaldırılmasa təfriqə, ixtilaf, nəticədə də radikalizm baş qaldıra bilər. Ölkədə ali din xadimləri, din alimləri yetişməlidir ki, lazım gələndə böyük şəhərlərdə əlamətdar günlərdə keçirlən dini ayin və ibadətlərdə onların nüfuzundan istifadə olunsun. Həmin ali din xadimləri, ali dini rütbəli ilahiyyatçılar düzgün istiqamətə yönəltsin inanclı insanları”.

İlahiyyatçı təəssüf hissi ilə ölkədə ali din xadimi olmaq üçün şəraitin yaradılmadığını önə çəkib:

“Məscidə imam təyin olunur. Bəs imamdan üstün, yüksək post və dini rütbə yoxdurmu? Əlbəttə var. Bəs onda din xadimi o məqama necə sahib ola bilər? Bax ona imkan və şərait yoxdur. Ona görə də xaricdəki şeyxlərə, müftilərə, müctəhidlərə, mürşidlərə təqlid edir bizim inanclı əhali. Məsələn, Bakı İslam Universitetinin 3500 məzunu elmi dərəcə ala bilməz, ali dini rütbəyə sahib ola bilməz. Bu qadağalar xaricdəki mənbələrə tabe olmağa aparır. Bir və ay bir neçə şəxsin nöqsanına görə yüzlərlə məzunu kor etdilər, narazı saldılar. Bunu Təhsil Nazirliyi etdi. O məzunların içində ali din alimi olmağa potensialı olanlar var idi. Bir qismi Türkiyədə elmi dərəcəsini davam etməyə məcbur oldu. Bir qismi də küsdürülüb ümumiyyətlə dini cameədən çəkilməyə məcbur edildi. Bir qismi də başqa sahələrə üz tutdu. Yəni, bu kimi hallar din sahəsində xaricə bağlılığa daha da təkan verir ki, bu da ölkəmiz üçün yolverilməzdir”.

Tural İrfan bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət və yük düşür:

“Ölkədəki fərqli düşüncəli, fərqli əqidələrə, fərqli məzhəblərə, fərqli dinlərə etiqad edən dinşünasları, ilahiyyatçı və din xadimlərini mütəmadi olaraq bir yerə toplayıb, özbaşına buraxmasın, nəzarət etsin ki, heç kəsin relsdən çıxmasına zəmin yaranmasın. Tutaq ki, bir elmi, dini araşdırma mərkəzi yaradıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində, ilahiyyatçıları cəlb etmək olar. Türkiyədə çoxsaylı fondlar var ki, buna vəqflər də daxildir. Belə olduqda müstəqil ilahiyyatçılar da cəlb olunar, nəticədə potensiallarını dövlət üçün sərf etmiş olarlar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...