Tarix: 07.08.2024 / 09:15

Vaşinqtonda diasporun bir araya gələcəyi yer yoxdur

"Diasporla Gündəm"in növbəti qonağı Amerikada yaşayan diaspor fəalı, jurnalist Zaur Bayramlı olub.

Z.Bayramlı ilə söhbət zamanı ABŞ-də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, vahid diasporun formalaşmasında Güney azərbaycanlıların rolu kimi məsələlər müzakirə edilib.

Z.Bayramlı bildirib ki, Güney azərbaycanlıların problemlərinin həlli istiqamətində önəmli addımlar atılmalıdır:

"Türkiyəyə müvəqqəti olaraq sığınmağa məcbur qalan güneyli soydaşlarımızın məsələləri də ölkəmiz tərəfindən Türkiyə Cümhuriyyətinin qarşısına məqsəd olaraq qoyulmalıdır. Onlar bizim vətəndaşımız olmasa da soydaşlarımızdır. Azərbaycan 50 milyonluq geniş bir coğrafiyanı əhatə edən bir anlayışdır. Türkiyədə yaşadığım 11 il ərzində onların necə ağır problemlərlə üzləşdiyinin şahidi olmuşam. Məsələ həllini tapmalıdır. Güneyli soydaşlarımız da suriyalılar kimi işləməli, onlara yaşayışlarını təmin etmələri üçün sosial yardımlar verilməlidir. Şükürlər olsun ki, güneylilər Amerikada bu kimi əngəllərlə qarşılaşmır, yerləşdikdən bir müddət sonra sosial-iqtisadi problemlərlə üzləşmirlər. ABŞ-də yaşayan güneyli soydaşlarımızın sayı quzeylilərdən çoxdur. Həm də onların diaspor tarixi bizdən daha qədimdir. Çünki biz Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərbdə məskunlaşmağa başladıq. Güney diasporunun təkcə yaşı deyil, iqtisadi imkanları da bizdən daha çoxdur. Hesab edirəm ki, biz yaxşı və müsbət mənada onların gücündən doğru istifadə edə bilməmişik, onlarla çox işləməliyik".

Onun sözlərinə görə, güneyli soydaşlarımızın ABŞ-də sayları çox olsa da heç də hamısı Güney Azərbaycanın müstəqilliyi uğrunda savaşmırlar:

"Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatları, aidiyyatı qurumlar fərqli ideologiyaların təsiri altında olan güneyli soydaşlarımızla iş apararaq onları vahid xətt üzərində birləşdirməlidir. Ən azından biz onları İranda Ana dilimizin bərpası istiqamətində fəaliyyətə cəlb etməliyik".

Z.Bayramlı qeyd edib ki, Vaşinqtonda diaspor quruculuğu istiqamətində bütöv Azərbaycan üçün çalışan soydaşlarla iş birliyi edilir:

"Biz 44 günlük savaş boyunca burada çoxsaylı mitinqlər keçirdik. Onlar heç bir fərq qoymadan canfəşanlıq etdilər. Ehtiyac olduğu zaman Ağ Evin qarşısında, Pakistan səfirliyinin tərkibində İrana aid konsulluq işlərini həyata keçirən məntəqənin qarşısında dəfələrlə güneyli soydaşlarımızın hüquqları ilə bağlı aksiyalar təşkil etmişik. Ancaq təvazökarlıqdan kənar olsa da mən və uzağı 2 nəfər quzeyli soydaşımızdan başqa bu kimi aksiyalarda heç kim iştirak etməyib. Güneyin məsələsinə bu cür laqeyd yanaşmamız onları incidir".

Z.Bayramlı ABŞ-də Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətin yetərli olmadığı qənaətindədir:

"Çatışmazlıqlar çoxdur. Ən azından Vaşinqtonda diaspor təşkilatlarımızın bir araya gələcəyi yer yoxdur. Bizə müraciət edən həmvətənlərimizin problemlərini həll etmək üçün başqalarına göstərə biləcəyimiz məkanımız mövcud deyil. Ünvan olmadığı üçün türk dünyasından olan diaspor təşkilatları ilə koordinasiya qurmaq da çətin olur".

Z.Bayramlı həmçinin türk dünyasının dərinləşən inteqrasiyası fonunda Türk dövlətləri ilə birgə vahid diaspor təşkilatının yaranmasının zəruriliyini vurğulayıb. O, bu istiqamətdə həmrəylik və birliyin təmin olunmasını avantaj adlandırıb.

Şərhlər

Yaz...