Tarix: 16.10.2024 / 13:29
“Tüpürcək cihad” iddiası müsəlmanlara qarşı ayrı-seçkiliyi    qızışdırıb

“Tüpürcək cihad” iddiası müsəlmanlara qarşı ayrı-seçkiliyi qızışdırıb

Hindistanda müsəlmanlara qarşı ayrı-seçkiliyin miqyası bir az da genişlənib. Artıq bir çox iş yerləri müsəlmanları işdən çıxarır. Son aylarda iki ştatda qəbul edilən qərara əsasən, restoran işçilərinin paltarlarının yaxasında adlarının olması tələbi qüvvəyə minəndən sonra bir çox müsəlman işsiz qalıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Uttar Pradeş və Himaçal Pradeş hakimləri bu qərarın sağlamlıq və təhlükəsizliyi təmin etmək üçün qəbul olunduğunu iddia edirlər. Hindistanda adların əksəriyyətinin dini və kastını əks etdirdiyindən bu addım ayrı-seçkiliyə gətirib çıxarır. Uttar Pradeşdəki müsəlman işəgötürənlər vurğulayırlar ki, əyalətdəki radikal hindus təşkilatları onları ya birbaşa, ya da iqtisadi boykotlarla hədəfə alacaq.

Lakxnauda aşpaz işləyən Tabiş Aalam deyir:

"Bu qərar təhlükəlidir, bizi dinimizi qollarımıza yazmağa məcbur edirlər. Əminəm ki, rəhbərlik bunu bilir".

Müzəffərnəqar şəhərində restoran sahibi olan Refik isə iyul ayında dörd işçini qovduğunu belə izah edir:

“Qərardan sonra müsəlman işçilərin təhlükəsiz olmadığını düşündüyümə görə onları işdən çıxarmalı oldum. Onların adlarını görmək bizi asan hədəfə çevirir. Cəmiyyətdə gərginlik olarsa, hədəfə alınacağıq. Mən bu qərarın insanları müsəlmanlara məxsus restoranlarda yemək yeməkdən çəkindirmək üçün verildiyindən şübhələnirəm”.

45 yaşlı Refik bu qərara müqavimət göstərsə də, polisin təzyiqini artıracağı təqdirdə restoranı bağlamalı ola biləcəyini də əlavə edir.

31 yaşlı aşpaz İdris Əhməd isə 7 ildir işlədiyi restorandan qovulduğunu və ailəsinin qayğısına qalmaqda çətinlik çəkdiyini deyir:

“Restoranın sahibi hindusdur, işçilərin çoxu da. Qərar dərc olunanda həmin yerin sahibi müsəlman işçilərə zəng etdi, üzr istəyərək bizi evə yola saldı. Dinimə görə işimi itirdim. Bu vəziyyətdə olan o qədər müsəlman tanıyıram ki...”.

Radikal sağçıların müsəlmanları iqtisadi boykot etməyə çağırdıqları əyalətdəki BJP sözçüsü Praveen Garg isə heç kimin işləmək hüququnun əlindən alınmadığını iddia edir:

“Yeməklərin bilərəkdən çirklənməsi hallarına görə bu addımı atmalı olduq. Bəzi icmalardan olan insanların hindusların yeyə bilmədiyi natəmiz şeyləri öz yeməklərinə qarışdırdıqları hadisələr olub. Əvvəlki aylarda əyalətdə bəzi insanlar satdıqları qidaya tüpürcək və sidiyi qarışdırdıqları iddiası ilə həbs olunduğu bir vaxtda hinduslar müsəlmanların onlara qarşı “tüpürcək cihadı”na başladığını iddia edirlər".

Böyük Britaniyanın “Guardian” qəzeti bu iddiaları təsdiq edəcək heç bir faktın tapılmadığını vurğulayır.


Şərhlər

Yaz...