Tarix: 14.05.2024 / 09:00
 Xaricdəki savadlı və intellektual gənclərimizdən maksimum faydalanmalıyıq  - DABF təmsilçisi

Xaricdəki savadlı və intellektual gənclərimizdən maksimum faydalanmalıyıq - DABF təmsilçisi

“İnformasiya nəinki dövlətin və cəmiyyətin həyatının bütün sahələrinə böyük təsir göstərən ən mühüm strateji idarəetmə resursu, hətta dövlətlərin və iddialı şəxslərin qlobal məkanda yerlərini müəyyənləşdirən əvəzolunmaz vasitədir. Müasir dünyada əsl müharibə məhz informasiya vasitəsilə aparılır. İnfomasiya savaşı ən güclü psixotexnologiyalara əsaslanan çox qəddar, ağrılı, təsiri uzun müddət hiss olunan bir müharibədir”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) Birləşmiş Ərəb Əmirliklərindəki təmsilçisi Emil Məhərrəmov DABF-ın Romada keçirilən 4-cü Forumunda "Azərbaycan diasporu qlobal informasiya savaşının ön cəbhəsində: real vəziyyət, vəzifələr və planlar" mövzusunda məruzəsində deyib.

E.Məhərrəmov bildirib ki, bu gün xalqımız və ayrıca ölkə rəhbərliyinə qarşı çoxistiqamətli savaş aparılır:

“Bir tərəfdən Ermənistan, erməni diasporu, onlara dəstək verən beynəlxalq güclər və transmilli korporasiyalar Azərbaycana qarşı eyni cəbhədə yer alaraq müxtəlif istiqamətlərdən hücum edirlər, digər tərəfdən həmin qüvvələr və çevrələr mədəni-tarixi dəyərlərimizin saxtalaşdırılması və mənimsənilməsinə cəhd edir, beynəlxalq media platformalarında və hüquq institutlarında, siyasi və ictimai mərkəzlərdə böhtan və qarayaxma kampaniyaları aparırlar”.

E.Məhərrəmov qeyd edib ki, Qarabağ müharibəsində qazandığımız böyük zəfərdən sonra diaspora sahəsində fəaliyyətimizin yeni mərhələyə uyğun həyata keçirilməsi hər birimizin prioritet hədəfi olmalıdır:

“Bu istiqamətdə Azərbaycan həqiqətlərinin ölkə sərhədlərindən kənarda müasir kommunikasiya üsullarına uyğun şəkildə yayılmasını təşkil etməli, bu hədəflərə çatmaq üçün ənənəvi üsullardan daha çox həm də yeni strategiyalar qurmalıyıq. Xüsusən də informasiya savaşında ölkəmizin mövqeyini gücləndirməli və xaricdə yaşayan hər bir soydaşımızı, xüsusən də gənclərimizi bu kimi proseslərdə fəal olmağa dəvət etməliyik”.

E.Məhərrəmov bu təbliğatın qurulması istiqamətində bəzi təkliflərini də diqqətə çatdırıb:

“Təbliğatın ideoloji hədəfləri Azərbaycan dövlətinin müəyyən etdiyi xətdən kənara çıxmamalı, yaşadığımız və fəaliyyət göstərdiyimiz ölkələrdə geniş kütlənin qəbul etdiyi yerli ictimai fəallarla yaxın ünsiyyətdə olmalı, güclü siyasi mərkəzlərlə əməkdaşlıqda xaricdəki savadlı və intellektual gənclərimizin bilik və bacarığından maksimum faydalanmalı, lobbi quruculuğu işlərini sürətləndirməli, bu işin strategiyası və taktikasını müəyyən etmək məqsədilə elmi metodlara əsaslanan təlimlər və görüşlər təşkil etməli, xarici ölkələrin domeni altında hər ölkənin öz dilində internet resursları – saytlar, televiziyalar yaratmalıyıq”.

E.Məhərrəmov qeyd edib ki, bu resurslar yalnız xəbər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir.

“Xarici ölkələrin mediasında çalışan azərbaycanlı jurnalistlərlə əlaqələri gücləndirmək günün vacib tələbidir. Hər bir diaspor rəhbəri və fəalı ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlərlə davamlı görüşlər keçirməli, müzakirələr aparmalı, onların fəaliyyətinə maddi-mənəvi dəstək göstərməlidir. Xarici ölkələrdə nüfuzlu media resurslarının rəhbərləri və müxbirləri, bloggerlərlə şəxsi münasibətlər yaradılmalıdır. Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaratmaq, "Twitter" və "Telegram" sosial şəbəkələrində fəal olmalıyıq. Xüsusən, "Twitter"də informasiya müharibəsinin ən gərgin anı - həştəq mübarizəsi yaşanır. Burada yazılan hər bir "twit"lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Azərbaycanın diaspor gəncləri kütləvi şəkildə "Twitter"də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırmalıdırlar. Və nəhayət informasiya savaşında üstünlüyü təmin etmək üçün Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun nəzdində Beynəlxaq Media Təhlil Mərkəzi yaratmağı təklif edirəm. Düşünürəm ki, Mərkəz Forumda PR-la bağlı irəli sürülən təkliflərin reallaşmasına nəzarət edə bilər və gələcəkdə dünyanın müxtəlif ölkələrindən jurnalistləri prosesə cəlb edərək bəzi məsələlərdə beynəlxalq fikri Azərbaycanın xeyrinə dəyişə bilər”, - deyə E.Məhərrəmov bildirib.

Şərhlər

Yaz...