Tarix: 09.07.2024 / 19:10
Torontoda Turkuaz Festivalı  keçirilib

Torontoda Turkuaz Festivalı keçirilib

İyunun 29-da Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondu tərəfindən Turkuaz Festivalı keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) da dəstəyi ilə Mel Lastman meydanında keçirilən festivalın təşkil olunmasının əsas məqsədi türk irsinin və mədəniyyətinin təbliği və qorunub saxlanılmasıdır.

Artıq 2-ci dəfədir ki, keçirilən bu festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türk xalqlarının nümayəndələri iştirak ediblər.

Turkuaz Fondunun həmtəsisçiləri və festivalın həmtəşkilatçıları Dr.Nəsrin Attari və Dr.Şervin Şadpur Kanadada türk mədəniyyətinin təbliği və qorunub saxlanılması missiyası haqqında çıxışlar edərək icmanın dəstəyinə görə minnətdarlıqlarını bildirib, həmçinin bu birliyin gücləndirilməsində mədəni fəaliyyətlərin vacibliyini vurğulayıblar.

Festivalda Uiloudeyl (Willowdale) Şəhər Şurasının üzvü Lili Çenq, deputat Françesko Sorbaranın kommunikasiya üzrə baş müşaviri xanım Saşali Kiros, digər tanınmış qonaqlar və nüfuzlu şəxslər iştirak ediblər. İştirakçılar Kanadada mədəni müxtəlifliyin əhəmiyyətini və türk birliyinin Kanada cəmiyyətinə verdiyi mühüm töhfələrdən bəhs ediblər.

Təbriz Musiqi və Rəqs Ansamblı, Vina Musiqi Qrupu, İstanbul Musiqi Qrupu və digər çıxışçıların qatıldığı festivalda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri məktəbin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə bir sıra rəqs nömrələrini ifa ediblər.



Şərhlər

Yaz...