“Xarici ölkələrin universitetlərində xeyli sayda azərbaycanlı alimlər çalışırlar”.
Bu fikirləri Diaspora.tv-yə açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, bəlli elm mərkəzlərində də azərbaycanlılar var:
“Hesab edirəm ki, onlar qısa müddət ərzində bəlli bir gücə çevriliblər. Həmin alimlərlə əlaqələrin təşkilati əsasda qurulması ümumi strateji məqsədlərimizə fayda verərdi. Bu sahədə addımlar nələr ola bilər? İlk növbədə xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin ya ölkəmizdə, ya da digər bir ölkədə I Forumunu, toplantısını, məclisini keçirmək olar. İkincisi, xarici ölkələrdə diaspor təşkilatlarının toplantılarına azərbaycanlı alimlərin dəvət edilməsi faydalı olardı. Üçüncüsü, ölkəmizdə keçirilən beynəlxalq toplantılara azərbaycanlı alimlərin dəvət olunması yalnız fayda verərdi. Adlarını çəkmək istəmədiyim bəzi ölkələrdə bu üsuldan istifadə edirlər. Nəhayət, bilirsiniz ki, bu il həm Qarabağ Universiteti, həm də Azərbaycan-Türkiyə Universiteti yaradılır. Onların təşkilində, dərs verilməsində azərbaycanlı alimlərin dəvət edilməsi faydalı olardı. Əlbəttə, yollar çoxdur. İş prosesində onları araşdırmaq və hansının daha çox faydalı olacağını müəyyənləşdirmək mümkündür”.
Zəfər
Diaspora.tv