Tarix: 22.10.2024 / 09:10
Diaspora üçün vətəndə   böyük imkanlar yaradılır

Diaspora üçün vətəndə böyük imkanlar yaradılır

“Sentyabrda xaricdə yaşayan alimlərimizin Xankəndində böyük bir toplantısı keçirilib. Bu böyük tarixi hadisə kimi yaddaşlarda qaldı. Bu gün bizim xaricdə yaşayan azərbaycanlılar, diaspor üzvləri, eləcə də alimlərimiz daha böyük fədakarlıq göstərirlər. Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin əhalisinə çatdırırlar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elşad Həsənov işğaldan azad olunan Qarabağın diaspora yaradacağı imkanlardan danışarkən deyib. Politoloq vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Azərbaycan BMT-in heç bir qanunu pozmayıb:

“Əksinə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni Azərbaycan özü yerinə yetirib. Yəni Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu mənada elə bilirəm ki, diaspor üzvləri qələbədən böyük sevinc keçirərək daha da işlərində fəal olacaqlar. Özlərinin imkanları daxilində Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin əhalisinə çatdıracaqlar”.

Politoloqun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar yerli əhalinin Azərbaycana gəlib bu reallığı görməsi üçün müəyyən addımlar atacaq:

“Mən bu yolda hər bir diasporumuza uğurlar arzu edirəm. Bundan sonra inanıram ki, qələbənin daha böyük iqtisadi, siyasi göstəricilərimizlə tamamlayacağıq. Azad olunmuş torpaqlarımızda hazırda böyük quruculuq işləri gedir. Biznes sahəsi ilə məşğul olan diaspor üzvlərinin də müəyyən hissəsi bölgəyə investisiya qoya bilərlər”.

Politoloq deyib ki, bu məsələ ilə bağlı Şuşada keçirilən tədbirlərdə böyük çağırışlar edilib:

“Yəni, mən hesab edirəm ki, diaspor üzvlərimiz üçün vətəndə böyük imkanlar və şərait yaradılır və onlar da bundan istifadə etməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...