Tarix: 04.09.2024 / 15:21
Xaricdəki iş adamlarımız sərmayə qoymaq arzusundadırlar    - Politoloq

Xaricdəki iş adamlarımız sərmayə qoymaq arzusundadırlar - Politoloq

“1990-cı ilin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzü nəticəsində öz dədə-baba torpaqlarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın bir qismi istər ölkə daxilində, istərsə də ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldurlar. Qərbi Azərbaycandan, Qarabağ və Şərqi Zəngəzurdan bu illər ərzində uğurlu biznes fəaliyyəti ilə məşğul olan bir çox soydaşlarımız var ki, bu gün ölkəmizin quruculuğuna və inkişafına sərmayə qoyacaq qədər imkana malikdirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib. O bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərini yalnız dövlət həyata keçirməkdədir:

“Belə düşünürəm ki, Azərbaycanda və xaricdə kifayət qədər iş adamı olan azərbaycanlılar var ki, bu sahəyə sərmayə qoymaq arzusundadırlar. Bunların içərisində uzun illər ailələri, qohum-əqrabaları qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız da az deyil. Bu yaxınlarda doğulub böyüdüyüm Laçın rayonunda və öz doğma kəndimdə oldum. Səmimi etiraf etmək lazımdır ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, dağıdılıb viran olmuş şəhər və kəndlərin yenidən bərpası onilliklərlə həyata keçirilən bir prosesdir və bu yük təkcə dövlətin üzərinə qoyulmamalıdır”.

Politoloq əlavə edib ki, daşı-daş üstündə qalmayan, erməni vandalizmi nəticəsində xarabalığa çevrilən şəhər və kəndlərimizə keçmiş məcburi köçkün əhalinin həvəslə, sevinclə qayıtmaları, öz dədə-baba yurdlarının bərpasında iştirak etmək istəyi dəyərləndirilməli və onların bu işə cəlb olunmaları təmin edilməlidir:

“Bunun üçün ilk növbədə dövlət istər yerli, istərsə də xarici sərmayənin Qarabağa və Şərqi Zəngəzura cəlb olunması üçün əlverişli şərait və güzəştlər tətbiq etməlidir. İş adamları arasında ciddi təbliğat işləri aparılmalı və öz dədə-baba yurdlarının dirçəldilməsi işinin bir vətənpərvərlik missiyası olması izah olunmalıdır. Hətta dövlət tərəfindən bir çox işğaldan azad olunmuş kəndlərə yol, qaz, işıq, su və s. xəttləri çəkilərsə kənd əhalisi özləri öz imkanları hesabına öz ata-baba yurdlarında yaşamalarını təmin edə bilərlər. Bir neçə ildir ki, xüsusən Laçın və Kəlbəcər əhalisi öz təsərrüfatlarını bu ərazilərə köçürürlər və hətta qış aylarında belə mövcud şərait imkan versə öz ata-baba yurdlarında qalmağı üstün tutarlar. Hətta bizim kəndimizin əhalisi demək olar ki, bu yaz-yay aylarında orada olub, dağılmış yolları heç bir texnikasız əlləri ilə bərpa etməyə çalışırlar”.

Politoloq arzu edib ki, minalanmış ərazilər istisna olmaqla digər kənd və qəsəbələrə əhalinin geri qayıtmasında onların gücündən və imkanlarından istifadə edilsin.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...