Tarix: 04.10.2024 / 15:45
Xaricdə yaşayan sahibkarlara daha cəlbedici təkliflər olmalıdır    - Politoloq

Xaricdə yaşayan sahibkarlara daha cəlbedici təkliflər olmalıdır - Politoloq

“Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Qarabağ və Şərqi Zəngəzur ərazisində Azərbaycan dövləti tərəfindən çox ciddi quruculuq işlərinə başlanılıb. Həmin proses bu gün də davam etməkdədir. Bununla paralel olaraq Qarabağda eyni zamanda sahibkarlıq üçün yeni şərait yaranıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Arzuman Abdulkərimov deyib. Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində də sahibkarlıq subyektləri yaradılmaqda davam edir:

“Mənə məlumdur ki, işğaldan azad olunan ərazilərdə iş quran sahibkarlarla bağlı yeni yanaşmalar tətbiq olunur. Belə ki, həmin sahibkarlar orada hər hansı istehsal sahələri qurarsa və ya sahibkarlıq subyektləri yaradılarsa, onlar bir neçə il bundan sonra, yəni konkret olaraq 7-10 il ərzində vergilərdən azad olunurlar, bəlli güzəştlər edilir”.

Arzuman Abdulkərimov qeyd edib ki, hazırda Qarabağda işə götürülən əməkdaşlarla bağlı da yeni yanaşmalar tətbiq edilir:

“Dövlətin həmin sahibkarlıq subyektlərinə, sahibkarlara dəstəyi təmin edilib. Onlar həm də bəzi vergi ödəmələri ilə yanaşı, eyni zamanda sosial müdafiə ödəmələrindən də azad olunurlar. Azərbaycandan kənarda yaşayan soydaşlarımız var ki, onlar yaşadıqları dövlətlərlə çox ciddi və iş dünyasında uğurlar əldə ediblər. Onların Azərbaycana qayıtması, xüsusi ilə əslən Qarabağdan olan soydaşlarımıza şamil edilərsə, onların yenidən dədə-baba yurdlarında biznes fəaliyyəti ilə məşğul olması çox yaxşı olar. Eyni zamanda onlar öz ölkələrinə, Qarabağın 30 il işğal altında olan ərazilərinə töhfə vermiş olarlar”.

Politoloq əlavə edib ki, güzəştlərin hər biri Azərbaycandan kənarda yaşayan iş adamlarına şamil edilməlidir:

“Düşünürəm ki, onlarla bağlı daha ciddi və cəlbedici təkliflər olmalıdır. Onlar öz vətənlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...