Tarix: 09.04.2024 / 15:28
 “Təəssüf ki, onlar irançılıq ideologiyasının tərəfdarıdır”-  Araşdırmaçı jurnalist

“Təəssüf ki, onlar irançılıq ideologiyasının tərəfdarıdır”- Araşdırmaçı jurnalist

“O taylı-bu taylı diaspordan danışarkən əvvəlcə bilməliyik ki, o taylı diaspor kimdir, bu taylı diaspora kimdir. O taylı diaspora nəzər salsaq, indiki molla rejiminə qədərki dövrdə azərbaycanlıların xarici ölkələrə getmələri və orada diaspora çevrilmələrinin şahidiyik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Şöhrət Eldəniz deyib.

Ş.Eldəniz bildirib ki, şah rejimi dövründə gedən diasporun kifayət qədər maliyyə imkanları, kapitalı var və bu səbəbdən də kifayət qədər güclüdürlər:

“Təəssüf ki, onlar irançılıq ideologiyasının tərəfdarıdır. Bu baxımdan, İrandakı şah höküməti vəliəhdinin rəhbərliyi altında bir hərəkat başlatdılar və ətrafında kifayət qədər ciddi Azərbaycan fiqurları var idi. Vəliəhdin tərəfində olan farsların çoxlu kapitalı var. Ona görə də getdikləri ölkələrin siyasi-sosial həyatına adaptasiya olunublar və ciddi qurumlar yaradıblar”.

Jurnalist əlavə edib ki, hətta ABŞ-nin Bayden administrasiyasında kifayət qədər fars mənşəli diaspor nümayəndələri var. Onun sözlərinə görə, hətta BMT-də, Dövlət Departamentində siyasi mərkəzlərində diaspor üzvləri var, eləcə də televiziyaları, radioları mövcuddur. Orada irançılıq, şahçılıq tərəfdarı olan Azərbaycan nümayəndələrini də görə bilərik:

“Xarici ölkələrə üz tutan ikinci təbəqə mollalardan qaçıb can qurtarmağa çalışanlardır. Həmin milli fəalların kifayət qədər maliyyə imkanları yoxdur. Onlar diaspora fəaliyyətinə günün az hissəsində vaxt ayıra bilirlər. Təsəvvür edin ki, güneydən gedənlər arasında barmaqla sayılacaq qədər diaspor fəaliyyəti ilə məşğul olanlar var. Məsələn, Əhməd Obalının timsalında Günaz.TV-nin fəaliyyətini deyə bilərik. Onlar Güney Azərbaycan uğrunda mübarizə aparırlar. O cümlədən Jalə Təbrizli BMT-də yeganə nümayəndədir ki, “Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəridir”.

Müsahibimiz bu taylı diaspora gəlincə, onun yaşının azlığından, inkişafının zəif olmasından gileyləndi. Onun sözlərinə görə, ümumiyyətlə bizim diasporun yaşı elə
müstəqilliyimizin yaşı qədərdir.

“Azərbaycandan gedənlərin də diaspora fəaliyyəti üçün ciddi maliyyə qaynaqları, imkanları yoxdur. Həm də təmsil etdikləri, getdikləri ölkələrin ictimai-siyasi həyatına adaptasiya olunmayıblar. Yəni, ölkənin dini, siyasi mərkəzlərində, mediasında, dövlət qurumlarında təmsil oluna bilmirlər. Ermənilər yüz illərdir həmin ölkələrdə oxuyub, yaşayıb diaspor sahəsinə daxil olublar. Lakin bizimkilər hələ təzədir. Ona görə də xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına bütün hallarda dəstək vacibdir və lazımdır”, - deyə o, bildirib.

Ş.Eldəniz sonda qeyd edib ki, xaricdəki həmvətənlərimiz 44 günlük Vətən savaşında dəstək üçün insanları həm Avropada, həm Amerikada bir yerə cəm edə bildilər, ermənilərə qarşı aksiyalar keçirdilər:

“Erməni diasporunun güclü olduğu Los Angeles kimi şəhərdə azərbaycanlıların böyük aksiyaları, mübarizələri effekt verdi. Yəni deməyim odur ki, onların birgə fəaliyyəti elə həmin aksiyalarda da özünü göstərdi. Məsələn, güneylilərin Berlin aksiyasında da buna şahid olduq. Biz diaspor fəaliyyətini gücləndirmək və birgə fəaliyyət üçün onlara kömək olmalıyıq. Həmin ölkələrdəki dövlət qurumlarına inteqrasiya etmələrinə dəstək verməliyik. Azərbaycan diasporunun ermənilər və digər diaspor təşkilatları kimi aktiv, güclü olmasını gözləmək hələ tezdir”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...