Bu gün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) mərkəzi ofisində Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olan Rəhimov Zahir Rəhim oğlunun yaxınları ilə görüş keçirilib.
Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, görüşdə UABD-nın sədr müavini Elşad İbrahimov, İdarə Heyətinin üzvləri və diaspor fəalları iştirak ediblər.
E.İbrahimov bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü başladığı gündən yüzlərlə soydaşımız döyüşür, onlardan 60-a yaxını isə həlak olub:
"UABD olaraq imkanlarımız daxilində müharibədə iştirak edən, yaralanan və həlak olan soydaşlarımızın yaxınlarına dəstək oluruq. Bu istiqamətdə Ukrayna-Azərbaycan “Müharibə Könüllüləri Qardaşlıq Cəmiyyəti”nin fəaliyyəti təqdirəlayiqdir. Cəmiyyətin sədri, UABD İdarə Heyətinin üzvü Vidadi İsrafilov və üzvləri müharibədə iştirak edənlərə, yaralıların təxliyyəsinə, həlak olanların sənəd işlərinə yardım edirlər. Döyüşənlərin təltif edilməsi də artıq ənənə halını alıb".
Görüşdə ”Müharibə Könüllüləri Qardaşlıq Cəmiyyəti” tərəfindən Zahir Rəhimovun həyat yoldaşına mərhumun ölümündən sonra təltif olunduğu “Hərbi şücaətə” görə ordeni təqdim olunub.
Mərhumun həyat yoldaşı diaspora və cəmiyyətə diqqətə və qayğıya görə öz minnətdarlığını bildirib.