“Xarici ölkələrdə yaşayan soydaşlarımızın diqqətini Azərbaycana çəkməliyik”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında vəkil Əkrəm Həsənov “Soydaş kartı” daşıyıcısı olacaq azərbaycanlılara vətəndə hansı güzəştlər olmalıdır sualına cavab verərkən deyib.
Vəkil vurğulayıb ki, Azərbaycan xarici ölkələrdə yaşayan bütün soydaşların vətənidir və bunu onların heç biri yaddan çıxartmalı deyil:
“Onlar Azərbaycandan kənarda yaşayırlar. Onların hər biri Azərbaycan üçün nə isə etməlidir. Xaricdəki soydaşlarımız Azərbaycana investisiya qoymalı, bəzi sahələrə kömək etməlidirlər. Bu bütün kiçik ölkələrdə belədir, Azərbaycan da kiçik ölkədir”.
Vəkil əlavə edib ki, Azərbaycan nə Amerika, nə Çin, nə də Rusiyadır:
“Deyək ki, bizim xarici ölkələrdə soydaşlarımız var, gəlin onların diqqətini çəkmək üçün “Soydaş kartı” verək. Onlar bizim maraqlarımıza xidmət edir. Burada məsələ tam ayrıdır, həmin ölkələrdə səfirliklərimiz var, Xarici İşlər Nazirliyinin nəzdində şöbə yaratmaq lazımdır ki, bütün bu işlərlə məşğul olsun. Soydaşlarımız Azərbaycana niyə gəlir? İstirahətə, qohumlarını görüb, şəkillər çəkdirib gedirlər. Onlar Azərbaycan üçün nə edirlər ki, biz də onlara qarşılığında güzəşt edək? Burada əziyyətlə yaşayanlara hər şey pulla olmalıdır? Niyə? Əksinə onlar bura gələndə pul xərcləməlidir”.
Əkrəm Həsənov sonda qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılara öz vətənlərində heç bir güzəşt verilməli deyil.
Jalə
Diaspora.TV