Tarix: 22.08.2024 / 09:15

Xaricdə doğulan azərbaycanlılara vətənpərvərlik hissini necə aşılayaq?

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Ottavada (Kanada) fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin qurucularından biri, eyni zamanda həmin məktəbin baş təlimatçısı Vüsalə Əhmədova olub.

V.Əhmədova müsahibəsində Kanadada fəaliyyət göstərən “Qarabağ” məktəbinin yaranma tarixi, soydaşlarımızın diaspor fəaliyyəti və NAC-ın (Kanada Azərbaycanlıları Şəbəkəsi) iş prinsiplərindən söz açıb.

Onun sözlərinə görə, “Qarabağ” məktəbinin yaradılması prosesində müəyyən çətinliklə qarşılaşıblar:

“Valideynlər düşünürdü ki, uşaqlarımız xarici dilləri öyrənsələr kifayət edir. Tədbirlər keçirilərkən azərbaycanlı uşaqların sərbəst danışmaqlarını, şeirlər səsləndirmələrini gördükcə valideynlərdə də bir maraq yarandı. İstədilər ki, övladları da doğma dildə sərbəst danışa bilsinlər. Bir müddət sonra, hər şeyə rəğmən məktəb qurmağı bacardıq. Əsas çətinlik, soydaşlarımızı cəlb etmək idi. Onu da zamanla aradan qaldırdıq. Keçirdiyimiz tədbirlər sayəsində valideynləri də bu işə cəlb edə bildik. Hazırda 2 sinif fəaliyyət göstərir. Biri azyaşlılar, digəri isə yaşı nisbətən çox olan uşaqlar və yeniyetmələr üçün”.

Müsahibimiz dərsləri keçmək metodlarında da söz açıb:

“İndiki dövrdə uşaqlara bir parta arxasında, klassik formada dərs keçmək doğru deyil. Bu səbəbdən də biz dərsləri əyləncəli, oyunlar formasında tədris edirik. Hətta tək dərslər deyil, Azərbaycanın milli adət-ənənələri, tariximizi də uşaqlara öyrədirik. Məktəb qurduğumuz ilk vaxtlardan etibarən Kanadada fəaliyyət göstərən Azərbaycan səfirliyi bizə maddi və mənəvi dəstək oldu. Nə zaman, nə lazım olarsa, əsirgəmədilər. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinə də təşəkkür edirik. Onlar da yanımızda oldular”.

V.Əhmədova qeyd edib ki, gələcəkdə məktəbin şagirdləri ilə birgə Azərbaycanın tanıdılması istiqamətində maraqlı tədbirlər keçirmək planları var:

“Çox istərdim ki, Azərbaycanın milli mətbəxini şagirdlərimizin də iştirakı ilə hazırlayıb qonaqlara təqdim edək. Daha bir istəyim də odur ki, valideynlərimiz, Kanadada və eləcə də xaricdə yaşayan soydaşlarımız dilimizi unutmasınlar. Hər birimiz azərbaycanlı kimi vətənimizin həqiqətlərinin tanıdılması istiqamətində işlər görürük. Bu istiqamətdə 2020-ci ildə NAC quruldu və soydaşlarımızı bir çətir altında birləşdirməyi bacardı”.

Şərhlər

Yaz...