Tarix: 09.04.2024 / 16:33
“Xaricdəki Azərbaycan evləri formal xarakter daşıyır”-  QHT sədri

“Xaricdəki Azərbaycan evləri formal xarakter daşıyır”- QHT sədri

“Azərbaycan evlərinin müxtəlif ölkələrdə soydaşlarımızın həyatında həlledici rola malik olmasından xəbərsizəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycan evləri çox təəssüf ki, formal xarakter daşıyır:

“Pandemiya dövründə onların bəziləri, Polşada yaşayan soydaşlarımız üçün sığınacaq kimi istifadə olunub”.

F.Şahbazlı əlavə edib ki, diaspor təşkilatlarının fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyasına adekvat deyil:

“Hansısa mövsümi tədbir, əlamətdar günlərdən başqa diasporumuzun fəaliyyətini görmək mümkün deyil. Qarabağda böyük zəfər əldə etmişik, bütün dünya Azərbaycanın hərbi müstəvidə qazandığı qələbədən danışır. Məhz bu qələbəmizi Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik uğurlarla möhkəmləndirməliyik. Artıq Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələrində diaspor mərhələsindən lobbi mərhələsinə keçid etməliyik”.

Baş redaktor vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri lazımi işləri görür, əlamətdar günlərlə bağlı tədbirlər keçirir, orada ölkə ictimaiyyəti və rəhbərliyi iştirak edir:

“Diaspor təşkilatları əlamətdar günlərlə bağlı tədbir, formal konfranslar keçirməklə işini bitmiş hesab etməməlidir. Diasporlar həmin ölkələrin ictimai, siyasi həyatına nüfuz edə biləcək liderlər yetişdirməlidir. Ukrayna Azərbaycan diasporunun güclü olduğu ölkələr sırasındadır, biz orada belə parlament və dövlət qurumlarında bir neçə şəxsi çıxmaq şərti ilə təmsilçilik əldə edə bilməmişik. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan kimi ölkələrdə də biz bunu edə bilərdik, amma edə bilməmişik. Avropa ölkələrində fəaliyyət göstərən diasporun işi strateji məsələlər, gələcəyə yönəlik işlər olmalıdır”.

F.Şahbazlı əlavə edib ki, biz lobbi mərhələsinə keçid etməliyik:

“Çünki ölkə başçısının apardığı siyasət buna uyğundur. Bu yol xəritəsindən çıxış edərək, fəaliyyətimizi qurmalıyıq”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...