Tarix: 23.05.2024 / 20:12
Xarıbülbül Amerika nəşrinin üz qabığına  necə çıxdı?

Xarıbülbül Amerika nəşrinin üz qabığına necə çıxdı?

Bakıda “Sensum by Amapola” Hisslər laboratoriyasında NAC Society və NAC Events təşkilatının dəstəyi ilə “Travel to Art” Amerika nəşrinin “Floral & art” (“Çiçəklər və incəsənət”) mövzusundakı bahar buraxılışının təqdimatı olub. 2024-cü ilin may ayında işıq üzü görəcək nüfuzlu nəşrin üz qabığında Azərbaycanın dünya ictimaiyyətinin gözündə qazandığı əhəmiyyətini simvolizə edən unikal Xarıbülbül çiçəyi var.

Bu, ecazkar gözəlliyə malik nadir çiçək Qarabağın endemiyi kimi, qədim zamanlardan yaradıcı insanları sənət əsərlərini yaratmağa ilhamlandırıb. O, xalq mahnıları və əfsanələrin qəhrəmanıdır, onun stilizə olunmuş şəkillərini Azərbaycan xalçalarında görmək olar.

Amerika jurnalının üz qabığında Xarıbülbül çiçəyinin təsvir edilməsi sadəcə estetik ifadə deyil. Bu, dərin intellektual dialoqun və mədəni zənginliyin simvoludur. Bənzərsiz gözəlliyə malik Xarıbülbül müxtəlif sivilizasiyaları və mədəni ənənələri birləşdirən, estetik idealları sərhədlərdən keçirən bir körpüyə çevrilir. Onun Amerika nəşrinin üz qabığında mövcud olması mədəni mübadilənin və intellektual icmaların yaxınlaşmasının vacibliyini vurğulayaraq, müxtəlif xalqlar arasında dialoq və qarşılıqlı anlaşma çağırışı kimi səslənir.

Tədbir zamanı çiçəkçilər heyrətamiz kompozisiyalar yaratmaq bacarıqlarını nümayiş etdirdilər. Təqdimat dünyanın hər yerindən yaradıcı sənaye liderlərini birləşdirən bir məkana çevrildi. Axı bu hadisənin əsas məqsədlərindən biri çiçəklərin yeni, yaşıl iqtisadiyyatın inkişafına təsirini öyrənmək, habelə beynəlxalq mütəxəssislər birliyinə yaradıcılıqlarının sərhədlərini genişləndirməyə və sənaye liderləri ilə qarşılıqlı əlaqə qurmağa imkan vermək olub.

“Travel to Art” layihəsi yalnız Bakıda bir tədbirlə məhdudlaşmır. O, Böyük Britaniya, ABŞ və İsveçrədə dünyaya yaradıcılıq və gözəllik gətirmək istəyənlər üçün yeni bir yolun başlanğıcı olacaq son təqdimatını həyata keçirərək, sivilizasiyalar və mədəniyyətlər arasında bənzərsiz bir körpüyə çevriləcək.

“Bu ilin yanvar ayından etibarən NAC platforması üç ildən artıq Amerika bazarında uğurla fəaliyyət göstərən beynəlxalq layihənin səfirinə çevrilib. Layihənin böyük Britaniya, İsveçrə və ABŞ-dakı nümayəndələri ilə birlikdə yerli kreatorların Amerika sənət bazarına nüfuz etməsi üçün unikal bir fürsət təqdim edirik”. Bu barədə AZƏRTAC-a NAC Society və NAC Events platformalarının direktoru Nigar Babayeva bildirib.

O qeyd edib ki, Amerikanın “Travel to Art” layihəsi “Çiçəklər və incəsənət” yaz sessiyasının başlandığını elan edib. Bu, həm ekoloji yanaşmanı və təbii sərvətlərə qayğı göstərməyin vacibliyini vurğulayır, həm də bütün dünyada endemik bitkilərlə tanış olmaq üçün yaxşı bir fürsət təqdim edir.

“Bunu bilən zaman mənə aydın oldu ki, məhz Xarıbülbül bu hadisənin simvolu roluna mükəmməl uyğunlaşa bilər. Bu unikal endemik çiçək təkcə ekoloji mesajın vizual əksi deyil, həm də Odlar Yurdunun təbiətinin zənginliyinin və gözəlliyinin simvoluna çevriləcək”, - deyə N. Babayeva vurğulayıb.

“Platformamız ilkin olaraq qarşısına mühüm vəzifə qoyub. Hesab edirik ki, varlığımızın dəyəri intellektual şəbəkələşmədədir. Həmişə və hər zaman yaxşı ünsiyyət və təmaslar həlledici əhəmiyyət kəsb edir. Onlar potensial layihələrə və imkanlara qapı açır. Bu sahədə on ilə yaxın təcrübəmiz göstərir ki, biz bu vəzifənin öhdəsindən uğurla gəlirik. Biz, həmçinin mədəni hadisələr və tədbirlərin keçirilməsini, teatr və opera sənətini, hər cür incəsənət və təhsil sərgilərini fəal şəkildə dəstəkləyirik. Bunu Amerika nəşri ilə səmərəli əməkdaşlığımız təsdiqləyir”, - deyə Nigar Babayeva vurğulayıb./Azərbaycan

Şərhlər

Yaz...