Tarix: 28.10.2024 / 17:35
TUMO erməni diasporu üçün    nə tumu əkir?

TUMO erməni diasporu üçün nə tumu əkir?

TUMO erməni gənclərə pulsuz təhsil verilməsi üçün nəzərdə tutulmuş Yaradıcı Texnologiyalar Mərkəzidir. Bu mərkəzdə Ermənistanda və xaricdə minlərlə erməni gənci pulsuz təhsil alır, bu təşkilat vasitəsilə karyera qururlar.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, təşkilatın məqsədi təkcə Ermənistanda deyil, bütün dünyada yaşayan erməni gənclərinin potensialını meydana çıxarmaq, inkişaf etdirməkdir.

TUMO 2011-ci ildə İrəvanda açılıb. Sam və Sylva Simonian tərəfindən təsis edilmiş və tamamilə Simonian Təhsil Fondu vasitəsilə maliyyələşdirilən qeyri-kommersiya təşəbbüsüdür. Sem Simonian 1990-cı illərdə dünyanın telekommunikasiya divlərindən olan INET-də böyük uğur qazanmış erməni əsilli amerikalı mühəndisdir.

Hazırda mərkəzdə 25 000 tələbə təhsil alır və məzunların sayı 80 000-dən çoxdur. TUMO-nun unikal xüsusiyyəti ondan ibarətdir ki, tələbələr öz kurrikulumunu tərtib edirlər. Mərkəzin proqramları incəsənət və texnologiyanın 14 sahəsi üzrə müstəqil iş, mühazirə və seminarlardan ibarətdir. Ən əsası, tələbələr maraqları inkişaf etdikcə və müxtəlif sahələrdə irəlilədikcə öz yollarını yaratmaq üçün bu bilik sahələrini qarışdırırlar.

Qeyd etdiyimiz kimi, TUMO mərkəzləri xaricdəki erməni icmalarında da yerləşir və şəbəkə hər il genişlənir. Müxtəlif ölkələrdə də erməni yeniyetmələri və gəncləri üçün beynəlxalq TUMO filialları açılır. Mərkəzin xaricdə əldə etdiyi gəlir Ermənistan daxilində şəbəkənin genişləndirilməsinə yönəldilib.

TUMO hazırda Paris, Lion, Beyrut, Tiran, Berlin, Sürix, Mannheim və Koimbrada fəaliyyət göstərir və bu siyahı getdikcə artır. Növbəti illərdə mərkəzlərin sayının iyirmiyə qədər artırılması nəzərdə tutulur.

Şərhlər

Yaz...