Tarix: 10.09.2024 / 20:01
Xaricdə yaşayan alimlərin  Bakı Forumu bizə nə verəcək?

Xaricdə yaşayan alimlərin Bakı Forumu bizə nə verəcək?

XX əsrdən başlayaraq qlobal səviyyədə hələ də davam edən siyasi və iqtisadi dəyişikliklər bir çox resurslara, xüsusən də insan kapitalına ciddi təsir edir. Çox böyük sürətlə baş verən qlobal hadisələr insan resurslarının və uyğun olaraq intellektual kapitalın da hərəkət istiqamətlərinin dəyişməsinə səbəb olub. Sosial-iqtisadi inkişaf proseslərinin differensiallaşdırılması insan resurslarının hərəkətinin heterogen istiqamətlərinin formalaşmasına və hərəkətin sosial tənzimlənməsi, inteqrasiyası, uyğunlaşmasının institusional, sosial-təbəqələşmə, sosial-mədəni və sosial-təşkilati mexanizmlərinin təkamülünə gətirib çıxarıb. Artıq inkişaf etmiş ölkələrdə ağıllı hakimiyyətlər diasporların intellektual hissəsinin vətənin və millətin mənafeləri naminə fəaliyyətə cəlb etmənin konsepsiyasını hazırlayaraq həyata keçirməkdədirlər.

Diasporun funksional xüsusiyyətləri nəzərə alınmaqla onun intellektual hissəsinin daxili inkişafa və diplomatik proseslərə təşviq edilməsi zamanın və cəmiyyətin tələbi, hətta çəkinmədən deyə bilərik ki, sosial sifarişdir.

Diaspor bir institut kimi ciddi və nəzərdən qaçırılmayacaq insan kapitalıdır. Artıq dünyada gedən proseslər elə həddə gəlib çatıb ki, bu institut ölkələrin inkişafına, dövlətlərin siyasətinə əhəmiyyətli töhfələr verə bilir.

Dünyada baş verən proseslərə, yeni nizamlara baxsaq, birmənalı olaraq deyə bilərik ki, bütün sahələrin sürətli intellektuallaşması prosesi gedir. Bu proseslərdən geri qalmamaq, əsasən iqtisadi və texniki nəticələri maksimuma çatdırmaq üçün məhsuldar şəkildə istifadə olunan xüsusi şəxslərin bilik və bacarıqlarından ağıllı və səmərəli şəkildə faydalanmaq lazımdır. Eyni zamanda, zorən cəlb olunduğumuz informasiya müharibəsində böyük nüfuz və ciddi əlaqələrə malik xüsusi şəxslərin oynaya biləcəyi önəmli rol diqqətə alınmalıdır. Diasporumuzun intellektual kapitalı, Azərbaycanın iftixarı olan xaricdə yaşayan elm adamları da həmin xüsusi şəxslərin əhəmiyyətli hissəsini təşkil edir.



Xaricdəki intellektualların Vətənin inişafı və xalqın mənafeləri naminə cəlb olunması prosesi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın tarixi diqqətlə vərəqləsək görərik ki, diasporlarla işə xüsusi önəm verən Ümummilli lider xaricdəki Azərbaycan icmalarına və cəmiyyətlərinə intellektual şəxslərin, hətta mümkün olarsa, tanınmış və nüfuzlu elm adamlarının rəhbərlik etməsini məsləhət bilirdi. Cəmiyyətin həssas təbəqəsi olan alimlərə xüsusi hörməti və qayğısı ilə seçilən Ulu öndər xaricdəki intellektual sərvətimiz olan azərbaycanlı alimləri ölkənin maraqları naminə yönləndirməyi bacarırdı.

Bu gün Prezident İlham Əliyev də bu kursa sadiq qalaraq həmin işin miqyasını genişləndirərək davam etdirir. Son 20 ildə Azərbaycan diasporunun fəaliyyətinin sistemliliyi və səmərəliliyinin təmin edilməsi üçün elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlərin qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində diqqətə və təqdirəlayiq işlər görülüb.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakı Forumunun təşkil olunması da bu siyasətin parlaq təzahürüdür. Cənab Prezidentin təşəbbüsü və xüsusi göstərişi əsasında təşkil olunan bu tarixi tədbir sayəsində müxtəlif ölkələrdə yaşayan azərbaycanlı elm adamları bir araya gəlib. Bu görüşdə onlar Vətəndə və Vətənlə bağlı gedən proseslər barədə hərtərəfli məlumat almaq, yerli həmkarları ilə görüşərək intellektual müzakirələr və mübadilələr aparmaq imkanı əldə ediblər. Həmçinin, Forumun keçirilməsinin məqsədlərindən birinin də azərbaycanlı alimlərin şəbəkələşməsinə töhfələr vermək olduğu bildirilir.



Bu tədbirin müstəsna əhəmiyyəti əslində ölkə rəhbərinin müraciətində tam mənada ifadə edilib. O, Forum iştirakçılarına müraciətində xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutmasnın önəmini vurğulayaraq bu tədbirin xaricdəki alimlərimizlə elm və təhsil ocaqlarımızın əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminlik ifadə edib. Eyni zamanda, ölkə başçısı İlham Əliyev Forumun Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafına, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verəcəklərinə inamını ifadə edərək əslində diasporumuzun intellektual kəsimi üçün yol xəritəsi cızıb.

Şübhəsiz ki, tədbirin real və əhəmiyyətli nəticələri olacaq. Ümid edirik ki, xaricdə yaşayan elm adamlarımız Müzəffər Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin bu tarixi çağırışına səs verərək Vətən və Xalq üçün səylərini artıracaqlar.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...