Tarix: 21.10.2024 / 19:30
Nelson Mandelanın nəvəsi  Azərbaycanı niyə dəstəklədi?

Nelson Mandelanın nəvəsi Azərbaycanı niyə dəstəklədi?

"Bizim tədbirin keçirilməməsi üçün bir çox maneələr törədildi. Hətta bu günə kimi həyata keçirdiyim ən çətin tədbirlərdən biri idi. Buna rəğmən tədbirimiz çox uğurlu keçdi".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Norveçdə yaşayan soydaşımız, “CAN” Azərbaycan təşkilatının rəhbəri Şervin Nəcəfpur deyib.

Ş.Nəcəfpurun sözlərinə görə, 18 oktyabrda Oslo şəhərinin Litteraturhuset mərkəzində Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının birgə təşkilatçılığı ilə “COP29: Our Green Legacy For the Future” layihəsi keçirilib:

"Tədbirə Norveçin İqlim Nazirliyi tərəfindən rəsmi nümayəndələr gəldi. Norveçin Ekologiya və Ətraf Mühit Nazirliyinin siyasi müşaviri Kristoffer André Hansen çıxış edərək iki həftə öncə Pre-COP29-la bağlı Bakı səfərindən danışdı, Bakıda yüksək səviyyədə hazırlıq işlərinin görülməsi haqqında məlumat verdi. İzah etdi ki, iqlimlə bağlı necə addımlar atmaq lazımdır, Nazirliyin sözçüsü həmçinin səfər zamanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündən bəhs etdi. Çıxışçılar çox vacib məqamlara toxundu. Güney Afrikadan Nelson Mandelanın nəvəsi Ndileka Mandela çox vacib bir mesaj göndərdi. Ona yaşadığınız təxribatı izah etdim, və bizə dəstək oldu".

Ş.Nəcəfpur bildirib ki, tədbirdə Urmu gölünün qurudulması kimi vacib məqamlara da toxunulub:

"Norveçin Azərbaycana qarşı qərəzli yanaşması var. Buna rəğmən proqramımız uğurlu keçdi. Çıxış edənlər sırasında Avstraliyadan Mikayıl Oyta da var idi. Statistikalara nəzər yetirildi. Mikayıl Oyta illərdir ki, Avstraliyada Urmu gölünün qurudulması ilə bağlı araşdırmalar aparır. O da öz fikir və təcrübələrini bizimlə bölüşdü. Xanım Mandela, iqlim dəyişikliyi ilə bağlı hər kəsin səsini ucaltmasının nə qədər vacib olduğunu vurğulayan xüsusi videomüraciət etdi".

"İki jurnalist tərəfindən qarşı-qarşıya gəldiyimiz çoxsaylı boykot və təxribat çağırışlarına baxmayaraq, biz Osloda COP-29-u və iqlim dəyişikliyi ilə bağlı uğurlu tədbir keçirməyi bacardıq. Bu çox sevindiricidir, qürurvericidir. Layihənin ərsəyə gəlməsində maliyyə dəstəyinə görə, Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edirik. Eləcə də iştirak edən qonaqlara öz minnətdarlığımı bildirirəm, növbəti ay ölkəmizdə keçiriləcək COP-29 tədbirində vətənimizə uğurlar arzulayıram", -deyə cəmiyyət rəhbəri bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...