“Bir ölkənin tanınmasında onun televiziya kanalları, bir sözlə mediasının böyük rolu var. Türkiyədə isə Azərbaycan TV kanalı yoxdur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi Akif Qasımov deyib.
A.Qasımov bildirib ki, Türkiyədə Ermənistan, hətta Yaponiya və digər qeyri-türkdilli ölkələrin TV kanalları fəaliyyət göstərir:
“Bizim kabel televiziyalarına daxil olan zaman türk kanallarına baxa bilirik. Türkiyədə isə kabel televiziyalarında nəinki Azərbaycan, heç digər türk dövlətlərinin belə TV kanallarını da görə bilmərik. Ancaq erməni kanalı, hətta Yaponiya telekanalı belə var. Biz Türkiyəni mahnıları, filmləri, verilişləri ilə tanımışıq. Ancaq Türkiyədə bir Azərbaycan filmini belə tanımırlar. Baxmayaraq ki, qardaşıq, amma Türkiyədə Azərbaycanı hər kəs tanımır”.
A.Qasımov qeyd edib ki, burada media vasitələrinin də böyük rolu var:
“Azərbaycanın tanıdılmasında jurnalistlər də yaxından iştirak etməlidir. Ən azından “Youtube” sosial şəbəkəsi vasitəsilə bunu etmək olar. Bu, o qədər də böyük vəsait tələb etmir”.
Xəyalə Zöhrab
Diaspora.TV