Tarix: 04.11.2024 / 09:00
Soydaşlarımızın ölkəmizdə qalma müddətlərinə     yenidən baxılmalıdır

Soydaşlarımızın ölkəmizdə qalma müddətlərinə yenidən baxılmalıdır

“Xarici ölkə vətəndaşları olan soydaşlarımızın 1-ci dərəcəli qohumları ilə münasibətləri Azərbaycan Respublikası qanuvericiliyində qənaətbəxş şəkildə həllini tapıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Əli Həziquliyev deyib. O bildirib ki, artıq lazım olan sənədlər qovluğu yüklüdür, amma buna baxmayaraq əlçatandır:

“Belə ki, qanunvericilikdə xarici ölkə vətəndaşları nənələrinin, babalarının, atalarının, analarının və digər qohumlarının yanlarında qalmaq istədikləri təqdirdə onlara bir və ya bir neçə illik oturum izni verilir və müvəqqəti şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunurlar. Yəni ki, bu hissədə demək olar ki, vəziyyət düzəlib”.

Siyasi şərhçi qeyd edib ki, şəxsi avtomobillə daxil olmalarda ciddi problemlər var və bu ciddi narahatlıq yaradır:

“Eyni zamanda onların ölkədə qalma müddətlərinə də yenidən baxılmalıdır. Belə ki, hansı inkişaf etmiş ölkənin təcrübəsində var ki, xarici vətəndaşla onun əmlakının ölkədə qalma müddətləri fərqli olsun? Bizə, ölkəyə gələn xarici vətəndaşlar hazırda qanunvericiliyə görə 90 gün ölkədə qala bilir. Əmlakları, maşınları isə 30 gün. Burda qanunauyğuluq hardadır? Bunu hansı məntiqlə belə yazıblar? Maşınla gələn xarici vətəndaşın 30 günlük limiti qanunun digər müddəasını pozur. Vətəndaşın qanunvericiliyin digər müddəasında nəzərdə tutulan 90 gün qalma hüququnu əlindən alır. Məhz bu baxımdan, ilk növbədə qanunvericilikdə yaranan bu uyğunsuzluq aradan qaldırılmalıdır. Yəni, hər ikisi ya 30 gün, ya da 90 gün müddətinə müəyyən edilməlidir. Məsələnin digər tərəfinə, müddətin azlığında yaranan şikayətlərə gəlincə, hesab edirəm ki, əgər 90 günlük müddət hər iki hala tətbiq olunarsa, normal qəbul olunmalıdır. Onsuz da 90 gün müddətinə ölkəmizə maşınla gələn xarici vətəndaşların böyük əksəriyyəti xaricdə yaşayan soydaşlarımızdır. Onlar da hesab etmirəm ki, 90 gündən artıq vətəndə qalmaq istəsinlər. Əksəriyyətinin xaricdə işi - gücü var və bura ancaq istirahətə gəlirlər. Bu baxımdan burda problem görmürəm və narazılıqlar da kütləvi xarakter daşımır”.

Müvəqqəti qeydiyyata düşmədikdə müəyyən edilən cərimənin miqdarına gəlincə, siyasi şərhçi bu sahədə də ən çox əziyyət çəkənlərin soydaşlarımız olduğunu vurğulayıb:

“Qeyri soydaşlarımız olan xarici vətəndaşlar bir həftə 10 günlük turist kimi gəlirlər və onlara qeydiyyata düşmək tələb olunmur. Soydaşlarımız isə daha uzun müddətə vətəndə qalır və əksəriyyəti unutqanlıqdan və ya digər səbəblərdən qeydiyyata düşmürlər. Bu halda onları 6 ay - 1 il müddətinə ya deport gözləyir, ya da 400-500 manat cərimə ödəyib canlarını qurtarırlar. Hesab edirəm ki, bu hallar ciddi narazılıqlar yaradır və cərimənin məbləğinə yenidən baxılmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...