Tarix: 31.07.2024 / 11:20
Türkiyədə   millətçi partiyaların yaranmasında iştirak etmiş   azərbaycanlılar

Türkiyədə millətçi partiyaların yaranmasında iştirak etmiş azərbaycanlılar

Pantürkizm, türkizm və ya türkçülük - türk xalqlarının etnik, mədəni, tarixi keçmiş və dil identikliyi əsasında siyasi konsolidasiyasının zəruriliyi ideyasını önə çəkən, təbliğ edən dünyəvi millətçi doktrinadır. XIX əsrin ikinci yarısında Osmanlı imperatorluğunda, Rusiya imperiyasında və türk xalqlarının yaşadığı başqa dövlətlərdə millətçi ziyalıların, fikir adamlarının siyasi-ideoloji hərəkatı kimi formalaşmağa başlayıb.

Osmanlı və Rusiyada pantürkizmin ictimai-siyasi fikirdə təzahürü kontekstləri və hədəfləri fərqli idi. Titul xalqı və hakimiyyəti türklər olan Osmanlı dövlətində türkçülük zəifləyən imperiyanın xilası yolu kimi islamçılıq və osmançılığa qarşı, əsasən də Sultan II Əbdülhəmiddən qurtulmaq zəminində siyasi-ideoloji düşüncə kimi meydana çıxırdı. Rusiyada isə pantürkizm və ya turançılıq türk xalqlarının çarizm əsarətindən qurtulmasını hədəfləyən milli azadlıq görüşləri, axtarışları zəminində baş qaldırırdı.

Hər iki coğrafiyada baş qaldıran türkçülük dünyagörüşünün tezislərində, bəzi istisnalarla, bütün türklərin vahid dövlətinin mərkəzində Türkiyə durur. Bunun “anti-tezisi” Rusiya imperiyasının parçalanmasıdır ki, türk xalqları əsarətdən qurtulsun və Turanın yolu açılsın.

Təbii ki, Osmanlıda və Rusiyada pantürkizmə yanaşmalar adekvat - bir-birinə diametral şəkildə zidd idi. Çar Rusiyası və SSRİ kimi hazırda Rusiya Federasiyasında da siyasi dairələr ənənəvi ehkamlarının əsarətində qalır. Hərçənd ki, postsovet konyukturasında, Türk Dövlətləri Təşkilatının nüfuzunun artması və ciddi geosiyasi faktora çevrilməsi fonunda Kreml təbliğatı anti-türkçü kimi görünmək istəmir. Amma Rusiyanın siyasi elitası pantürkizmi özləri üçün əbədi təhdid saymaqda davam edir (Вадим Трухачев.Пантюркизм:вековая угроза России. Правда.Ру,11 декабря 2007).

Türk Dil Qurumu “pantükrizm” termininin leksik mənasını “türkçülük axını” kimi qəbul edir: “Pantürkizm axınının məqsədi türklər arasında birliyi saxlamaqdır”.Türkiyənin elmi-siyasi ədəbiyyatında pantürkizm pozitiv, mütərəqqi aspektlərdən dəyərləndirilir, eyni zamanda siyasi-ideoloji səbəblərlə türkçülük axınına “revizionist” yanaşmalar da var. Rusiya, İran, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çin və türkdilli xalqların azlıq şəkildə yaşadığı başqa dövlətlərdə isə pantürkizmin “reaksionist”, “ekspansiv”, “irredentist”, “faşizmin türk növü” kimi neqativ ifadələrlə tərifi verilir.

Məsələn, II Qarabağ savaşından sonra İranda Zəngəzur dəhlizi əleyhinə qarşı kampaniyada davamlı şəkildə bunun sadəcə dəhliz olmadığı, Türkiyənin Çin, İran və Rusiya türklərini birləşdirmək üçün düşündüyü oyun olduğunu yazırdı. Belə müəlliflər arasında İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti də var idi. “Ensafnews”un xəbərinə görə, Əli Əkbər Vilayəti Türkiyə ilə TDT-nin digər üzvləri arasında quru əlaqənin qurulmasında və pantürkizm xülyasının həyata keçirilməsində bu dəhlizin rolundan yazmışdı (https://publika.az/news/nida_tehlil/469997.html)



“Rus dilinin izahlı lüğəti”ndə pantürkizm mürtəce anlayış kimi təqdim edilir: “Bütün türk xalqlarını Türkiyənin hegomoniyası altında bir burjuaziya-mülkədar dövlətində birləşdirməyə istiqamətlənmiş burjua-millətçi cərəyan; pantürkizm imperialist dövlətlərin işğalçılıq siyasətinin məqsədləri üçün istifadə olunur, onun alətləri burjuaziya restavratorları, sovet respublikalarındakı xalq düşmənləridir” (Толковый словарь русского языка / Под ред. Д. Н. Ушакова. — М.: Государственное издательство иностранных и национальных словарей, 1939. — Т. 3.).

“Sovet tarix ensiklopediyası”na görə, pantürkizmi “aqressiv irqçi doktrina”dır: “Türk dillərində danışan bütün xalqlar guya bir millətdir və Türkiyənin başçılığı ilə Balkanlardan Sibirə kimi olan ərazidə vahid Turan dövlətində birləşməlidirlər/ bəzən pantürkizm panturanizm adlanır” (Еремеев Д. Е. Пантюркизм // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1961—1976.)

“Böyük Rusiya Ensiklopediyası”: “ Pantürkizm bütün türkdilli xalqları bir millət sayır və Balkanlardan Sibirə kimi onların vahid bir dövlətdə birləşməsinə çağırır: Bu ərazi adətən “Turan” adlanır, pantürkizm bəzən Altay ailəsi dillərində danışan etnosların daha geniş birliyini nəzərdə tutan panturanizmlə eyniləşdirilir... XX əsrin sonu-XXI əsrin əvvəllərində pantürkizm Türkiyənin ifrat sağ dairələrinin və postsovet respublikalarında millətçilərin ideologiyasının tərkib hissəsinə çevrilib” (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 25).

Əvvəlki yazılarda pantürkizmin siyasi ideoloji cərəyan olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu haqda müəyyən məlumatlar vermişdik. “Milliyet” qəzeti də “Pantürkizim nədir?” başlıqlı məqaləsində (09.12.2021) suala belə cavab verir: “Pantürkizm Osmanlı dövrü Rusiyanın bir parçası olan Azərbaycanda yaşayan türklərin başlatdığı bir hərəkat olaraq bilinməkdədir”.

Pantürkizmin fikir babalarından biri şübhəsiz ki, “Tərcüman” qəzetində bütün türk xalqlarını maarifləndirmək və birləşdirmək ideyasını təbliğ edən, vahid türk dili ideyasını ortaya atan türk oyanışının baneyi-karlarından sayılan İsmayıl bəy Qaspıralıdır. Pantürkizmin ilkin manifesti Qazan tatarı Yusuf Akçuranın 1904-cü ildə anonim dərc etdiyi “Üç tarz-ı siyaset” məqaləsidir. Məqalədə pantürkizmin ideoloji və elmi cəhətdən əsaslandırılırdı.

Hesab edilir ki, pantürkizm ideyasının doktrina kimi ortaya çıxması və sonrakı inkişafı məhz 1907-ci ildən - Əli Bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, zamanlaşmaq (müasirləşmək, çağdaşlaşmaq)” üçlü düsturu ilə başlayır. “Füyuzat” məcmuəsində Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”. Araşdırmaçıların bir qismi “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” fikrini Cəmaləddin Əfqaniyə, bir qismi Yusuf Akçuraya, bir qismi də Ziya Gökalpa aid olduğu iddia edir. Bəziləri də bu fikri vurğulayır ki, Ziya Gökalpın 1918-ci ildə dərc etdiyi “Türkleşmek, İslâmlaşmak, Muasırlaşmak” kitabındakı fikir Ə. Hüsynzadənin triadasının təkrarıdır. “Türkçülüyün əsasları”nın müəllifi ona “türkçülük fikrini aşılayan”ın 1896-cı ildən tanıdığı Ə.Hüseynzadə olduğunu etiraf edirdi (Uca, Alaattin (28 Şubat 2010). "ZİYA GÖKALP VE ONA TÜRKÇÜLÜĞÜ AŞILAYAN ADAM: HÜSEYİNZÂDE ALİ BEY". Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi s.8)

Amma kitabında Hüseynzadəyə istinad yox idi. Y. Akçura da ideologiyanın əsas təşəbbüsçüsünün Ə. Hüseynzadə olduğunu yazırdı. O, 1924-cü ildə Z. Gökalpın vəfatı ilə əlaqədar yazdığı “Ziya Gökalp haqda xatirə və mülahizələr” məqaləsi də bu polemikaya son qoymadır: “Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçüz ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili-təlif olduğunu Əli bəy iddia etmiş və “Füyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək) istehsalını tövsiyə eyləmişdi”. 1928-ci ildə də Y. Akçura həmin fikrində israrlıydı: “Ə. Hüseynzadənin bu üçlü düsturu, yaxşı tapılmış məsud ümdələrdəndir; bu ümdə, türk aləminin hər tərəfinə yayılmış və ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir: Məsələn, Gökalp Ziya bəy “Türkləşmək, islamlaşmaq, müasirləşmək” mövzusu üzərinə bir çox yazı yazmışdır” (Azər TURAN. Xalq qəzeti.- 2014.- 13 mart.- S. 5.).

1914-cü il dekabrın 11-də Rəsulzadə “İqbal” qəzetində dərc etdirdiyi “Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri” məqaləsində yazırdı: “Mədəni yaşayış üçün üç əsas lazımdır: milliyyət, beynəlmilliyyət və əsriyyət. Milliyyətin rüknü ana dili, beynəlmilliyyətin əsası - din və əsriyyətin binası - əsrə hakim olan ülum və fünun ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir. Vaxtilə möhtərəm Ə.Hüseynzadə əfəndi “Füyuzat”da “islam əqidəli, türk qanlı və Avropa qiyafəli insan olalım” - demişdi ki, qəsdi də bu idi”.



François Georgieon Y.Akçuradan bəhs edən məşhur “Türk milliyyətçiliyinin kökləri” kitabında yazırdı: “Əslində, bu formulu kəşf edən Azərbaycan əsilli... Hüseynzadə Əli idi və bunu 1907-ci ildə, Bakıda yayımlanan “Füyuzat” toplusundakı bir məqaləsində ortaya atmışdı” (A.TURAN. Xalq qəzeti.- 2014.- 13 mart.- S. 5).

Professor Bədirxan Əhmədov isə “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu” (525-ci qəzet, 13.02.16) adlı məqaləsində əks fikirdədir: “ Bu təməl prinsiplərin hər biri M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Ziya Paşa, Əhməd Vefiq Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlli ilə qədər müxtəlif mərhələlərdən (elmi, maarifçi, nəzəri, ictimai, siyasi) keçərək yol gəlmiş, Z.Göyalp və Rəsulzadənin yaradıcılığı ilə özünün son həddinə çatmışdır. Z.Göyalp Türkiyədə, Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai- siyasi məzmun verməyə müvəffəq olmuşlar. Ayrıca üçlü düsturun Azərbaycan Cümhuriyyətinin rəmzinə çevrilməsi isə birbaşa Rəsulzadənin adına yazılmalıdır. İstanbulda yaşayan Ə.Hüseynzadənin nə dövlətçiliyin təşkilində, nə də ideolojisinin formalaşmasında həmin dövrdə elə bir fəaliyyəti olmamışdır”

Bu polemikadan qaçaraq qeyd edək ki, bu üçlü düstur, görüş və ya triada daha əvvəl bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Osmanlı mütəfəkkiri və yazarı, türkçülüyün ilk pionerlərindən olan, Sultan II Əbdülhəmidi devirmək cəhdlərinə qurban gedən Əli Suavi (1839 -1878) tərəfindən irəli sürülmüşdü. “Fəqət Əli Suavi, hələ türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Ə.Hüseynzadənin təklifi tam zamanındaydı” (Aytək Zakirqızı (Məmmədova).Əli bəy Hüseynzadə haqqında Türkiyənin böyük mütəfəkkiri Hilmi Ziya Ülkənin xatirələri).

Mübahisələr “Fyüzat” ətrafında gedir. Ancaq bu ideya isə Ə.Hüseynzadə tərəfindən daha əvvəl , "Həyat" jurnalında 1905-ci ildə irəli sürülmüşdü (Nəcəfov, Etibar. "AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATININ XÜSUSİYYƏTLƏRİ").
Hər bir halda Türkiyədə türk xalqlarının ən son hədəfinin Turan dövləti olması ideyasını ilk dəfə ifadə edən Ə.Hüseynzadə olmuşdu. “İlk Turançı manifesti kimi tanınan “Turan şeirini 1892-ci ildə tələbə olarkən İstanbulda yazmışdı” ("Türkçülüğün ihmal edilmiş yalvacı Ali Bey Hüseyinzade -Turan". MİSAK- Millî Strateji Araştırma Kurulu. 5 Aralık 2018.) O, “Türkçülüyün yalvacı” – yəni kitab gətirmiş peyğəmbəri mərtəbəsində idi.

Pantürkizmin ideya rüşeymlərinin təzahürlərini Turan-İran qarşılaşdırmasından tutmuş Nadir Şah fonemində də tapmaq olar. Əfşar imperatorluğunun şahı dəfələrlə digər iki türk imperatorluğuna – Osmanlı və Böyük Moğollara ittifaq bağlamağı təklif etmişdi. Lakin onu eşitmədilər və bu ideya unudulub getdi (E.Tucker. Religion and Politics in the Era of Nadir Shah: the Views of Six Contemporary Sources. — С. 1, 166). Aydındır ki, bu, tam anlamda pantürkist ideya deyildi, Nadir Şah birləşməyi yox, hərbi ittifaq bağlamağı təklif edirdi. Amma mahiyyətcə pantürkizmə aparacaq təşəbbüs idi, tarix feilin şərt şəklini sevməsə də, bu üç türk imperiyasının taleyi bəlkə də başqa cür ola bilərdi.

Bütün Rusiya müsəlmanlarının ortaq bir mədəni və siyasi hərəkat içində bir araya gəlməsi fikri məhz Çar Rusiyasında təhsil görmüş tatar və Azərbaycan ziyalıları arasında XX əsrin ilk illərindən təşəkkül tapmağa başladı. Panslavizmə bənzətmə yolu ilə bu hərakata pantürkizm adı verildi. 1905-ci ildə Birinci Rus inqilabı başlarkən Krım tatarı İsmayıl bəy Qaspıralı, azərbaycanlı Ə.Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və Əhməd Ağaoğlu, Qazan tatarı Y.Akçura, başqırd Zəki Vəli Toğan, bütünlükdə 150 nümayəndə ilə Nijni Novqorodda 1905-ci ilin 15-28 avqustunda Rusiya Müsəlmanlarının I Qurultayını keçirdilər. Qurultayda türk xalqlarının türkçülük və müsəlmançılıq əsasında birləşdirilməsinin vacibliyi qeyd olundu. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan qurumun yaradılması qərara alındı. Pantürkizmin siyasət meydanına çıxışı üçün artıq siyasi-ideoloji zəmin və şərtlər yetişirdi. Burada xüsusilə iki amil ön plana çıxır:

1. Pantürkizm üçün siyasi zəmin Osmanlının Trablus-Qərb(Tripoli) savaşında (1911-1912) Afrikadakı torpaqlarını İtaliyaya güzəştə getməsi və Balkanları itirmək təhdidi ilə üzləşdiyi (1912-1913) bir vaxt yaranmağa başladı. “1911-ci ildən sonra alban üsyanı, Liviya savaşı ümidləri qırdı, Y.Akçura, Ə.Hüseynzadə, Ə. Ağaoğlu, M. Rəsulzadə kimi intellektuallar və diyarbəkirli Z. Gökalp türkçülüyü işləməyə başladılar” (Akın s. 75-76). Başqa sözlə desək, panislamizmə və osmançılıq ideyasına inamın itirilməsi fonunda azərbaycanlı mütəfəkkirlərin Türkiyədəki ideoloji fəaliyyəti can çəkişməkdə olan imperiya üçün az qala ideolji xilas düsturu, indiki terminolji trendlə desək, yeni milli ideya kimi qəbul olundu.

2. Birinci rus inqilabının 1907-ci ildə yatırılmasından sonra Rusiyadan sıxışdırılan türk birliyi ideyasının tərəfdarlarının, ilk növbədə Ə.Hüseynzadə və Ə.Ağaoğlu kimi ideoloqların Osmanlıya gəlmələri ilə pantürkizm ideologiya, siyasi strategiya kimi gerçək olmağa və populyarlaşmağa başladı.

Məsələ yalnız Çar Rusiyasında təzyiq və təqiblər altında pantürkizm hərəkatı üçün siyasi zəminin olmaması ilə bağlı deyildi. Həm də milli-siyasi mübarizə şərtləri də uyğun deyildi. XX əsrin əvvəllərində Bakıda Azərbaycan ictimai-mədəni və siyasi fikri pantürkizmdən uzaq idi. Ə.Hüseynzadə və Ə.Ağaoğlunun islamçılıq və türkçülük fəlsəfəsi Rusiyanın ən nüfuzlu müsəlmanı, Ümumrusiya siyasi səhnəsində oynamağa başlayan Ə.Topçubaşovun sonralar azərbaycançılığa yönələcək liberal-demokrat görüşləri ilə toqquşurdu. Rəsulzadə isə hələ sosial-demokratiyadan milli-demokratik cəbhəyə keçməmişdi. Mirzə Cəlilin “Anamın kitabı”nda təsvir etdiyi kimi Azərbaycan ziyalıları cəbhələşmişdilər, milli məsələyə vahid yanaşmadan uzaq idilər.

Əlbəttə, pantürkizm – bütün türk xalqlarının birləşməsi, vahid Turan dövləti ideyası cəlbedici idi. Ötən əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni fikrində Rusiya hökmranlığından xilas yolu kimi Osmanlı dövlətində birləşmək ideyası çox yayğın idi. Və yaxud Azərbaycanın siyasi müstəqillik ideyası çətin qəbul olunurdu. Hətta Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra da istiqlala şübhə ilə baxanlar və yaxud İstanbul rakursundan baxanlar az deyildi. Lakin Çar Rusiyasının süqutuna doğru və II Dünya müharibəsində Osmanlı imperiyasının zəiflikləri fonunda azərbaycançılıq milli-siyasi ideya kimi önə çıxır və paraqmatik milli siyasətçilərin gözündə bütün türk xalqlarının siyasi vahidliyi, turançılıq romantik ideya kimi görünürdü. Hərçənd ki, onlar türkçülükdən imtina etmirdilər və bunu üçrəngli bayraqla da təsbit etdilər.Pantürkizm yarandığı məkanlardan birində mövqelərini XX əsrin 10-cu illərinə doğru itirirdi. Xüsusilə vahid türk dili konsepsiyasında osmanlıcanın və ya İstanbul türkcəsinin önə çəkilməsi Azərbaycan ictimai-mədəni mühitində birmənalı qarşılanmırdı.

1908-ci ildə II Məşrutiyyətin elanı ilə Osmanlı imperiyasında 10 illik “İttihad və Tərəqqi” hökuməti dövrü başladı. İttihadçıların hakimiyyətə gəlişi ilə milli ideologiya osmançılıq və islamçılığın fövqünə keçməyə çıxmağa başlamışdı. Həmin il dekabrın 25-də yaradılan və Osmanlıda ilk türkçü qurum olan “Türk dərnəyi”nin fəal üzvlərindən biri Ə.Hüseynzadə idi. Bu dərnəyin əsasında 1911-ci il avqustun 31-də yaradılan “Türk Yurdu” Cəmiyyəti”nin qurucuları arasında Mehmet Emin, Ahmed Hikmet, Y.Akçura və Akil Muhtar Özden ilə birlikdə Ə.Ağaoğlu və Ə. Hüseynzadə kimi “türkçülük hərəkatının ilk isimləri vardı” (Füsün Üstel (2010). İmparatorluktan Ulus Devlete Türk Milliyetçiliği: Türk Ocakları. İstanbul: İletişim Yayınları. s. 42-43.).

Cəmiyyətin mətbu orqanı “Türk yurdu” jurnalı idi. Bu cəmiyyət uzunömürlü olmadı, 1912-ci ildə “Türk ocaqları” yaradıldıqda Türk Yurdu Cəmiyyətinin bütün üzvləri yeni təşkilata keçdilər. “Türk yurdu” isə indi də Ocaqların rəsmi yayın orqanıdır. Pantürkizm və ya türkçülük düşüncəsi artıq Ocaqların ətrafında formalaşırdı.

İttihadçıların ideoloqu kimi Ə. Hüseynzadə bu cəmiyyətləri siyasi səhnəyə çəkirdi. O, “İttihad və Tərəqqi”nin quruluşundan başlamış siyasi partiya kimi 1908-1918-ci illərdə hökumət qurmasına və Osmanlı coğrafiyasında dövrünün ən güclü siyasi qüvvəsinə çevrilməsinə kimi olan mərhələlərdə öncül rol oynamışdı.

“İttihad və Tərəqqi” əvvəlcə “Askeri Tıbbiye Mektebi”ndə “İttihad-ı Osmanî Cemiyeti” adlı gizli bir təşkilat kimi qurulmuş, daha sonra “İttihad və Tərəqqi Cəmiyyəti” adını almışdı. İttihad-i Osmani 1889-cu il mayın 21-də Hərbi Tibb Məktəbinin bağçasında toplanan İshak Sükûti, İbrahim Temo, Abdullah Cevdet, Çerkez Mehmed Reşid Bey adlı dörd tələbə ilə və sonradan onlara qatılan Ə. Hüseynzadə , Konyalı Hikmet Emin Bey, Cevdet Osman, Kerim Sebati, Mekkeli Sabri Bey, Selanikli Doktor Nâzım Bey, Şerafettin Mağmumi ve Giritli Şefik tərəfindən qurulmuşdu. Gənc tələbələri bir araya gətirən dövlətin içində olduğu böhran və II Əbdülhəmid hakimiyyətindən narazılıq idi.Qurtuluş üçün təcili Məşrutiyyət idarəçiliyinin qurulmasının, Əbdülhəmidin yıxılmasının gərək olduğu düşüncəsindəki gənclər bu mövzuda təbliğat aparmaq üçün təşkilatlandılar... Sultan II Əbdülhəmid cəmiyyətin varlığından və fəaliyyətlərindən 1892-ci ildə xəbərdar oldu. Bu tarixdən etibarən cəmiyyətin üzvləri xəfiyyələr tərəfindən təqib edildilər. Hərbi Məktəbin komandanlığına Mehmed Zeki Paşa təyin edildi və nizam-intizam yaratdı” ( "Kuruluşundan Birinci Dünya Savaşına Kadar İttihat ve Terakki Cemiyeti". Orhan Örs. Ankara Üniversitesi Türk İnkılâp Tarihi Enstitüsü, Atatürk Yolu Dergisi S.51, Bahar 2013, s. 679-716. 29 Ocak 2014. 13 Mart 2020).

1913-cü ildən “Pantürkizim və ya turançı düşüncə “İttihad və Tərəqqi” hökumətinin tam siyasi dəstəyini aldı, onun rəsmi ideoloqu sayılan Z. Gökalp turançılığın başlıca sözçüsünə çevrildi. 1913-1918-ci illərdə, I Dünya savaşı zamanı ittihadçılar Turan fikrini populyarlaşdırmaqla məşğul oldular, müharibədə hədəfin “Turanı qurtarmaq” olduğunu təbliğ etdilər.

“Əli Turani” kimi tanınan Ə. Hüseyzadə “İttihad və Tərəqqi”nin qurucularından biri və Mərkəzi İdarə Heyətinin üzvü kimi Turan ideyasının öndə gələn təşviqat və təbliğatçısı idi, yalnız Osmanlıda deyil, müharibənin gedişində Avropa paytaxtlarında da mübarizəsini davam etdirirdi.

O, 1915-ci ildə Y. Akçura il birlikdə “Rusya Mahkûmu Müslüman Türk – Tatarların Hukukunu Müdafaa Komitesi” “adlı təşkilat yaratmışdı. “Akçura-Hüseynzadə komitəsi” adlandırılan bu qurumun əsas hədəfi savaşdan sonrakı dünya nizamında türk xalqlarının layiqli yerinin, azadlıq və müstəqilliyinin təmin olunması idi.

“İttihad və Tərəqqi” hökumətinin uğursuzluqları, Türkiyənin I cahan müharibəsindəki məğlubiyyəti və Osmanlı imperiyasının süqutu “türkçülük axını”na da zərbə vurudu. Düzdür, Cümhuriyyətin elanından sonra Atatürk millətçi çıxışlar etmiş, Türkiyə əskinas və markalarında pantürkizmin simvolu olan boz qurdun təsvirindən istifadə edilmişdi. Lakin turançı-türkçü təşkilatlar bağlanmağa, türkçülüyün görkəmli simalarına təzyiq edilməyə başlanır.

İstiqlal savaşında, milli mübarizədə “İttihad və Tərəqqi”nin pantürkist və turançı üzvləri mühüm rol oynasalar da, Türkiyə Böyük Millət Məclisi, yeni hökumət türkçülük axınına qarşı kəskin mövqe tutdu və 1927-ci ildə Atatürk turançılığı “tarixdə örnəyi olmayan imkansız bir hədəf” elan etdi (Atatürk. Nutuk. Kaynak Yayınları. ss. 336-337.).

Z.Gökalp 1923-cü ildə Ankarada Mətbuat Müdirliyi tərəfindən nəşr edilən “Türkçülüyün əsasları” əsərində turançılığı “uzaq məfkurə” elan etdi, Türkiyə dövlətinin quruluşu üçün “türkçülük” anlayışını önə çıxardı (Gökalp, Ziya. Türkçülüğün Esasları syf.25)

Atatürk bundan sonra Z.Gökalpın millət vəkilliyinə namizədliyini irəli sürdü. M. Yurdakul “Turana doğru” şeirlər kitabının yeni nəşrində bəzi şeirlərində “Turan”ı “Vətən” sözü ilə əvəz etdi. Ə.Ağaoğlu, Y.Akçura 1922-1923-cü illərdə fərqli səbəblərlə turançılıqdan daşındıqlarını bəyan etdilər (Landau, Jacob (1995). Pan-Turkism: From Irredentism To Cooperation (İngilizce). Indiana University Press.).

Türkçülük etnik millətçilik və bütün türk xalqlarını birləşdirən ümumi baxış olmaqdan çıxaraq sırf Türkiyə vətəndaşlarından vahid siyasi etnos yaratmaq hədəfi güdürdü. Çünki o zamankı türklük anlayışı irqi deyil, siyasi idi; “osmanlı” ya “müsəlman” terminlərini əvəz edəcək bütövləşdirici məfhum idi.

“Vatandaş türkçe konuş” kampaniyası, Anadolunun etnik və dini tərkibini nizamlamaq təşəbbüsləri, vahid tarixi yaddaş yaratma fəaliyyəti, hətta bəzi ideoloqların bir az da irəli gedib kemalizmi yeni din kimi formalaşdırmaq cəhdləri əslində yeni bir kimlik-kökü Anadolunun ən qədim sivilzasiyalarına dayanan siyasi etnos inşa etmək hədəfi güdürdü. Yeni kimlik üçün görülən işləri Bozkurt Güvenc adlı tədqiqatçı “Türk kimliyi” əsərində belə qiymətləndirir-“Türk ulusu yoktu ki uyusun, uyumuyordu ki, uyanmış olsun. Milletlerin mi devletleri, yoksa devletlerin mi milletleri yarattığı hakkındaki akademik tartışma açısından bakıldığında, Türkiye örneğinde bir modernist aydın grubu devleti ele geçirdi ve sonradan devlet iktidarını kullanarak milleti kendi ilkeleri doğrultusunda şekillendirdi, öngördüğü modele uymayan her şeyi de redd ettti ve ya da bastırdı”.( 1993: ANKARA)





Ə.Hüseynzadə isə turançı olaraq qalır, yazılarına “Turani Hüseynzade Ali” imzası atırdı, 1934-cü ildə soyad qanunu çıxandan sonra özünə “Turan” soyadını götürdü. XX əsrin 2-ci yarısında Türkiyə siyasi meydanına qayıdan millətçi partiyalar (Marşal Fevzi Çakmakın Millət Partiyası (1948-1954), Respublikaçı Kəndli Millətt Partisi, onun xələfi Millətçi Hərəkat Partiyası və başqaları) milli məsələləri önə çəksələr də, pantürkist və turançı deyildilər, “türk axını”nın qurucuları kalibrində lider və ideoloqları yox idi. Milli Hərəkat Partiyasının yaranmasında və siyasi səhnədə mövcud olmasında iki azərbaycanlının da xüsusi rolu var-Əziz Alpout(Şimali azərbaycanlı siyasi mühacir) və Əli Qoç (Türkiyə doğumlu, qarapapax). Onlaraın fəaliyyəti haqda başqa yazılarda məlumat verəcəyik.

Q. Bayramov, C. Quliyev

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.


Şərhlər

Yaz...