Tarix: 09.09.2024 / 09:04
 Xaricdə yaşayan azərbaycanlılar diqqət istəyir    – Baş direktor

Xaricdə yaşayan azərbaycanlılar diqqət istəyir – Baş direktor

“Xaricdə yaşayan hər bir azərbaycanlının vətəni, müstəqil dövləti Azərbaycan Respublikasıdır. Harada yaşamasından asılı olmayaraq, onları bu vətənə bağlayan xüsusi tellər var”.

Bu sözləri Diaspora.TV-yə “Cəbhə.info”un Baş direktoru Rəfael Becanov deyib. Onun sözlərinə görə, həmin insanlar ölkəmizdən imtina etməyiblər, sadəcə, ailə qurublar, işləməyə və s. gediblər:

“Ona görə də ölkə ilə bağlılıqları qırılmayıb. Ona görə də mütəmadi olaraq gəlib-gedirlər. Doğma torpağını görmək, qohum-əqrabasına baş çəkmək üçün gələn soydaşlarımız da təəssüf ki, bir xarici vətəndaşa tətbiq edilən standartlarla üzləşir. Təbii ki, ilk baxışda bu normaldı və qanunvericiliyin tələbidir. Çünki kimliyindən, millətindən asılı olmayaraq, xarici ölkə vətəndaşlarının ölkəyə giriş-çıxışı müvafiq qanunvericiliklə tənzimlənir”.

R.Becanov təklif edib ki, xaricdə yaşayan azərbaycanlılara xüsusi yanaşmanın tətbiqi daha doğru olardı:

“Düşünürəm ki, viza ilə gəlib-gedənlər üçün bu proses daha da sadələşdirilməlidir. Eyni zamanda ölkədə qalmaqla bağlı vaxt məhdudiyyətinə baxılmalıdır. Bunun üçün yeni prosedurlar, qaydalar tətbiq edilməli və qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Niyə bir azərbaycanlı tutaq ki, bir fransız kimi Azərbaycanda qala bilər? Öz vətəninə gələn, qohum-əqrabasına baş çəkənlə bir turist arasında fərq qoyulmalı deyilmi? Təbii ki, fərq qoyulmalıdır”.

R.Becanov hesab edir ki, müvafiq qurumlar bu məsələyə diqqət ayırmalıdır:

“Kimsə demir ki, xaricdə yaşayan hansısa şəxs nə qədər istəsə gəlib burada qalıb, sonra da getsin. Amma müvafiq dövlət qurumunu məlumatlandırmaqla, artıq qalmasının səbəbini əsaslandırmaqla vaxtını sərbəst və bürokratik əngəllərsiz uzada bilsin”.

R.Becanov xüsusi bildirib ki, xaricdə yaşayan azərbaycanlılar diqqət istəyir:

“Onlar həm də bizim xaricdəki diasporamızın özəyini təşkil edirlər. Ona görə də onlara müəyyən imtiyazların verilməsi soydaşlarımıza diqqət və qayğı sayıla bilər. Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi təşəbbüslə hökumət qarşısında çıxış etməli, qanunvericilikdə dəyişiklik edilməsini əsaslandırmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...