Tarix: 20.04.2024 / 09:05
Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı

Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, 20 aprel – 24 noyabr tarixlərində keçiriləcək biennale bu il “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında təşkil olunur. XVI əsrin unikal memarlıq abidələrindən Campo della Tanada yerləşən Azərbaycan pavilyonu “Xəzərdən çəhrayı planetə: mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin devizini özündə əks etdirir.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan pavilyonunun açılış mərasimində iştirak edən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Salem bin Xalid əl-Qassimi ilə görüşüb.

Görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, birgə mədəni layihələrin təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, görüşdə “Bakı Prosesi” çərçivəsində bu ilin 1-3 may tarixlərində ölkəmizdə təşkil ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şərhlər

Yaz...