Tarix: 13.06.2024 / 13:05
Tədbirdə deyilənlər elə orada qaldı, söz verib üstündə durmadılar   - GİLEY

Tədbirdə deyilənlər elə orada qaldı, söz verib üstündə durmadılar - GİLEY

“Nə Almaniyadakı diaspordan, nə də Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir dəstək görməmişik. Onlar bizə qarşı saymamazlıq edir, dəfələrlə müraciətimizə baxmayaraq bizi görməzdən gəlirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyanın Hannover şəhərində yaşayan soydaşımız, Qocalar Evinin rəhbəri, iş qadını Sevda Yunusova deyib.

Onun sözlərinə görə, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətini öz hesabına maliyyələşdirir:

“Cəmiyyətimizdə 11 qadın var. Hamımız bir araya gəlib tədbirlər keçiririk. Maddi dəstək üçün Almaniyadakı diaspora dəfələrlə müraciət etdik, onlar bizi saymadı, görməzdən gəlib, yola verdilər. Onlar ümumiyyətlə niyə varlar başa düşə bilmirik, fəaliyyətləri sıfırdır”.

S.Yunusovanın sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə cəmiyyət üzvləri ilə birgə yaxından iştirak edib:

“Komitə rəhbəri Hannover şəhərinə gəlmişdi. Ona dedim ki, bizi tanıyırsınız? Dedi ki, “yox”. Dedim tanış olun, bu bizim cəmiyyətdir və biz burada çox fəalıq. Bir çox Azərbaycan təşkilatlarının etmədiyini biz öz hesabımıza etmişik. Almanlara Novruz bayramı haqqında məlumatı biz çatdırmışıq. Azərbaycan mədəniyyətini, musiqisini burada bizim cəmiyyət, xanımlarımız tanıdıb. Komitə sədrinə şəhərimizdə Azərbaycan evinin açılmasını təklif etdik və bu barədə bir tədbir də keçirildi. Lakin qərarımız elə orada qaldı, heç bir iş görülmədi. Həmçinin bizə qarşı çox diqqətsiz və laqeyd yanaşma oldu. Dediklərimiz də elə o tədbirdə qaldı. Sonra isə nə bizlə maraqlanan oldu, nə də Azərbaycan evi açıldı. Hətta Hacı Nuran da bura gəlib, bizimlə yaxından maraqlanıb və tədbirlərimizdə iştirak edib”.

Müsahibimiz əlavə edib ki, dəfələrlə Türkiyədə televiziya proqramlarına dəvət alıb, mükafatlara layiq görülüb, qəzetlərdə fəaliyyəti haqqında məqalələr dərc olunub:

“20 ildən çoxdur Almaniyada yaşayıram və artıq gələn il cəmiyyətimizin 10 ilini qeyd edəcəyik. Bu illər ərzində saysız-hesabsız tədbirlərimiz olub. Hamısını da şəxsi hesabıma həyata keçirmişəm. Nə dəstək görməmişik, nə də bir maraqlanan olmayıb. Yalan danışa bilmərəm, nə varsa, onu deyəcəm. Başa düşürəm ki, fəaliyyətimiz könül işidir, soydaşlarımız haqqında mənfi söz demək istəməzdim, ancaq heç bir fəaliyyəti olmayan şəxslərə dəstək olurlar, bizim kimi cəmiyyətlərlə maraqlanan yoxdur”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...