Tarix: 09.04.2024 / 10:43
Xaricdə yaşayan azərbaycanlıların dini ibadətlərini asanlaşdırmaq üçün...  - Millət vəkili

Xaricdə yaşayan azərbaycanlıların dini ibadətlərini asanlaşdırmaq üçün... - Millət vəkili

Xaricdə yaşayan azərbaycanlıların başlıca problemlərindən biri də dini məsələlərlə bağlı kor-koranə ibadətləridir. Uzun illər ölkədən kənarda, qeyri-müsəlman ölkələrində yaşayan soydaşlarımız yaxınları dünyalarını dəyişəndə, dini bayramlarda sıxıntılara düşür, eyni zamanda yad təriqətlərin təsirinə məruz qalırlar. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu bu kimi problemin aradan qalxması üçün bir sıra təkliflər irəli sürüb. Onlardan da biri soydaşlarımızın yaşadığı böyük şəhərlərə din xadimlərinin təhkim olunmasıdır.

Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov Diaspora.TV-yə bildirib ki, xaricdə yaşayan azərbaycanlıların dini ibadətlərini asanlaşdırmaq məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması məntiqlidir:

“Nəzərə almalıyıq ki, zaman-zaman bizim xaricdə təhsil alan, işləyən insanlarımız da bu və ya digər formada dini təsirlərə məruz qalırlar. Bu anlamda prosesin diqqətdə saxlanılması eyni zamanda dövlətlərarası dini sahədə münasibətlərin tənzimlənməsi baxımından belə bir qərarın qəbul edilməsi yaxşı haldır”.

İlahiyyatçı qeyd edib ki, bu forma Türkiyədə də uğurla tətbiq olunur:

“Belə ki, ölkəmizdə də Türkiyənin bu sahə üzrə müşavirliyi və dövləti tərəfindən göndərilmiş şəxsləri fəaliyyət göstərir. Düşünürəm ki, biz də digər ölkələr kimi, soydaşlarımıza xidmət göstərilməsi üçün xaricə din xadimləri təhkim etməliyik. Yəni, həm qeyd etdiyimiz kimi müxtəlif ölkələrdən dini sahədə əlaqələrin inkişafı, eyni zamanda vətəndaşlarımızın dinlə bağlı problemlərinin araşdırılması, onlara tövsiyələrin verilməsi, müəyyən yanlış davranışların çəkindirilməsi baxımından bu addımı mühüm və önəmli hesab edirəm. Belə bir qərarın qəbul edilməsi yalnız ümumi məqsədlərə müsbət təsir göstərə bilər”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...