Tarix: 18.09.2024 / 14:47
Xaricdə yaşayan bu azərbaycanlıların piara ehtiyacı var    – EKSPERT

Xaricdə yaşayan bu azərbaycanlıların piara ehtiyacı var – EKSPERT

“Xaricdə yaşayan azərbaycanlıların elm və təhsil istiqamətində gördüyü işlərin ən çox piara ehtiyacı var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspert hesab edir ki, bu gün xaricdə yaşayan azərbaycanlı alimlərimizin gördüyü işlər, həyata keçirdiyi layihələr istənilən səviyyədə reklam olunmur:

“Bu günlərdə Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərimizin Forumu keçirildi. Bu tədbir böyük bir göstəricidir. Həqiqətən də dünyanın bir çox yerlərində yaşayan alimlərin vətəndə bir araya gəlməsi Azərbaycanın təbliğat və təşviqatı elm və təhsilin inteqrasiyası baxımından maraqlı bir prosedurdur. Bu kimi layihələrin həyata keçirilməsi həddindən artıq vacibdir. Burada Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin ortaq fəaliyyəti təqdirəlayiqdir”.

Elmin Nuri təklif edib ki, belə layihələrin təbliği ilə bağlı mərkəzin yaradılmasına ehtiyac var:

“Bu mərkəz Azərbaycan alimlərinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyətini Azərbaycan cəmiyyətinə çatdırması ilə məşğul olmalıdır. Əgər belə bir mərkəz varsa da onun fəaliyyəti daha da genişlənməlidir. İkincisi, Azərbaycan universitetləri xaricdə yaşayan azərbaycanlı alimlərin dəvətinə, onlarla ortaq layihələrin sayının artırılmasına kifayət qədər maraq göstərməlidirlər. Kanada, Böyük Britaniya, Almaniya, Amerikada və eləcə də dünyanın əksər ölkələrində Azərbaycan alimləri var. Biz niyə də onlarla müəyyən əməkdaşlıq, iş birliyində olmayaq? Bunlar olmalıdır”.

Elmin Nuri bütün bunların sistemli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...