Tarix: 14.05.2024 / 18:18
“Türkiyə 100” adlı marşım çox sevilir  - Turan Manafzadə

“Türkiyə 100” adlı marşım çox sevilir - Turan Manafzadə

“Azərbaycan xanımları hər zaman aktiv olub. Çox istəyirəm ki, bundan sonra da xanımlarımız fəal olsunlar”.

Diaspora.TV xəbər verir ki, bu sözləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda çıxışı zamanı Türkiyədə yaşayan soydaşımız, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor, pianoçu Turan Manafzadə deyib.

T.Manafzadə bildirib ki, DABF-ın həm Azərbaycanda, həm də digər ölkələrdə həyata keçirdiyi tədbirləri, layihələri izləyir:

“Mən Türkiyədə yaşasam da vətənimə çox bağlı insanam. Azərbaycan bəstəkarlarının əsərlərini hər zaman repertuarıma daxil edirəm. Türkiyə Cümhuriyyətinin 100-cü ilinə ərmağan etdiyim və qardaşlıq simvolu olan "Türkiyə 100" adlı marş qardaş ölkədə çox sevilir. Türkiyədə dedilər ki, adətən kişilər marş yazır və ilk dəfədir bir xanım musiqinin bu janrına müraciət edib. Bir haşiyəyə çıxaraq deyim ki, bəzi insanlar adımdan dolayı oğlan olduğumu düşünür və hətta “Turan bəy” deyə mürəciət edirlər. Amma sonra qadın olduğumu öyrənirlər”.


Xatırladaq ki, Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir.

2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır.

O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir.

2014-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin orkestr dirijorluq şöbəsinə daxil olmuş, Antonio Pirolli və Naci Özgüç’dən təhsil almış və 2019-cu ildə oradan məzun olmuşdur.

2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafov ilə birlikdə Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda təşkil etdiyi "Xocalı Soyqırımını Anma Mərasimi"ndə ailəsi ilə birgə anım konserti vermişdir.


2017-ci ilin 28 may günü Azərbaycan Respublikasının müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə qonaqlara piano konserti vermişdir. O, həm də 2017-ci ilin iyul ayında "Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı" çərçivəsində qonaq dirijor olaraq İpək Yolu Orkestrinin rəhbəri kimi Şimali Kipr Türk Respublikasında konsertlər vermiş, bu konsertlərdə Qara Qarayev, Xatirə Əhmədli Cəfər və Həsən Uçarsunun əsərlərinin dirijorluğunu etmişdir. 2017-ci ilin avqust ayında isə İzmirdə qatılmış olduğu dirijor Rengim Gökmenin rəhbərliyi altında keçirilən ustalıq dərslərində 35 nəfərin içərisindən Karşıyaka kamera orkestrini (KODA) idarə etmək üçün seçilən 6 şəxsdən biri olaraq konsert vermişdir.

2018-ci ilin may ayında İstanbul Dövlət Opera ve Balet qurumunda bəstəkar G. F. Handel in "Apollo ve Dafne" əsərinin dirijorluğunu etmişdir. Eyni il Diasporla İş Üzrə Dövlət Komitəsi işbirliyi ilə Amsterdamda "Xocalı Anım Konserti" təşkil etmişdir.

2019-cu ilin yanvar ayında dirijor kimi dəvət aldığı Vyananın "Muth" konsert salonunda Abuzar Manafzadə ilə birlikdə "Yeni il" konserti və 2019-cu ilin sentyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Evində ailəsi ilə birlikdə fortepiano konserti etmişdir. Manafzadə, 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Ankara Səfirliyinin himayəsi altında müxtəlif konsertlər vermişdir.

2019-cu ilin noyabr ayında ailəsi ilə birgə TANAP açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Recep Tayyip Erdoğana xüsusi piano konserti vermişdir. Eyni il dirijor kimi Bakıda konsertlər vermək üçün dəvət almış və Abuzar Manafzadənin bəstələdiyi, dünyada balaban musiqi aləti üçün bəstələnmiş ilk Balaban Konsertinin Bakıdakı ilk səsləndirməsinin dirijorluğunu da etmişdir.

2019-cu il oktyabr ayında başladığı "Biznes Master" (MBA) təhsilini "Dijital Dönüşümün Sənət və Sənətçi Fəaliyyətlərinə Etkisi: Covid-19 Üzərinə Bir Araşdırma" mövzusunda 2021-ci ilin fevral ayında uğurla müdafiə edərək məzun olmuşdur.

2020-ci il dekabr ayında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində Mədəniyyət Elçisi olaraq xüsusi bir dostluq konserti gərçəkləşdirmişdir.

Turan Manafzadə 14 illik müəlliməliyinin yanında hal-hazırda musiqi sənətində aktiv bir sənətçi olaraq dijital və fiziki konsertləri ilə fəaliyyətini davam etdirir.

Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə marş yazmış və bu marş qısa müddət ərzində çox bəyənilmişdir.

Xəyalə Zöhrab
Diaspora.TV





Şərhlər

Yaz...