Ermənistanın nəqliyyat marşrutları üzərində ərazi suverenliyinin qorunub saxlanılması və sərhədlərin dəyişdirilməməsində təkid etməsinə baxmayaraq, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı danışıqların davam etdirildiyini açıqlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə “Mashregh News” məlumat yayıb.
Məlumata görə, Türkiyə rəsmilərinin son illərdə Zəngəzur dəhlizi ilə bağlı şərhlərindən sonra bu ölkənin nəqliyyat və infrastruktur naziri Ankarada yenidən Zəngəzur dəhlizindən söz açıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Naxçıvana səfər etdikdən sonra İranın dəhlizlə bağlı müsbət siqnallar verdiyini və quru yolunun açılmasının Ankara üçün strateji məsələ olduğunu bildirib.
“Zəngəzur dəhlizinin İran üçün geosiyasi və iqtisadi əhəmiyyəti var. İran Ermənistan üzərindən Gürcüstan, Rusiya və Avropaya çıxış əldə edir, ancaq Azərbaycanın üstünlük əldə edəcəyi dəhlizin yaradılması bu marşrutu məhdudlaşdıra və ya ləğv edə bilər. Bundan öncə İranın İrəvandakı səfiri Mehdi Sübhani jurnalistlərə müsahibəsində bildirib ki, İranın Zəngəzurla bağlı mövqeyi aydındır və Tehran istənilən geosiyasi dəyişikliyin əleyhinədir. Abdulkadir Uraloğlu Ankarada keçirilən “Türkiyə əsrində nəqliyyat dəhlizləri və tranzit nəqliyyat” konfransında deyib ki, Ankara istənilən mümkün yolla Orta Dəhlizin səmərəliliyini artırmağa çalışır...”,- deyə məlumatda qeyd olunub.