“Diasporla gündəm” verilişinin növbəti buraxılışının qonağı “Səməndər” Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Cəmaləddin Quliyev olub.
C.Quliyevlə Türkiyədə Azərbaycan diasporu və azərbaycanlı kimliyi məsələsi müzakirə olunub.
Qonaq bildirib, Türkiyədə Azərbaycan diasporuna və ümumiyyətlə azərbaycanlı anlayışına yanaşmada qüsurlar var:
“Türkiyədə diaspor fəaliyyəti ilə məşğul olan şəxslərin, qurumların ümumi azərbaycanlılara yanaşmasını mübahisəli hesab edirəm. Azərbaycanlı kimliyi yalnız şəxsi kimlik deyil”.
Siyasi şərhçi türklərin daha çox istifadə etdiyi “Azərbaycan türkü” və “Azəri türkü” ifadələrinə də aydınlıq gətirib:
“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, belə bir məsələni qaldırmaqla süni kimlik yaradırlar. Ümumiyyətlə niyə belə bir məsələni mübahisəyə çevirirlər? Niyə insanlar o ifadələrdən qorxurlar? Müraciət formasında “Azərbaycan türkü” və ya “Azəri türkü” ifadələrinin heç bir fərqi yoxdur”.
C.Quliyev bildirib ki, Azərbaycan evləri, təşkilatlarının sayının ötən illərlə müqayisədə çox olmasına baxmayaraq, biz yenə də Türkiyədə Azərbaycan diasporunu daha güclü görmək istəyirik:
“Nə qədər Türk millətiyik desək də, azərbaycanlıyıq. Məsələn, özbək də türkdür, ancaq adı üstündə özbəkdir. Baxmayaraq ki, qardaş ölkədir çalışmalıyıq ki, əvvəlcə öz milli kimliyimizi qoruyaq”, - deyə C.Quliyev bildirib.