Tarix: 14.06.2024 / 19:54
Vətən diaspor üçün, diaspor Vətən üçün...   - Nə etmək olar?

Vətən diaspor üçün, diaspor Vətən üçün... - Nə etmək olar?

Azərbaycan diaspor təşkilatları elə diaspor tiplərindəndir ki, klassik mühacir institutlarından fərqli olaraq bu sosial-mədəni orqanizmin güclənməsi üçün daxili resurslarla yanaşı, Ana Vətəndən və dövlətdən əhəmiyyətli dəstək verilməsinə ehtiyac duyulur. Halbuki, klassik diaspor təşkilatları nəinki mühacirətdəki soydaşlarına yardım edir, hətta dövlətlərinə hərtərəfli dəstək verirlər. Lakin qeyri-ənənəvi şərtlər daxilində yaranan gənc Azərbaycan diasporunun formalaşma prosesi hələ də davam etdiyindən (bunun obyektiv və subyektiv səbəbləri barədə əvvəlki yazılarımızda təhlillər aparmışıq), mühacir təşkilatlarımızdan çox şey uma bilmirik. Əksinə, onların dəstəyə ehtiyacının olduğunu düşünürük. Eyni zamanda, diaspor təşkilatları və milli icmalarımız da əllərini əllərinin üstünə qoyub yalnız dövlətin hesabına fəaliyyətə ümid etməməli, ciddi və güclü instituta çevrilmə yolunda çalışmalı, qeyrət göstərməli, Ana Vətənin maraqları naminə və Ana Vətənə imkanları çatdığı qədər dəstək verməlidirlər. Belə olan təqdirdə, qarşıqılı fəaliyyət necə həyata keçirilmlidir?

Vətən diaspora necə yardım edə bilər?

Xaricdəki milli icmalarımızın və təşkilatlarımızın digər güclü diasporlar kimi fəaliyyət göstərmələri üçün ilk növbədə onların iqtisadi potensialını artırmalıyıq. Bəs diasporun iqtisadi gücə çevrilməsi üçün nə etmək olar? Zənnimizcə, ilk növbədə beynəlxalq, regional və yerli səviyyələrdə aparıcı diaspora üzvlərinin rəhbərliyi və Vətənin dəstəyi ilə Azərbaycan əsilli sahibkarların və yüksək səviyyəli menecerlərin bir araya gəldiyi müxtəlif biznes şəbəkələri yaradılmalı, gücləndirilməli və onların fəaliyyət sahələri genişləndirilməlidir. Bununla yanaşı, ictimai təşkilatları - QHT-ləri də bu işə cəlb edərək həmin şəbəkələrə dəstəklərini təmin etmək lazımdır. Eyni zamanda, sözügedən təşəbbüsün reallaşması üçün internet, sosial media və ünsiyyət imkanlarından səmərəli istifadə olunmalıdır.

İqtisadi gücün yaradılması ilə paralel şəkildə diaspor şəbəkəsi daxilində kommunikasiyanın güclənməsi və mühərrikliyinin təmin edilməsi də lazımdır. Bu sahədə də yuxarıda qeyd edildiyi kimi, ictimai institutların və media resurlarının imkanlarından maksimum istifadə olunmalıdır. Bu işdə daha ağır yük diaspor siyasətinə məsul olaq dövlət qurumlarının üzərinə düşür.

Diasporun gücləndirilməsi istiqamətində atılacaq vacib addım biznes bacarığı olan mühacir gənclərin bu sahəyə cəlb olunmasıdır. Alqışlanası haldır ki, Diasporla İş üzrə Dövlət Komitəsi yay düşərgələri təşkil etməyə başlayıb. Bu işin miqyasının genişləndirilməsi və daha sıx zaman aralığı ilə keçirilməsi ümumi işin xeyrinə olardı. Yay məktəbləri və düşərgələri vasitəsilə biznes bacarıqları olan diaspor gənclərini yaşadıqları ölkələrdəki (regionlarda) imkanlar haqqında da məlumatlandırmaq və hətta onları öz bölgələrində biznes fəaliyyətinə sövq etmək üçün hərtərəfli dəstək vermək olar. Yəhudi diaspor təşkilatları bu təcrübəni uzun müddətdir uğurla tətbiq edir.

Dövlət qurumlarımız və QHT-lərimiz diaspor üzvlərinin xaricdə peşə əldə etmələrini asanlaşdırmaq və onların cəmiyyətə iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə texniki bacarıq və təlim proqramları təşkil edə bilər.

Eyni zamanda, dövlətimiz və xaricdə yaşayan nüfuzlu soydaşlarımız tərəfindən azərbaycanlı kadrların qlobal şirkətlərdə və beynəlxalq təşkilatlarda vəzifə tutmasına dəstək verilməli və onların digər dost diaspor qrupları ilə qarşılıqlı əlaqədə olması da diqqətdə saxlanılmalıdır.

Diaspordakı sahibkarların və şirkətlərin mentorluq layihələri vasitəsilə birbaşa və ya dolayı yolla vətəndəki uğurlu sahibkarlarla bir araya gəlməsi də təşkil olunmalıdır. Həmçinin, xaricə sərmayə yatıran azərbaycanlı iş adamları ilə ixracatçı biznesmenlərimizin iş ortağı olmasına imkan verəcək mexanizmlərin hazırlanması da nəzərdən keçirilə bilər. Dövlət tərəfindən xaricdə fəaliyyət göstərən azərbaycanlı orta və kiçik biznes sahiblərinə güzəştli kreditlərin verilməsi üçün Fondun yaradılması da mümkündür. Ölkəmizə investisiya yatırmaq istəyən soydaşlarımıza da xüsusi imtiyazlar tanınmalı, güzəştlər tətbiq edilməlidir.

Diasopra bağlı sahibkarların iş axtaran xaricdəki soydaşlarımıza dəstək vermələri də vacib məsələlərdəndir. Bunun üçün sahibkarların da qoşulduğu xüsusi internet şəbəkələri, aplikasiyalar işlənə bilər.

Diasporumuzun yaşadıqları ölkəyə və cəmiyyətə inteqrasiyasını gücləndirmək və sosial kapitalını artırmaq da çox vacib və daim diqqətdə saxlanılacaq məsələdir. Bu istiqamətdə iş bütün diaspor üzvləri ilə aparılmalı olsa da, xüsusi diqqət orta və gənc nəslə yönəlməlidir. Sözügedən inteqrasiya prsoslərinin gücləndirilməsi və sosial kapitalın artırılması üçün ayrıca proqramlar hazırlanmalı, mühacir soydaşlaırmız bu proqramlar çərçivəsində təlimlərə cəlb edilməlidir.

Mühacir soydaşlarımıza hüquqi yardımların göstərilməsi də həllini gözləyən diaspordaxili problemlərimizdəndir. Bir çox diaspor üzvləri maddi çatışmazlıq, yaxud yaşadıqları ölkənin rəsmi dilini və qanunlarını lazımı səviyyədə bilməmələri səbəbindən ciddi hüquqi əngəllərlə üzləşməli olurlar. Ona görə də diasporumuza zəruri hüquqi yardımların göstərilməsi üçün ixtisaslaşmış QHT-lərin yaradılmasına da ehtiyacın olduğunu düşünürük.

Bəs diaspor Ana Vətən üçün nə edə bilər?

İqtisadi qüdrəti və sosial kapitalı artan diaspor necə effektiv şəkildə təşkilatlana və lobbi fəaliyyəti göstərə bilər?

Zənnimizcə, ilk növbədə təşkilatlanma və koordinasiya məsələlərinə diqqət yetirilməlidir. Ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını bir zəncirdə birləşdirən şəbəkənin yaradılması daha çevik və effektiv fəaliyyət üçün səmərəli olardı. Belə bir mexanizmin qurulması dövlətin diaspora ehtiyacı olduğu təqdirdə, milli təşkilatarımızın daha çevik hərəkətə gətirilməsi üçün faydalı olar.

Mühacir aktiv soydaşlarımız qlobal Azərbaycan diaspor şəbəkəsi daxilində Ana Vətənin daxili və xarici problemləri ilə tanış olar, bu problemlərin həllinə əhəmiyyəti töhfələr verə bilər. Belə bir şəbəkənin yaradılması xaricdəki soydaşlarımız arasında da rahat əlaqələrin qurulması üçün faydalı olardı. Şəbəkə yaradılarkən, həmin mexanizmin fəaliyyətinin səmərəliliyinin artıtılması üçün daxili vintlərindən biri kimi - "Çağrı Mərkəzi"nin yaradılması vacibdir. Belə vasitə yaranarsa, hər bir mühacir soydaşımız qarşılaşdığı problemlərlə, həyata keçirmək istədiyi təkliflərlə bağlı "Çağrı Mərkəzi"nə müraciət etmək imkanı əldə edər.

Diasporun, xüsusəndə yaşadıqıları cəmiyyətin nüfuzlu şəxsləri olan soydaşlarımız lobbi fəaliyyətinə cəlb edilməsi onların Vətənə ən böyük xidmətlərindən olardı. Belə şəxslər Ana Vətənlə yaşadıqları ölkələrin nüfuzlu dövlət xadimləri və qurumları, ictimai təşkilatları və şəxsləri arasında uğurlu vasitəçilik və dostluq missiyası həyata keçirməklə yanaşı, bu missiyanı gələcəkdə daşıya biləcək kadrların yetişdirilməsi isitqamətində çalışmalıdır. Çünki lobbiçilik arası kəsilmədən davam etdirilməli olan zəruri fəaliyyətdir.

Diasporun əsas vəzifələrindən biri Vətənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması və dəyərlərinin düzgün təbliğidir. Xüsusən belə həssas beynəlxalq durumda qeyd olunan fəaliyyətə ehtiyacımız var.

Xaricdəki milli təşkilatlarımız koordinasiyalı şəkildə mühacir gənclərimizin yalnız mədəni-mənəvi tərbiyəsi ilə deyil, sosial problemlərinin həllini də üzərinə götürməlidir. Onlar yaşadıqları cəmiyyətdə ictimai işlərə cəlb olunmalı, yerli mediada iştiraka təşviq edilməlidirlər. İctimai aktiv soydaşlarımız yaşadıqları ölkənin problemlərinin həllinə də töhfələrini verərək nüfuz qazanmalı və yeri gəldikdə, bu nüfuzdan Vətənin xeyrinə istifadə etməlidirlər.

Diasporun vətənlə qarşılıqlı əlaqəsi necə gücləndirilə bilər,
diaspor milli məqsədlərə necə töhfə verə bilər?

Diasporun Ana Vətənlə əlaqələrini gücləndirmək məqsədilə genişləndirilmiş vətəndaşlıq konsepsiyasının işlənib hazırlanması və bu məsələ ilə bağlı lazımi bürokratik və diplomatik təşəbbüslərin irəli sürülməsi vacibdir. Bundan başqa, ikinci nəsil diaspor üzvlərinə öz köklərini tanımaq imkanı verəcək Vətənə səyahət proqramlarının təşkilini zəruri hesab edirik. Sahəyə məsul dövlət qurumları bu istiqamətdə xırda addımlar atmağa başlayıb, lakin belə səyahətlərin daha çox təşkil edilməsi ehtiyac var.

Diaspor gənclərinin azərbaycançılıq hissini gücləndirmək üçün Vətəndə təcrübə və təlim proqramlarının təşkili, diaspor tələbələrinin vətəndə təhsil təqaüdü ilə təmin edilməsi də nəzərdən keçirilməldiir.

Yuxarıda diasporun iqtisadi qüdrətinin artırılması üçün Vətəndən də müəyyən dəstəyin verilməsini təklif etmişdik. Diaspor qurumlarımız gücləndikdən sonra artıq xaricdəki soydaşlarımız da ölkəmizə investisiya qoyaraq Ana Vətənin çiçəklənməsi, daha da qüdrətlənməsi üçün töhfələr vermələrinə təşviq edilməlidir. Hətta xaricdəki imkanlı iş adamlarımız bu məqsədlə səylərini birləşdirərək Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu vasitəsilə kampaniyalar təşkil edə bilərlər. Belə şəxslər Vətəndəki istedadlı və savadlı gənclərin xaricdə təhsil almaları üçün də əhəmiyyətli dəstək layihələri ortaya qoymalıdırlar. Necə ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu 2024-cü ildə 10 istedadlı gəncimizə xaricdə təhsil almaları üçün təqaüdlü universitetlər tapmaqda dəstək oldu.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...