Tarix: 08.07.2024 / 17:35
Xaricdəki azərbaycanlıların vətənə giriş-çıxışı   sadələşdirilə bilərmi?

Xaricdəki azərbaycanlıların vətənə giriş-çıxışı sadələşdirilə bilərmi?

“Bu çox həssas məsələdir. Xaricdə yaşayan soydaşlarımızın, yaxud da daxildə yaşayan azərbaycanlıların istəyi ilə həllini tapmır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Tofiq Abbasov xaricdə yaşayan azərbaycanlıların ölkəyə giriş-çıxış prosedurlarının sadələşdirilməsi məsələsindən danışarkən deyib.

Politoloq bu proseslərin beynəlxalq hüquqla tənzimləndiyinə diqqət çəkib:

“Digər tərəfdən hər bir ölkənin özünün miqrasiya xidməti var, giriş-çıxışlar bir neçə xidmətin nəzarətindədir. Prosedurlar da ölkə qanunvericiliyində hüququ baza əsasında həllini tapır. Bu elə-belə məsələ deyil ki, kim necə istəyir gəlsin-getsin, kimə rüsum aşağı və yaxud da yuxarı olsun. Bunlar həm də ətraf ölkələrin müvafiq qanunları ilə əlaqələndirilir. Biz özümüzdən nə isə icad edə bilmərik. O ki, qaldı ölkənin özünün daxildə olan, eləcə də xarici və daxili vətəndaşlara aid olan tələblərə, əksər hallarda bunlar subyektiv xarakter daşıyır. Çünki insanlara elə gəlir ki, əgər sərhəddən onları buraxmırlarsa, deməli, onun hüquqları pozulur”.

T.Abbasov bildirib ki, əgər kimisə sərhəddən buraxmırlarsa, deməli, onun sənədlərində qanun pozuntuları var:

“Əgər hər şey qaydasındadırsa, onları ölkəsinə niyə buraxmasınlar ki? O ki, qaldı xarici vətəndaşlara, burada tələblər başqadır. Ölkə bu istiqamətlərin hər birində öz təhlükəsizlik qaydalarını qoruyaraq fəlaiyyət göstərir. Biz kortəəbi şəkildə heç nə etmirik. Sərhədlər boyunca nəzarət olduğundan da artıq gücləndirilir. Çünki insan, narkotik qaçaqmalçılığı, saxta sənədlərlə sərhədi pozanlar var. Bunların hər biri nəzərə alınır”.

Politoloq hesab edir ki, ölkə özünü bu məsələlərin hər birində qorumalıdır:

“Bunun da yolu ondan ibarətdir ki, əgər qanunvericilik hər hansı qaydanı qüvvəyə mindirirsə o həllini tapmalıdır. Qanunlar qəbul olunursa onların arxasında təcrübəli hüquqşünasların, mütəxəssislərin fəaliyyəti durur. Onlar bu proseslərin hər birini süzgəcdən keçirərək sonda qərar verirlər, sonra da parlamentdə öz təsdiqini tapır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...