Tarix: 20.09.2024 / 14:00
Tədbirlər diasporun ehtiyacları diqqətə alınmadan həyata keçirilir    - Politoloq

Tədbirlər diasporun ehtiyacları diqqətə alınmadan həyata keçirilir - Politoloq

“Diaspor sahəsində sistem başından doğru idarə edilməyib, qayğılar müxtəlifdir. Yeni təşkilatların inkişafı üçün isə bir az zamana ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, diaspora prosesi ciddi səmərəli idarəetmə, həm zamana ehtiyacı olan, həm də intellektual bacarıq tələb edən və hər bir ölkənin dinamikasını diqqətə alan proseslər məcmusudur:

“Bunların hər biri ayrı-ayrılıqda ciddi işlənib ortaya qoyulmalıdır. Zaman baxımından bizim bəzi neqativlərimiz var. İstər diaspora qurumları, istərsə də əlaqədar ölkələrdəki təşkilatlara diasporadan başı çıxmayan və ya öz ölkəsində yetərli, eləcə də səmərəli fəaliyyət göstərə bilməyən adamları cəlb ediblər. Amma son dövrlərdə bəzi səmərəli fəaliyyətlər var. Diqqəti cəlb edən ancaq tədbirlər keçirməkdir, bu əlavə xərcdir, effektli nəticə əldə olunmur”.

Nazim Cəfərsoy hesab edir ki, daha doğru təşkilatlanma modelinə, düzgün şəxslərin prosesə cəlb edilməsinə, ümummilli və bütünləşdirici yanaşmanın ortaya qoyulmasına və nəhayət hər ölkənin öz ehtiyacları diqqətə alınmalıdır:

“Burada yeni nəslin xüsusi olaraq ölkənin reallıqları kəsiyində dəstəklənməsinə ehtiyac var. Bu işlər çox zaman gərəkdirir, yavaş-yavaş, mərhələli doğru addımlar atmalıyıq”.

Politoloqun fikirincə, bu gün Azərbaycan diasporu ilə bağlı yanaşmalarda daha çox reklam xarakterli məsələlər önə çıxır:

“Keçirilən tədbirlərin əksəriyyəti yaxşı işlənilmədən, diasporun ehtiyacları diqqətə alınmadan həyata keçirilir. Halbuki proseslərin ciddi dəyərləndirilməsinə ehtiyac var”.

Jalə
Diaspora.TV



Şərhlər

Yaz...