“Azərbaycandan kənarda təhsil alan azərbaycanlı gənclərin sayı 45 min nəfərdən çoxdur”.
Bu sözləri Diaspora.TV-yə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert əlavə edib ki, onlar təhsilin müxtəlif pillələri üzrə xarici ölkələrdə təhsil alırlar.
K.Əsədov vurğulayıb ki, bu və ya digər vaxtda xarici ölkədə təhsil alan azərbaycanlılar təhsilini başa vurduqdan sonra həmin ölkələrdə qalıb yaşayırlar:
“Bundan başqa Azərbaycan ali təhsil müəssisələrində çalışan mütəxəssislər var ki, onlar dünyanın müxtəlif ölkələrində elmi, pedaqoji fəaliyyətlə məşğuldurlar. Həmçinin müxtəlif istehsalat və xidmət sahələrində çalışırlar. Etiraf edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq bu istiqamətdə iş aparır”.
K.Əsədovun fikirincə, buna baxmayaraq, Azərbaycanın haqq işini dünyaya çatdırmaqla bağlı işlər yetərli deyil:
“Təşkilatlanma məsələlərində problemlərimiz var. Tövsiyə edirik ki, hər bir ölkədə ən azından təhsil alan tələbələrin, bu ölkədə çalışan azərbaycanlıların müxtəlif bilikləri olmalıdır və bunlar simvolik xarakter daşımamalıdır”.
Ekspert hesab edir ki, Azərbaycanın istər Türkiyədə, istər Gürcüstanda, istərsə də digər ölkələrdə həyata keçirdiyi tədbirlərdə azərbaycanlıların iştirakı mütləq olaraq həyata keçirilməlidir:
“Biz təşkilatlanmalıyıq. Bu ona görə olmalıdır ki, Azərbaycan haqq işinin dünyaya çatdırılmasında birgə addımlar ata bilək. Yəni Azərbaycanın həyata keçirdiyi layihələr üzrə kifayət qədər xarici ölkələrdə yaşayan mütəxəssislər var ki, biz onların bilik və bacarıqları, imkanları və resurslarından istifadə etməliyik. Bu gün Amerikada, Fransada, həmçinin Avropanın bir çox ölkələrinin ali təhsil müəssisələrində çalışan azərbaycanlılar var. Hesab edirəm ki, xarici ölkələrin ali təhsil müəssisələrində, həmçinin digər xidmət sahələrində çalışan azərbaycanlı mütəxəssislər dövlət proqramı əsasında müəyyən əməkdaşlığa cəlb olunmalıdırlar”.
Jalə
Diaspora.TV