Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan ukraynalı alimlər - hüquq elmləri doktoru, professor, Ukrayna Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru Arif Quliyev, professor, fizika-riyaziyyat elmləri doktoru Eldar Vəliyev, Tətbiqi Radioelektron Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru Murad Ömərov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevlə görüşüblər.
Diaspora.TV xəbər verir ki, görüş zamanı Ukrayna və Azərbaycanın elmi dairələrinin nümayəndələri geniş spektrli məsələləri, xüsusilə birgə tədqiqatlar, təcrübə mübadiləsi və elmi tədbirlərin təşkili imkanlarını müzakirə ediblər.
Əsas mövzular arasında mövcud elmi problemləri müzakirə etmək və yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək üçün iki ölkənin alimlərini bir araya gətirəcək onlayn konfransın keçirilməsi ideyası olub. Bu, hər iki ölkənin elmi potensialından daha səmərəli istifadə etməyə imkan verir və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.