Tarix: 09.10.2024 / 09:03
Xaricdəki azərbaycanlı mütəxəssislər Azərbaycana necə töhfə verə    bilərlər?

Xaricdəki azərbaycanlı mütəxəssislər Azərbaycana necə töhfə verə bilərlər?

“Xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin Azərbaycanın həm daxildəki, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdə iştirakı ölkəmiz üçün böyük potensial vəd edir”.

Bu sözləri Diaspora.TV-yə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu mütəxəssislərin elmi, texnoloji və sənaye sahələrində qazandıqları bilik və təcrübə, Azərbaycanın inkişaf strategiyasına və qlobal rəqabətə uyğunlaşma prosesinə mühüm töhfələr verə bilər:

“Onların iştirakı yalnız bilik və bacarıqların ölkəyə gətirilməsi deyil, həm də Azərbaycanın dünya miqyasında imicinin və nüfuzunun artırılması baxımından da əhəmiyyətlidir. Birincisi, xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin qazandığı təcrübə və biliklər Azərbaycanda innovasiya, elmi araşdırmalar və texnoloji inkişaf üçün böyük dəyər kəsb edir. Onların qabaqcıl texnologiyalara, müasir idarəetmə modellərinə və qlobal sənaye təcrübəsinə çıxışı, Azərbaycanda bu sahələrdə çalışan mütəxəssislər üçün ilham mənbəyi ola bilər”.

Kamran Əsədov qeyd edib ki, bu mütəxəssislərin ölkədəki universitetlərlə, tədqiqat mərkəzləri ilə əməkdaşlıq etməsi, seminarlar və təlimlər vasitəsilə bilik mübadiləsini həyata keçirməsi, elmi tədqiqatların səviyyəsinin artırılmasına və ölkənin innovasiya ekosisteminin inkişafına töhfə verə bilər:

“Məsələn, xaricdə çalışan azərbaycanlı mütəxəssislərin ölkədə keçirilən konfranslara, işgüzar forumlara qatılması, onların qlobal miqyasda qazandıqları təcrübələrin yerli mühitə uyğunlaşdırılmasını təmin edə bilər. Bu mütəxəssislər Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi layihələrdə də mühüm rol oynaya bilərlər. Azərbaycanın müxtəlif ölkələrlə iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə qurduğu əlaqələrdə, xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin bu layihələrdə iştirakı, əlaqələrin gücləndirilməsinə və layihələrin uğurla həyata keçirilməsinə kömək edə bilər. Onlar yerli dilləri, mədəniyyətləri və bazar şərtlərini yaxşı bildikləri üçün Azərbaycan şirkətlərinin beynəlxalq layihələrdə daha effektiv fəaliyyət göstərməsini təmin edə bilərlər”.

Kamran Əsədov bildirib ki, bu cür mütəxəssislər həm də Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi enerji, infrastruktur və texnoloji layihələrin uğurla başa çatmasında körpü rolunu oynaya bilər:

“Xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin Azərbaycanda və xarici layihələrdə iştirakının daha geniş çərçivədə təmin edilməsi diasporun da güclənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına şərait yaradır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...