Tarix: 16.09.2024 / 10:05

Türkiyədəki təşkilatların soydaşlarımıza faydası varmı?

"Diasporla Gündəm"in bu dəfəki qonağı Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Nigar İbrahimova olub. N.İbrahimova ilə söhbət zamanı Azərbaycan diasporu, dərnək və cəmiyyətlərin Türkiyə mətbuatına çıxış imkanları, soydaşlarımızın qardaş ölkədə qarşılaşdıqları problemlər və digər məsələlər müzakirə edilib.

N.İbrahimova qeyd edib ki, Türkiyədə yaşayan jurnalist kimi ölkəmizi təmsil edir. O, Azərbaycan dərnəkləri və cəmiyyətlərinin Türkiyə mətbuatına çıxışı imkanlarında da söz açıb:

"Mənə bu istiqamətdə çox müraciətlər və dəvətlər olur. Dərnəklər sayca çoxluq təşkil etsə də təəssüf ki, fəaliyyətləri uzunmüddətli deyil. Mən Akdeniz bölgəsində çalışıram və yalnız oradakı fəaliyyətlə tanışam. Bununla bağlı dərnəklərdə çalışanlara bir sıra iradlarım olur. Çünki sistemsiz, ayrı-ayrı və xəbərsiz iş görürlər. Lakin daha effektiv və bir çətir altında fəaliyyət göstərsələr orada yaşayan azərbaycanlılara daha çox xeyirləri olar. Adətən bir sosial şəbəkə hesabı açırlar, həyata keçirilən müəyyən işləri paylaşırlar, amma bunun oradakı soydaşlarımıza bir faydası yoxdur. Azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı daha çox bizə müraciət edirlər. Təəssüf ki, bəziləri "kiçik də olsa, dərnəyim olsun" prinsipilə özfəaliyyət göstərirlər".

N.İbrahimova qardaş ölkədə soydaşlarımızın qarşılaşdığı problemlərə də toxunub. Onun sözlərinə görə, bu, daha çox təhsil və işsizliklə bağlıdır:

"Çünki ilbəil Türkiyəyə oxumaq üçün gedən tələbələrin sayı artır. Onların qeydiyyat problemləri olur. Maddi vəziyyətlə bağlı təhsilini dondurmaq məcburiyyətində qalanlar da var. Bu yöndə universitetlə əlaqə yaratmaq baxımından çox müraciətlər almışam. Bacardığım qədər yardımçı olmağa çalışıram. Məişətlə bağlı problemlər də az deyil. Çünki əlaqələr artdıqca Türkiyədə ailə quran qızlarımızın sayı da çoxalır. Münasibətləri uğursuz olduğu üçün boşanan ailələr də olur. Əgər evlilikdən uşaq da varsa, ayrılandan sonra həmin qadınlar yaşadıqları ölkənin qanunlarını yaxşı bilmədiyi üçün çox əziyyət çəkirlər. Onlar üçün müəyyən işlər görmüşəm. Ölkənin qanunları barədə bilgisi az olan soydaşlarımız çətinliklərlə üzləşirlər. Daha sonra iş və səhiyyə sektorunda qarşılaşdıqları problemlərlə də üzləşənlər mövcuddur".

Müsahibimiz Azərbaycan - Türkiyə münasibətlərinin hazırkı vəziyyəti barədə də söhbət açıb. Son dövrlər iki ölkə arasında münasibətlərdə soyuqlaşma kimi iddialara münasibət bildirən tanınmış jurnalist qeyd edib ki, artıq dünyada geosiyasi vəziyyət dəyişir:

"Əvvəllər dünyanın diqqəti Rusiya-Ukrayna münaqişəsinə yönəlmişdisə, hazırda bütün gözlər Yaxın Şərqə çevrilib. Azərbaycan hər zaman demokratik ölkə olub. Ölkənin ərazisi daxilində olan bütün millətlərə, qruplara eyni səviyyədə münasibət göstərən siyasəti mövcuddur. Hazırda Yaxın Şərqdəki mövcud durum Azərbaycanın bu məsələdə mövqeyinin fərqli, Türkiyənin fərqli olduğunu göstərdi. İsraillə Azərbaycanın tarixən heç bir problemi olmayıb. Bu səbəblə də Azərbaycan bu müttəfiqlik prosesinə xələl gətirəcək bir siyasi mövqe sərgiləmir. Lakin Türkiyənin Yaxın Şərqlə Osmanlı dönəmindən bu yana fərqli yanaşması var. Təəssüflər olsun ki, daha çox sosial şəbəkə vasitəsilə yaradılan müəyyən qruplaşmalar Azərbaycana qarşı nifrət təbliğatı formalaşdırmağa çalışdılar. Bəlkə də bunları maliyyələşdirən Azərbaycana qarşı olan qüvvələrdir. Bizim milli dəyərimiz olan SOCAR-a qarşı törədilən hücuma azərbaycanlı mövqeyimi qoruduğum üçün təhdidlərə məruz qaldım. Məni üzən durum odur ki, hazırda Türkiyə-Azərbaycan münasibətlərini qorumağa çalışan çox az insan var. Ölkəmiz hər zaman Türkiyədə fövqəladə bir vəziyyət zamanı ilk gələn, son gedən ölkə olub. Bizdə heç vaxt Türkiyəyə qarşı bir anti-təbliğata icazə verilməyib. Azərbaycan türk dünyasının parıldayan ulduzudur və bunu istəməyən qüvvələr var. Bunu da kənarda axtarmaq lazım deyil. Münasibətlərdəki soyuqlaşma müvəqqətidir, keçib gedəcək. Bu, Türkiyədə cəmiyyətin deyil, bəzi qruplaşmaların Azərbaycana olan münasibətidir".

Şərhlər

Yaz...