Tarix: 11.01.2025 / 10:21

Unudulmuş torpaqlarda azadlıq mübarizəsi: Türkmanların haqq səsi Kevsəroğlu...

“Türkmanların unudulmuş torpaqlarında mübarizəyə həsr olunmuş bir ömür və fədakarlıq hekayəsi...”

Əsrlərin, yüzillərin şahididir qədim Kərkük daşları... Hər küçə, hər dalan, hər ev bir tarixdir... Amma bu tarix təkcə torpaqla deyil, həm də bu torpaqları formalaşdıran insanlarla, onların ideyaları, mübarizələri ilə varlığını davam etdirib. Bu mübarizənin ən önəmli simalarından biri də Necat Kevsəroğludur. O, Kərkükün yazar və alimlərindən biri, türkman xalqının azadlıq və bərabərlik uğrunda mübarizəsində dərin izlər qoymuş mütəfəkkirdir.

Həyatını türkman xalqının azadlığı uğrunda mücadiləsinə həsr etmiş bir yazıçı və alim kimi Necat Kevsəroğlunun dirənişi təkcə özünün əzmkarlığı ilə deyil, həm də millətinin taleyinə dərin bağlılığı ilə formalaşıb. Onun həyatı bir xalqın azadlıq mübarizəsinin, kimlik axtarışının bir simvoludur.

Necat Kevsəroğlunun hekayəsi 1949-cu ildə Kərkük şəhəri Musalla məhəlləsində dünyaya göz açması ilə başlayır. O, ibtidai və orta təhsilini elə doğulduğu şəhərdə alır.

Uşaq yaşlarından sözə, ədəbiyyata və tarixə böyük sevgi bəsləyir. Yazdığı hər sətir, dediyi hər söz türkman elinin azadlıq mücadiləsinin ifadəsi olur. Məlumdur ki, İraq türkmanlarının taleyinə çox böyük əzab və məşəqqətlər yazılıb. Onlar yalnız yaşam mücadiləsi verməyib, ərəb hakim dairələrinin basqısı altında qalan dilinin saflığını, zərifliyini qorumaq, milli dəyərlərinə sahib çıxmaq üçün çalışıb, bu yolda dəfələrlə ölümlə burun-buruna gələrək öz milli kimliklərini qoruyub saxlaya biliblər.

O, kəlmələrlə yox, ürəyilə yazdı öz xalqının tarixini... Yüzillərin yükü ilə əzilən, milli kimlik soyqırımına uğrayan türkmanların səsi oldu Necat Kevsəroğlu..

Hələ uşaqkən, ibtidai məktəbdə oxuyanda atasının "Kimliyinizi bilin, özünüzü tanıyın, tarixini bilməyənin coğrafiyasını özgələri istifadə edər" - sözü onu daha çox araşdırmağa, öyrənməyə vadar edir. O zamandan bəri mütaliəni bir gün belə dayandırmır, xüsusilə daha çox tarixlə maraqlanır. Türklüyün nə qədər geniş və dünyada məşhur bir tarixə malik olduğunu öyrənir.

Məktəbi bitirdikdən sonra 1964-ci ildə Kərkükdəki Pedaqoji İnstituta daxil olur. Bu illərdə daha dərin araşdırmalara başlayır. Bağdad, Azərbaycan, Türkiyə kimi ölkələrin jurnal, qəzet, xüsusən də türkman nəşrlərində Kərkük tarixi və türkmanlarla bağlı silsilə məqalələrlə çıxış edir.

1974-cü ildə Bağdad Texnologiya Universitetini bitirdikdən sonra doğulub boya-başa çatdığı Kərkükdəki Musalla Liseyinə müəllim olaraq təyin olunur.

... Necat Kevsəroğlu ömrünün 25 ilini həsr etdiyi türkman təhsilinə misilsiz töhfələr verir. O, müəllim yoldaşları və yazar dostları ilə birlikdə türkmanların təhsil aldığı məktəblərdə türk dilini öyrənmələri üçün əsas lüğət tərtib edir. Bununla yanaşı həyat bilgisi, riyaziyyat və dini elmləri də tədris edirlər.

Yazarın əsərlərində xalqının üzləşdiyi sosial və siyasi çətinliklər, tarixi mübarizələri və mədəni dəyərlərinin qorunması kimi mühüm mövzulara toxunulur. Əsərləri türkman xalqının hüquqlarının qorunmasında və dünyada tanınmasında mühüm rol oynayır.

Necat Kevsəroğlu yalnız xalqı uğrunda elmi işlərlə məşğul olmur, həm də yazılarında, sözlərində, əməllərində istək və ideallarını azadlıqla birləşdirirdi. O, hər fürsətdə xalqının kimliyini və mədəniyyətini qorumağın azadlıq mübarizəsinin ən vacib məqsədi olduğunu vurğulayır. Çünki Kevsəroğlu üçün azadlıq sadəcə siyasi bir vəziyyət deyil, xalqın ləyaqəti, mədəni varlığı və gələcəyə ümidlə baxma qabiliyyəti idi...

“Sözlər cəmiyyətin müqavimətidir” - deyiblər, eşidilmirsə, deməli, xalqı duyan, bilən də olmur. Onun qələmi xalqının azadlığı üçün məşəl kimi yanmağa davam edir. Hər yazısı, elmi məqaləsi xalqının varlıq mübarizəsini aydınlaşdıran bir işıq oldu, əsərləri türkman xalqının azadlığına sarsılmaz inamın simvoluna çevrildi.

O, 2003-2005-ci illərdə İraq Türkman Cəbhəsinin Mülki təşkilatlar şöbəsində təhsil sektorunun müdiri olduğu müddətdə türkman məktəblərində tədris olunması üçün “Mahfuzat" şeir kitabını hazırlayır. Həmin kitab bu gün də dərslik kimi istifadə edilir.

2005-ci ildən bu günə qədər İraq Türkman Cəbhəsinin nəşri olan "Türkməneli" qəzetinin baş redaktoru olaraq fəaliyyət göstərir. Nəşr türk və ərəb dillərində yayımlanır.

2006 və 2008-ci illərdə İstanbulda 1-və 2-ci Türkman mətbuatı və informasiya qurultayında Türkman Mətbuatının Baş Şurasında İraq nümayəndəsi olaraq üzv seçilir. 2007-ci ildə Ankara və İstanbulda baş nazirin mətbuat açıqlamaları Baş İdarəsi tərəfindən təşkil edilən informasiya və jurnalistika kurslarını uğurla bitiririr.

...Kevsəroğlu İraq, Türkiyə, Azərbaycan və Səudiyyə Ərəbistanında türkman tarixi, ədəbiyyatı, dili, informasiya və jurnalistikası üzrə qurultay və bilik bayramlarında iştirak edib.

O, Azərbaycan, türk ədəbiyyat nümunələrini İraq dilinə tərcümə edir və nəşr etdirir, ölkələrarası mədəni körpü rolunu da üstlənir.

İraq Ədəbiyyatçılar və Yazarlar Birliyi, İraq Sənətçilər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Beynəlxalq Sərhədsiz Yazarlar Birliyi, Türkmən Ədəbiyyatçılar və Yazarlar Birliyi kimi yaradıcı birliklərin üzvüdür.

Bundan əlavə, Necat Kevsəroğlu ağacoyma sənəti ilə də məşğul olur. İşlədiyi tablolarda İraqın türkman memarlıq abidələri və Türk dünyasının məşhur xəttatlarının cizgiləri əks olunur. O, İraqda keçirilən bir çox sərgilərdə iştirak edib. Gördüyü işlər İraq Rəssamlar İttifaqı və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib.

... Necat Kevsəroğlu izah etdi ki, sadəcə xalqının azadlığı uğrunda fiziki mübarizə kifayət deyil, ürəkləri, inancları və dəyərləri də azad etmək lazımdır. Axı, könüllərin zəncirlərini qırmaqla qazanılır mübarizlik...

Kərkük bir şəhərdən daha çox, bir çox şəxsiyyətləri, mədəniyyətləri və insanları özündə birləşdirən bir mozaikadır. Bu mozaika içərisində türkmanların azadlıqları və hüquqları tarix boyu təhlükə altında olub.

Necat Kövsəroğlu qələmi, sözü, həyatı, mübarizəsi ilə türkman kimliyini bu təhdidlərə qarşı müdafiə edən bir ziyalıdır.

Onun yazdığı hər söz müqavimətin, azadlıq mübarizəsinin ifadəsidir. Yazarın mübarizəsi tarixin dərinliklərindən bu günümüzə qədər uzanacaq bir miras buraxıb.

Və bu gün Necat Kevsəroğlunun yazdığı hər cümlədə Kərkük küçələrində əks-səda verən azadlıq hayqırtıları, türkman xalqının kimliyini müdafiə etmək əzmi hələ də canlıdır, diridir...

O, təkcə yazıçı deyil, həm də türkman xalqının vicdanıdır....

Tarixdən bu günə uzanan bir xalqın azadlıq mübarizəsinin hayqıran səsidir...

Ayşən Rəhim

Şərhlər

Yaz...