Tarix: 29.05.2024 / 12:09
Türk dünyası tələbələrinin şəbəkəsi  formalaşdırılır

Türk dünyası tələbələrinin şəbəkəsi formalaşdırılır

“Mərkəzi Türkiyə olmaqla türk dünyası tələbələrinin şəbəkəsi formalaşdırılır. Beynəlmiləl şəbəkə qurmaqla türk dünyası üçün kadrlar hazırlayırıq”.

Diaspora.TV xəbər verir ki, bunu “Report”a açıqlamasında OSTİM (Orta Doğu Sənaye və Ticarət Mərkəzi) Texniki Universitetinin rektoru professor Murat Yülek bildirib.

Universitetin 80 ölkədən tələbəsinin olduğunu deyən rektorun sözlərinə görə, bu ali təhsil müəssisəsi Ankaranın ən beynəlmiləl universitetidir:

“Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyətindən olan tələbələrimiz başda olmaqla burada dünyanın bir çox ölkəsindən tələbələrə təhsil veririk. Başlıca məqsədimiz bu tələbələrdən müasir dövrün şərtlərinə uyğun olaraq keyfiyyətli kadrlar hazırlamaqdır. İkinci məqsədimiz isə bu tələbələri məzun olduqdan və öz ölkələrinə döndükdən sonra onların əlaqələrini koordinasiya edəcək bir şəbəkə qurmaqdır ki, biz belə bir fəaliyyətə artıq türk dünyası üçün başlamışıq”.

M.Yülek deyib ki, tələbə və məzunlar arasında ortaq şəbəkə qurmaq təcrübəsi dünyada var:

“Tələbələrin təhsili baxımından ən beynəlmiləl ölkələr İngiltərə və ABŞ-dir. Tələbələr məzun olub öz ölkələrinə getdikdən sonra da İngiltərə və ABŞ onlar üçün məzun mərkəzi olaraq qalır. Məsələn, İngiltərədə təhsil alan bir türkiyəli tələbə ölkəmizə gəldikdə öz işlərini o şəbəkə üzərindən asanlaşdıra bilir. Mərkəzi Türkiyə olmaqla belə bir şəbəkə bizim ölkədə də formalaşır. Çünki Türkiyə türkcəsi artıq türk dünyasının ortaq türkcəsinə çevrilib. Hər nə qədər ingilis dili dünya dili olsa da, müsəlman dünyasında da türkcəyə maraq çox artıb, dünyanın hər yerindən bura tələbələr gəlir”.



Rektor onu da qeyd edib ki, formalaşdırılacaq belə bir şəbəkə yalnız Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri deyil, bütün türk dünyasını əhatə edə bilər:

“Biz uyğur türklərini, Şərqi Türküstanı unutmamalıyıq. Yaxud ərazisi 17 milyon kvadratkilometr olan Rusiyanın 90 faiz ərazisi tarixən türk torpaqları olub. Həmin ərazilərdən də tələbə cəlb etmək üçün təşəbbüslər həyata keçiririk”.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Ankarada 6500 sənaye müəssisəsinin yerləşdiyi bölgənin tam mərkəzində olduğunu deyən rektor OSTİM Mütəşəkkil Sənaye Zonasının (ÖSB) onların tələbələri üçün əlçatan təcrübə mərkəzi olduğunu vurğulayıb. Onun sözlərinə görə, OSTİM ÖSB rəhbərliyinin türk dünyası ilə bağlı həyata keçirdiyi layihələrdə universitetin müəllim-tələbə heyətinin də payı var.

Mütəxəssis hesab edir ki, türk dünyasının iqtisadi gücünün artırılmasında sərbəst ticarətin, iş adamlarının, müstəqil şirkətlərin, OSTİM kimi sənaye mərkəzlərinin əlaqələrinin sıx qurulması vacibdir:

“Bunun üçün də türk dünyasında ticarət, investisiya üzərindən gömrüklərin, sərhədlərin olmadığı bir mühit yaradılmalıdır. Fikrimcə, Rusiyanın da bura daxil olması lazımdır”.

Şərhlər

Yaz...