Tarix: 05.08.2024 / 11:48
V Yay Düşərgəsinin iştirakçıları   ekskursiyada olublar

V Yay Düşərgəsinin iştirakçıları ekskursiyada olublar

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində iştirakçıların “Həkəri Balıq Təsərrüfatı”, “Gilabi Ceramics” mərkəzi, “Hoçazfilm” yaradıcılıq studiyası və Laçın rayonunun Zabux kəndinə ekskursiyaları təşkil edilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, “Həkəri Balıq Təsərrüfatı”ında nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə bilgi verilib.

Gənclər “Gilabi Ceramics”də milli naxışlarla bəzədilmiş müxtəlif növ keramika məhsulları ilə tanış olublar.

“Hoçazfilm” yaradıcılıq studiyasında diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətlərinə Qarabağ regionunun təbliğatı ilə bağlı layihələr, bölgədəki mədəni-kütləvi tədbirlərin işıqlandırılması, kinoteatr və yaradıcı ittifaqlarla əməkdaşlıq, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və s. daxildir.

Daha sonra gənclərin Laçın rayonunun Zabux kəndinə səfəri baş tutub. Həkəri çayı ilə Zabux çayının arasında, Qarabağ yaylasında yerləşən Zabux kəndi təbiətinin gözəlliyi ilə iştirakçıları valeh edib. Burada aparılmış təmir-bərpa işləri ilə tanış olan gənclər quruculuq işlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib. 2023-cü il 25 avqust tarixində Zəbux qəsəbəsinə əhalinin köçürülməsinə başlanılıb.







Şərhlər

Yaz...