Tarix: 04.06.2024 / 08:45
Gəncləri diaspor hərəkatına   niyə cəlb edə bilmirik?

Gəncləri diaspor hərəkatına niyə cəlb edə bilmirik?

İnnovativ cəmiyyətdə intellektual və peşəkar əcnəbilərin işə qəbulu təcrübəsi Qərb cəmiyyətlərində getdikcə daha çox yayılmağa başlayır. Əvvəldən də "Qoca Avropa"nın "qan yeniləmə" ənənəsi olsa da, bu tendensiyanın daha geniş miqyasda tətbiq olunmasına və sərhədlərini genişləndirilməsinə başlanılıb. İndi təkcə Avropa yox, Amerika, Kanada, Avstraliya uğurla sınaqdan çıxmış bu yenilənməni çox böyük həvəslə tətbiq edir.

Belə fərdləri cəmiyyətlərinə qəbul edərkən adı sadalanan ölkələrin miqrasiya qurumları əsasən gənc əcnəbi tələbələrə üstünlük verirlər. Əcnəbi tələbələr yaşadıqları cəmiyyətin qanunlarını, adət-ənənə və sosial vərdişlərini mənimsədiklərindən onlar həmin ölkənin miqrasiya qurumları tərəfindən həvəslə qəbul olunurlar. Çünki həmin ölkələr seçdikləri əcnəbi tələbələrin simasında savadlı, bacarıqlı və tərbiyəli fərdlər - vətəndaşlar qazanmış olurlar.

Yuxarıda qeyd etdiyimiz miqrant qəbulunda maraqlı ölkələrdə immiqrantları işə götürmək dövlətlərin daha geniş və daha perspektivli - miqrasiya və ümumiyyətlə, iqtisadi strategiyasının bir hissəsinə çevrilməkdədir. Bu siyasət həmin ölkələrdə birbaşa iqtisadi fayda əldə etməklə yanaşı, eyni zamanda demoqrafik çağırışlara (bu vacib məqamdır), o cümlədən qocalmış elmi ictimaiyyətin çağırışlarına cavab verməyə kömək edir.

Belə gənclər yaşayıb işlədikləri cəmiyyətlərdə həm də mənsub olduqları xalqların, vətəndaşı olduqları vətənin - ölkələrin təmsilçiləridir. Ona görə də bir sıra dövlətlərin diaspor fəaliyyətinə məsul qurumları xaricdə təhsil alan tələbələrlə işləmək üçün çoxdan xüsusi prqoramlar hazırlayaraq tətbiq edirlər.

Bu istiqamətdə İsrail dövlətinin diqqətə alınacaq çoxillik təcrübəsi var.

Ermənistan da son illər bu sahədə xeyli məsafə qət edib.

Ərəb ölkələri də xaricə göndərilən tələbələrlə ilk gündən sıx əlaqələr saxlayaraq onlara hərtərəfli yardım göstərilməsi ilə yanaşı, eyni zamanda həmin kateqoriyadan olan şəxslərin vətənin maraqları naminə ictimai fəaliyyətə maraqlandırılması, xüsusi təşviq proqramları üzərində işləyirlər.

Rusiyada isə bu sahə artıq elmi tədqiqata cəlb edilərək xaricdəki gəncliklə işin konseptual əsaslarla aparılmasının metodları öyrənilir.

Azərbaycanda isə bu ənənənin əsasını Ümummilli lider Heydər Əliyev hələ Sovetlər zamanında qoyub.

Ümummilli lider Heydər Əliyev 27 fevral 1998-ci ildə Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə bildirirdi: “Mən Azərbaycana neçə illər rəhbərlik etmişəm. Mənim çox arzum olub ki, Azərbaycan gəncləri dünya ölkələrinə səpələnsinlər, orada təhsil alsınlar. O vaxt dünya ölkələrinə getmək mümkün deyildi, mən bunu SSRİ miqyasında edirdim. Amma indi dünya ölkələri bizim üçün açıqdır. İndi Amerikada da, Avstraliyada da, Meksikada da, Yaponiyada da gedib oxumaq olar”.

Əlbəttə, Ulu öndər tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivlərini nəzərə alaraq müstəqil Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsilinin təmin edilməsi üçün xaricdə təhsil proqramlarının əsasını qoyub. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi mühüm dövlət sənədlərinin uğurlu icrası ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının artmasına, ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə, həmçinin ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsinə təkan verib.

Burada narahatedici məqam bizim kimi ölkələr üçün intellektual və bacarıqlı gənclərin itirilməsidir. Lakin bu təbii və qarşısıalınmaz prosesdir. Nə qədər güzəştlər tətbiq edilsə, imtiyazlar tanınsa da gəncliyin psixologiyası elədir ki, o, xarici məmləkəti daha cəlbedici görür. Böyük iqtisadi nəticələrə imza atmış ərəb ölkələrinin nümunəsi bu iddiamızı təsdiq edir.

Xaricdə yaşamağı üstün tutan gəncliyin Vətənin maraqları naminə fəaliyyətə cəlb edilməsi isə onlara xüsusi yanaşma tələb edir. Bunun üçün - həmin gənclərlə işin aparılmasına hələ onlar Vətəndə olanda aparılmalıdır. Xaricə təhsil dalınca gedən gənc dövlət tərəfindən xüsusi qayğı və diqqətlə əhatə olunduğunu bariz şəkildə hiss etməlidir. Qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyev xaricdə təhsillə bağlı ciddi siyasi iradə ortaya qoyub, həmin qayğı və diqqətin göstərilməsində də müvafiq qurumlar tərəfindən problem olmamalıdır. Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə təhsil alan soydaşlarımızın sosial problemlərinin həlli, onların ölkənin maraqları naminə fəaliyyətə həvəsləndirilməsi, həmin şəxslərin potensialından düzgün faydalanmaq üçün güclərini birləşdirməlidirlər.

Təəssüf hissi ilə qeyd edək ki, cəmiyyətin potensiallı və daha perspektivli təbəqəsi olan gənclərlə bu istiqamətdə aparılan iş qənaətbəxş deyil.

Xaricdəki gənclərimiz hətta milli, yaxud dövlət bayramlarımızı belə, kiçik bir çevrədə qeyd etmək üçün ən elementar dəstəkdən məhrumdurlar. Məsələn, Almaniyanın Münhen şəhərində yaşayan tələbələrimiz şikayət edirdilər ki, tədbir keçirmək üçün yer tapa bilmədiklərindən türkiyəli miqrantlara məxsus məkanı 150 euroya icarəyə götürməli olublar və ödənişi də məhdud büdcələrindən şəxsi vəsaitləri hesabına ediblər. Azərbaycan diaspor təşkilatı və digər qurumları isə barmaqlarını tərpətməyiblər. Əlbəttə ki, belə misallar onlarladır.

Göründüyü kimi, şəxsi problemlərin həlli bir yana dursun, kiçik bayram tədbirinin keçirilməsi üçün dəstək ala bilməyən gəncliyin sistemli, təşkilatlanmış fəaliyyətə cəlbindən danışmağa belə, dəyməz. Yaxşı olardı ki, müvafiq qurumlarımız bu məsələyə bir daha diqqət yetirərək, qüsurları aradan qaldırsın, sistemli, mütəşəkkil iş ortaya qoysunlar. Yeri gəlmişkən, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu da bir neçə ay əvvəl bu istiqamətdə hökumətimizə təkliflər təqdim etmişdi...

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...