Tarix: 22.07.2024 / 19:20
Xaricdəki tələbələrin köçürülməsi ilə bağlı ciddi güzəştlər edilməlidir   - Ekspert

Xaricdəki tələbələrin köçürülməsi ilə bağlı ciddi güzəştlər edilməlidir - Ekspert

“Hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 40 mindən çoxdur. Onların 22 mini qardaş Türkiyədə təhsil alır. Əsasən xarici ölkələrdə təhsil almağa gedənlər Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb, amma ali təhsil almaq istəyən şəxslərdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Kamran Əsədov deyib. Ekspert hesab edir ki, ali təhsil müəssisələrindən həmin şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı ciddi güzəştlər edilməlidir:

“Çünki 40 min insan həm də ölkədənkənara maliyyə və beyin axını deməkdir. Təəssüflər olsun ki, tələbələrin köçürülmə qaydaları bu il kifayət qədər sərtləşdirilib. Hətta xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlı dövlət rüsumu da müəyyənləşib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında tələbə köçürmələri ilə bağlı sənədləşmənin ödənişsiz olması qeyd olunur, amma hazırda xarici ölkələrdən Azərbaycana köçürülmə etmək istəyən şəxslər 250 manat dövlət rüsumu ödəməlidirlər ki, sertifikatları alınsın”.

Kamran Əsədov hesab edir ki, bu onların təhsil almaq hüququnu məhdudlaşdırır:

“Azərbaycana həmin şəxslərin köçürülməsi ilə bağlı qaydalar çox sadə olmalıdır. Çünki bunlar potensial tələbədirlər. Xarici ölkələrdə təhsil alan şəxslərin Azərbaycana köçürülməsi ilə bağlı qaydalar sadələşdirilməlidir. Amma təbii ki, dövlət deyil, özəl universitetlərdə boş yer var. İxtisaslarına uyğun həmin şəxslərin Azərbaycana köçürülməsi ilə bağlı məsələlər həyata keçirilməlidir”.

Kamran Əsədov əlavə edib ki, həmin tələbələrin xarici ölkələrdə qalması Azərbaycanda gender bərabərliyinə gətirib çıxardır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...