Tarix: 11.07.2024 / 08:30
Vətəni üçün canı yanan hər bir vətəndaş diaspor fəalıdır   - İş adamı

Vətəni üçün canı yanan hər bir vətəndaş diaspor fəalıdır - İş adamı

“Diaspor fəaliyyəti daha çox könül işidir. Vətəni üçün canı yanan, ölkəsinin mənfəətini güdən hər bir vətəndaş diaspor fəalıdır. Bunun üçün ayrı bir kimlik daşımağa və ya yaxaya nişan sancmağa ehtiyac yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Sakasena Gıda Ürünleri Ambalaj Sanayi Ticaret ve Uluslararası Pazarlama LTD” Şirkətinin qurucusu və baş direktoru Vüqar Abdullah deyib.

V.Abdullah bildirib ki, hər bir vətəndaşımız bu öhdəliyi özünə borc bilir, əlindən gələni əsirgəmir:

“Azərbaycan dövləti diaspor fəaliyyəti üçün önəmli iş görür. Bunun üçün yetərli vəsait ayırır deyə düşünürəm. Təbii ki, belə olmasaydı Azərbaycan son zamanlarda beynəlxalq arenalarda və platformalarda bu qədər tanınmazdı. Əlbəttə, işlər gedir, insanlarımız çalışır, bəs edirmi? Məncə, bəs etmir. Daha çox çalışmalı, haqq davamızı və Azərbaycan həqiqətlərini yaşadığımız çevrəyə tanıtmalıyıq, bunun üçün də xaricdə yaşayan soydaşlarımız daha yaxşı təşkilatlanmalıdır, vətəndaşlarımız arasında səmimi əlaqələr qurulmalıdır, insanlarımız bir - birindən çəkinməməli, qorxmamalı, tam tərsinə azərbaycanlı olduğu üçün daha çox bir-birimizə sarılmalıyıq”, - deyə müsahimiz bildirib.

V.Abdullah əlavə edib ki, diaspor üzvləri və yönəticiləri daha çox vətəndaşımıza yetişməli, onları öz fəaliyyətlərinə cəlb etməlidirlər:

“Xaricdəki Azərbaycanlı müəllimlərimiz, təhsil xadimlərimiz, tələbələr, sənət və iş adamlarımızdan daha çox faydalanmalı, onları bu işlərə cəlb etməliyik. Yaşadığımız ölkədəki siyasi partiyalarla, siyasi xadimlərlə, dərnəklərlə, QHT-lərlə daha sıx əlaqələr qurulmalı, işbirlikləri edilməlidir. Hər şeydən önəmlisi də insan olaraq davranışlarımızla, çevrəyə olan münasibətlərimizlə, uğurlarımızla, nümunəvi insan olmalıyıq ki, ölkəmiz haqqında qonağı olduğumuz yerdə müsbət fikirlər, gözəl duyğular bəsləsinlər, axı insan ölkəsinin aynasıdır”, - deyə müsahibimiz bildirib.

O, qeyd edib ki, 1992-ci ildə Azərbaycandan gəlib Türkiyədə təhsil alan ilk 1000 tələbədən biridir:

“32 ildir Türkiyədə yaşayıram. Təhsilimi tamamlayıb burada da iş həyatına başlamışam. Sonra mənimlə eyni universitetdə təhsil alan Türkiyə vətəndaşı ilə ailə qurmuşam”.


Müsahibimizin sözlərinə görə, tələbəlik illərindən bu yana əsas işi Azərbaycan həqiqətlərini düzgün təbliğ etmək olub:

“Azərbaycanın əlamətdar günlərini, milli bayramlarını teatrlar, musiqili proqramlarla qeyd etmişik. “20 Yanvar” və “Xocalı Soyqırımı” ilə bağlı konfranslar, elmi və idman yarışları və buna bənzər müxtəlif tədbirlər təşkil etmişik. 2017-ci ildən Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi Dərnəyinin (TAİB) İdarə Heyətinin üzvü olmuşam. Türkiyədə azərbaycanlı iş insanlarının bir araya gəlməsində, bir çətir altında toplanmasında fəal iştirak etmişəm. TAİB vasitəsilə Azərbaycan həqiqətlərinin tanıdılmasında xeyli işlər görmüşük. Pandemiya vaxtı Türkiyədə yaşayan azərbaycanlılara evlərinə geri dönmələri üçün, həm də Türkiyədə qalmağa davam edən soydaşlarımıza TAİB-in azərbaycanlı üzvləri tərəfindən əhəmiyyətli dəstək oldu”.

V.Abdullah əlavə edib ki, İkinci Qarabağ savaşı zamanı Türkiyədəki azərbaycanlı iş adamları əl-ələ verərək Vətənə ianələr - dərman, qida, geyim və müxtəlif əşya, ləvazimat göndəriblər:

“Bundan başqa, 44 günlük savaşda Konyadakı iş insanları qrupumuz Ermənistanın işğalçı mövqeyinə qarşı böyük mitinq, “İşğala dur” aksiyası keçirib. Azərbaycanlı olma qürurunu hər zaman könlümüzdə daşıyan bir vətəndaş olaraq, bəzən qruplar halında, bəzən də tək Azərbaycanla əlaqəli tədbirlərin ya təşkilatçısı, ya da təşkil edənlərə gücümüz çatdığı qədər maddi dəstək göstərmişik. Özəlliklə imkansız ailələrə, müalicə xərclərini ödəməkdə çətinlik çəkən vətəndaşlarımıza gücümüz çatdığı qədər yardım etmiş, azərbaycanlı tələbələrə təqaüdlər vermişik”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...