Tarix: 17.07.2024 / 14:50
Türk ocaqlarının yaranmasında azərbaycanlıların rolu    - I YAZI

Türk ocaqlarının yaranmasında azərbaycanlıların rolu - I YAZI

“Türk ocaqları” 1912–1931-ci illərdə türkçülüyün mədəni müstəvidən siyasi səviyyəyə keçməsində həlledici rol oynamış və bunun üçün uyğun mühit yarada bilmişdi. Ocaqlar Rusiya imperiyasında, sonralar Sovet İttifaqında yaşayan türkdilli xalqları diqqət mərkəzində saxlayırdı ki, bu da Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi fəalların Türkiyənin siyasi həyatına və ictimai-mədəni mühitinə təsiri üçün platforma yaradırdı.

“Türk ocaqları”nın yaradılması Azərbaycan milli ictimai-siyasi fikrinin sonralar Türkiyənin siyasi həyatında da iz qoymuş Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu kimi simaların İstanbula yerləşdikdən sonra türkçülük düşüncəsinin II Məşruiyyət dövründə Osmanlı imperatorluğunun siyasi həyatına sirayətinin gücləndiyi bir dönəmə təsadüf edir. “Türk ocaqları” siyasətdən kənar qalmağı hədəfləsə də, artıq türkçülük bir ideologiya kimi siyasi meydana enirdi və bu prosesdə həmin bu iki böyük azərbaycanlı da rol almışdı.

XX əsrin əvvəllərində pantürkizm ideologiyasının yayılmasından narahat olan Rusiya imperiyasında təqiblərlə üzləşən və Osmanlı imperatorluğuna pənah aparan Azərbaycan ziyalıları, ictimai-siyasi fikir sahibləri arasında Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu Osmanlı münəvvərləri sırasında sadəcə yer almamış, Türkiyə ictimai-siyasi dünyasına, milliyyətçi düşüncəyə ciddi nüfuz edə bilmişdilər. Nabi Duru, Enver Ziya Karal, Ahmet Bedevi Kuran, Bernard Levis, Tarık Zafer Tunaya, Süreyya Şevket Aydemir, Rıza Nur, Nezip Fazıl Kısakürek, Hilmi Ziya Ülken memuar və çalışmalarında “Ali Turan”ı - Əli bəy Hüseynzadəni “Osmanlı düşüncə dünyasında “Türkçülük akımının babası” kimi təqdim edirdilər”. Ziya Gökalp onun “Türkçülük axını” içərisinə çəkən şəxsin məhz Əli bəy Hüseynzadə olduğunu vurğulardı (Akçura Y., Yeni Türk Devletinin Öncüleri, Ankara 1981, s. 163).

1910-cu illərin sonunda Bakıdan İstanbula qayıdan Əli bəy Hüseynzadənin (1864-1941) “Türk ocaqları”ndakı rolu “İttihad və Tərəqqi” cəmiyyətinin təşkilata nüfuzu ilə bağlı idi. Bəzi mənbələr Osmanlıda ilk millətçi təşkilat olan “İttihadi-Terakki” və ya “İttihad-i Osmani” təşkilatını Əli bəy Hüseynzadənin tələbə olduğu “Askeri Tıbbiye”də (Mekteb-i Tıbbiye-i Şahane) 1989-cu ildə çevrəsindəki həmfikirləri - tələbə yoldaşları İbrahim Temo, Abdullah Cevdet, İshak Sükuti və Mehmet Raşitlə birlikdə qurduğunu bildirir, hətta israr edirlər. Əli bəy Hüseynzadənin özü isə “Tan” qəzetində dərc etdiyi xatirələrində təşkilata İshak Sükuti vasitəsi ilə Ubeydullah Efendi ilə tanışlıqdan sonra qoşulduğunu yazmışdı (Güngör, Gözde (2015). "Hüseyinzade Ali Turanın hayatı ve eserleri üzerine bir inceleme").

Ə.Hüseynzadə “İttihad və Tərəqqi”nin lideri deyildi, belə iddiası da yox idi, amma öz düşüncəsi və ətrafındakılara güclü təsiri ilə ittihadçıların ideoloquna çevrilmişdi. “Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi” hökumətinin idarəedici kadrları sırasında yer almasa da, hər zaman bir ideoloq, danışılacaq adam məqamında olmuşdur. 1910-cu ildə onun Bakını buraxıb İstanbula gəlməsi də bununla izah edilir. 31 Mart hadisələrindən sonra başda Baha Şakir olmaqla ittihadçı dostları onun İstanbula gəlməsini istəmişdilər. İstanbula gəlir-gəlməz Doktor Nazım Eyyub Sabri, Mithat Şükrü, Hacı Adil, Ziya Gökalp, Ömer Naci, Talat Paşa, Ali Fethi, Halil Bey ve Ahmet Nesimi ilə birlikdə Əli bəy Hüseynzadə İttihad və Tərəqqinin “merkezi-umumiye”sinə üzv seçildi. Əli bəyin İstanbula dəvət edilməsindəki başlıca məqsəd Türkçülük anlayışının ideya, fikir yükünü çəkməsi idi” (Turan, Ali Bey Hüseyinzade, s. 61).

Ə.Hüseynzadə 1911-ci ildə Tələt Paşanın təklifi ilə İttihad və Tərəqqi Partiyasının qurultayında təşkilatın “Mərkəzi Ümumi Əzası” (Baş Mərkəzinin üzvü) seçilmiş, cəmiyyətin İstanbul və Soloniki mərkəzlərinin üzvü olmuş və 1918-ci ilədək “İttihad və Tərəqqi”nin ən səlahiyyətli üzvlərindən biri olmuşdu.

“Türk ocaqları” dərnək, ictimai birlikdir, o zamankı nizamnaməsinin 4-cü maddəsində ocaqların sadəcə milli və ictimai səviyyədə olacağı, siyasətlə və siyasi partiyalarla əsla əlaqələri olmayacağı maddəsi vardı. “Ancaq ittihadçıların “Türk ocaqları”na nüfuzu Ziya Gökalp və Əli bəy Hüseynzadə istiqamətində başladı, “İttihad və Tərəqqi” üzvləri Ocaqların Məşvərət Heyətinə daxil oldular. Türkçülük düşüncəsinin Balkan müharibələrindən sonra siyasi tendensiyaya çevrilməsiylə partiyanın yönəldiyi Turan fikri siyasətin Ocaqlara marağını artırdı” (Üstel, Füsun (2010), “İmparatorluktan Ulus Devlete Türk Milliyetçiliği: Türk Ocakları”, İstanbul: İletişim Yayınları, s. 422).

Xüsusi qeyd edək ki, türkçülük fikrinin məhz Balkan müharibələrindən sonra Türkiyədə geniş yayılması faktını Türkiyə siyasi tarixini öyrənənlər tərəfindən dönə-dönə etiraf edilir. Məsələn Ceylan Tolkuoğlu Ziya Göyalap - türkçülükdən turançılığa adlı əsərində yazırdı: “Ziya Gökalpın türkçülük məfkurəsinin müxtəlif mərhələləri olduğu kimi, hər dövrdə ona təsir edən mənbələr də müxtəlifdir. Bu mənbələrdən ən mühümlərindən biri 19-cu əsrin sonlarına aiddir.

Rəsmi ruslaşdırma siyasətinə cavab olaraq ortaya çıxan tatar və Azərbaycan türkçülüyü. Bu təsir altında Gökalp əvvəllər türk dilində danışan bütün türk xalqlarının mədəni birliyi ideyasını inkişaf etdirdi... Pantürkistlərin fikrincə, müsəlmanları birləşdirən din getdikcə zəifləyir və əhəmiyyəti azalırdı. Bu prosesin gedişində pantürkistlər qərbçiliyi rədd etməyən, ancaq Qərbin üsul və üsullarını mənimsəməyi hədəfləyən yeni növ türk millətçiliyi yaratmağa cəhd etdilər. Çar Rusiyasında doğan bu yeni tip millətçilik əslində panslavizmin “güzgü obrazıdır” və onun öz şərtlərini və üsullarını ondan götürüb. Xülasə, 19-cu əsrin sonlarında həyata keçirilən rəsmi mədəni ruslaşdırma siyasətinə cavab olaraq doğan və hələ yetişməmiş pantürkist ideologiya Rusiyadakı bütün türklər və Osmanlı türkləri arasında bağ yarada biləcəyi düşünülən mədəni türkçülük ideologiyasıdır (https://atamdergi.gov.tr/tam-metin-pdf/78/tur)

Mehmet Alparslan Eşki isə “Türk milliyetçiliğinin oluşum sürecinde Osmanlı dışı unsurların etkisi; Rusya örneği” əsərində qeyd edir ki, Balkan icmalarından müsəlman albanlar müstəqillik qazandığını və islamçılıq siyasətinin çox da uğurlu olmayacağını göstərdi və nəticədə türkçülük Balkan müharibələrindən sonra yeganə çıxış yolu kimi qəbul edildi. (Akin, 2002: 13). Əslində 1913-cü ildən sonra İttifaq və Tərəqqi Cəmiyyətinin rəsmi siyasəti türkçülük idi (Davison,1981:28). Çünki Hans Kohna görə; “Türk millətçiliyi panslavizmə bənzəyir. O, reaksiya olaraq doğuldu.” (Oba, 1995: 49; Kohn, 1963: 204). https://dergipark.org.tr/tr/download/article-file/33293

Maraqlıdır ki, pantürkizm ideologiyasının formalaşmasında Əli Bəy Hüseynzadəyə panislamizmin təsiri haqda hələ 1918-ci ildə Ziya Göyalp da təhlil aparmışdı (Ziya GOKALP, Türkçüıük Nasıl Doğdu? Ycni Mccnıua. CLL, SayıAO. (l8 Nisan 1918), s.262). O yazırdı: “Əli bəyə Peterburq Universiteti də iki cəhətdən təsir etdi: Panislamizm, Sosializm. Əli bəy, panislamizmdən pantürkizm ideallarını əxz etdiyi kimi, sosialimzdən də xalqçılıq mənəviyyatını da götürmüşdür (https://dergipark.org.tr/tr/download/article-file/33293)



1910-cu illərdə Ə.Hüseynzadə bir çox həm siyasi, həm də mədəni dərnəklərin quruculuğunda iştirak etmiş və ya üzv olmuşdu. ”Türk Dərnəyi”, “Türk Yurdu Cəmiyyəti” və “Türk Ocaqları” onun fəal olaraq xidmət göstərdiyi təşkilatlardan idi. “Türk Ocaqları”ndakı söhbətləri ilə gəncləri toplayaraq Gökalpla birlikdə Türkçü hərəkata öncülük etdi (Güngör, Gözde (2015). "Hüseyinzade Ali Turanın hayatı ve eserleri üzerine bir inceleme". Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü doktora tezi; Uca, Alaattin (2010). "ZİYA GÖKALP VE ONA TÜRKÇÜLÜĞÜ AŞILAYAN ADAM: HÜSEYİNZÂDE ALİ BEY". Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi (8)).

Dos. dr. Sabahattin Şimşir “Türkiye”de fəaliyette bulunan azerbaycanlılar (1920-1991)” araşdırmasında Əli bəy Hüseynzadənin Türkiyə siyasi həyatında və ictimai-siyasi fikrindəki rolu ilə bağlı bir sıra məqamları önə çıxarır: “Əli bəy Hüseynzadə “Türk Dərnəyi”, “Türk Yurdu Cəmiyyəti” və “Türk Ocaqları” zəminində” türkçülük düşüncəsinin lokomotivi vəzifəsini yerinə yetirir”, “I Dünya savaşı zamanı Yusuf Akçura ilə birlikdə Turan heyəti ilə Türkiyə xaricində təbliğat fəaliyyətlərinə qatılır”, İstanbulda yaradılan “Rusya Mahkûmu Müslüman Türk - Tatarların Hukukunu Müdafaa Komitesi”nın fəal üzvü olur (səh.199-202).

“Müsəlman türk-tatarların hüquqlarını Müdafiə Komitəsini”ni Yusuf Akçura qurmuşdu. 1915-1917-ci illərdə “Turan” adlanan bir heyətlə Avropa paytaxtlarına (Berlində “Türk xalqları konqresi” (1916), Stokholm Konqresi (1917), Beynəlxalq Sosialist Konfransı (1917) və s.) səfər edərək Türk xalqlarının, xüsusilə də Rusiya türklərinin “məhkum vəziyyəti” dünyanın diqqətinə çatdırmağa çalışmışdı. 1918-ci ildə Əli bəy Hüseynzadə Əhməd Ağaoğlu ilə birlikdə Osmanlı heyətinin siyasi müşaviri kimi Batum konfransında iştirak etmiş və konfransdan sonra siyasi müşaviri kimi Gəncəyə yol alan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın yanında yer almışdı.

Əli bəy Hüseynzadə Türkiyənin siyasi, mədəni, ictimai həyatında sadəcə Azərbaycandan gəlmiş bir mühacir olaraq iştirak etmirdi və ya yalnız ideoloq olmaqla qalmırdı Osmanlı dövlətinin ən çətin günlərində bu ölkənin bir fərdi kimi mücadilənin ön planında idi. Təsadüfi deyildi ki, 1916-cı ildə Lozanna keçirilən Millətlər Cəmiyyənin 3-cü Konqresinə Türkiyədən göndərilən heyətə o, başçılıq edirdi (Turan, Ali Bey Hüseyinzade, s. 72-73).

Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətinin ardından Əli bəy Hüseynzadə türklük ideologiya və siyasətinə görə İstanbul qəzetlərinin ağır tənqidlərinə məruz qaldı və 30 oktyabr 1918-ci ildə Mondros müqaviləsi imzalandıqdan sonra həbs edildi. Daha sonra bəraət verilsə də, yenidən tutulan Ə.Hüseynzadə 49 gündən sonra sərbəst buraxıldı. Antanta bloku, ingilislər “Türkçülük fikrinin atası”nı Maltaya sürgün etmədilər. Bunun yalnız bir təsadüf olduğu bildirilir.



Türkiyədə respublika elan edildikdən sonra “Türk ocaqları”nın artıq siyasətin üst qatı ilə – dövlətlə münasibətlərində yaxınlaşma başlamışdı. Amma Hüseynzadə artıq siyasətdən uzaqlaşırdı. 1923-cü ildə Cavid Bəyin keçirilən və Hüseynzadənin də qatıldığı çay ziyarəti Mustafa Kamal Atatürkə qarşı İzmir sui-qəsdi ilə əlaqələndirildiyi üçün 1926-cı ildə İstiqlal Məhkəməsində mühakimə edildi və bəraət aldı. Siyasətdən uzaqlaşsa da, Türkiyənin ictimai və ədəbi həyatında rol almaqda davam edirdi. 1926-cı ildə İstanbul Universitetinin Tibb fakültəsinin professoru oldu, həmin il Bakıda keçirilən Türkoloji qurultaya qatıldı. 1930-cu ildə yaradılan Türkiyə Dəri-Zöhrəvi Xəstəlikləri Cəmiyyətinin qurucularından biri də məhz Ə.Hüseynzadə idi.

(Ardı var)

Q. Bayramov

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihə çərçivəsində dərc olunub.

Şərhlər

Yaz...