Tarix: 27.06.2024 / 09:15

“Üzümə qapı bağlayanlar ...” - Məşhur brend sahibinin uğur hekayəsi

“Uğurlu soydaş” verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı rəssam-dizayner, “Sevil Art” brendinin qurucusu Sevil Əhmədova olub.

S.Əhmədova verilişdə öz uğur hekayəsindən bəhs edib. II Qarabağ müharibəsindən sonra öz brendini yaratdığını bildirən S.Əhmədova Azərbaycan mədəniyyətini tanıtmaq qərarına gəldiyini qeyd edib:

“Şallara böyük marağım olduğu üçün birinci şal dizaynı ilə başladım. Sonra eynək qabları, kompyuter çantaları dizayn etdim və maraqla qarşılandı. Sosial şəbəkədə məhsullarımı özüm reklam edirəm, hətta “Sevilart.com”da da məhsullarımızı tanıdırıq. İnsanlarda xüsusi maraq olduğu üçün tələbat oldu və satış etdim. Beləliklə, hazırda müxtəlif ölkələrdən soydaşlarımız, blogerlər və s. müraciət edib məhsullarımızı alırlar”.

S.Əhmədova bildirib ki, brendini gələcəkdə dünya bazarına çıxartmaq niyyətindədir:

“Hazırda “Qarabağ” kolleksiyası üzərində işləyirəm. Hətta belə bir istəyim də var ki, rayonlarımızın hamısına kolleksiya həsr edim. Məsələn, yaxın zamanda “Şəki kolleksiyası” da işıq üzü görə bilər. Məhsullarımın dizaynında bir növ vətənimizin mədəniyyətini və təbiətini də nümayiş etdirirəm. Çox istərdim ki, fəaliyyətimdə dövlət səviyyəsində də işlər görüm. Birgə əməkdaşlığa hər zaman hazıram”.

Brend sahibi sonda iş qurmaq istəyənlərə motivasiya da verib:

“Bəzən deyirlər ki, “yaxın biznesmen qohumum olsun” və yaxud da “bir işə başlamaq üçün milyonlarla sərmayə lazımdır”. Əslində isə belə deyil. Gənclərə və iş qurmaq istəyən hər kəsə demək istəyirəm ki, bir yerdən başlayın, alınmasa, siz yenə cəhd edin. Sonda nəticəsi olacaq və öz arzunuza çatmış olacaqsınız”.

Şərhlər

Yaz...