“Diasporla Gündəm”in növbəti qonağı Türkiyənin Azərbaycandakı keçmiş ataşşesi, siyasi şərhçi Yücel Karauz olub.
Y.Karauzla söhbət zamanı Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti və digər məsələlər müzakirə edilib.
“Yaşadığım Ankara və Türkiyənin müxtəlif şəhərlərində diaspor nümayəndələri ilə təmaslarımız olur, bir-birindən fərqli diaspor təşkilatları mövcuddur. Sonuncu dəfə Kayseridə Şuşa Mədəniyyət Mərkəzi açıldı. Təbii ki, belə mərkəzlərin çoxalması iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm yerə sahibdir. Türkiyədə Azərbaycan diaspor təşkilatları çoxdur, amma effektivlik yoxdur. Bu dərnəklərin, mərkəzlərin, Azərbaycan evlərinin yaxşı bir koordinasiyaya və bir qədər də tənqidə ehtiyacları var. Ankarada bəzən bir tədbir keçirilir, amma cəmi 10-15 nəfər qatılır, yəni bir-birindən xəbərləri yoxdur. Dərnəklərin çoxunun məqsədi şəkil çəkib Diasporla İş üzrə Dövlət Komitəsinə göndərmək, müxtəlif saytlara dərc olunması üçün xəbərlər təqdim etməkdir. Keçirilən tədbirlər çox, lakin effektsizdir. Azərbaycan Türkiyədə yetəri qədər tanınmır. Bir millətin bir diasporu olar. Diaspor nümayəndələri Azərbaycanın Ankaradakı səfirliyi ilə koordinasiyalı şəkildə işləməlidirlər”,- o deyib.
Tükiyəli general soydaşlarımızın Türkiyədə qarşılaşdıqları problemlərdən də danışıb:
“Bir millət, iki dövlət olsaq da qanun və qaydalarda müəyyən fərqliliklər mövcuddur. Bunun uyğunlaşdırılması, problemlərin aradan qaldırılması olduqca önəmlidir. Məsələn, Avropa hava limanlarında belə öz vətəndaşlarını başqa qapıdan, digərlərini isə fərqli qapıdan keçirir. Müəyyən mənada özününküləşdirir. Mən Azərbaycanda vəzifədə olanda da Türk Dövlətləri Təşkilatlarına (TYT) üzv ölkələrin vətəndaşlarına oturum izni, təhsil, vətəndaşlıq və hüquqi mövzularda öncəlik tanınmasını təklif etdim. Bunlar yavaş-yavaş olacaq. Əvvəllər bir-birimizə xarici pasportla gedib-gəlirdik, indi isə elə deyil. Bu istiqamətdə mühüm addımlar atılır. Digər problemlərin çözülə bilməməsinin səbəbi isə problemlərin yetəri qədər səs salmamasıdır. Azərbaycanlılar Türkiyədə daha çox təhsil və hüquqi məsələlərdə problem yaşayırlar. Eyni zamanda, hər iki ölkənin universitetlərinin fəaliyyəti də də uyğunlaşdırılmalıdır. Bəzən türkiyəli tələbə Azərbaycanda təhsil alır, lakin Türkiyədə tanınmır, yaxud da əksinə. Bu kimi məsələlər həll edilməlidir”.
elçin eliyev
Bu aparıcının danışığı və səsi çox xoşuma gəlir eşq olsun
28.08.2024 / 18:11